Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikasında həkimlərin davamlı tibbi təhsil sistemi tətbiq olunur

 

     Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilmişdir. Bu Qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədi ilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir.

 

     Davamlı tibbi təhsil– praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş təhsil prosesi olub, ali tibb təhsilini təsdiq edən sənədin verildiyi gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrü davam edir. 

 

     Davamlı tibbi təhsil təkmilləşdirmə kursları və toplanma sistemi metodlarından birgə yaxud ayrılıqda istifadə edilməklə həyata keçirilir və onun zəruri miqdarının hesablanması  davamlı tibbi təhsilin kreditləri vasitəsilə həyata keçirilir. Təkmilləşdirmə kursları Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən əyani və  distant formada keçirilir. Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə akkreditə olunmuş davamlı tibbi təhsil üzrə tədris yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir. 

 

     Sertifikasiyaya və ya təkrar sertifikasiyaya qədərki dövr (sertifikasiya dövrü) ərzində həkim hər il orta hesabla 48 kredit olmaqla minimum 240 kredit toplamalıdır. Sertifikasiya dövründə davamlı tibbi təhsilinin minimal zəruri miqdarının toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün mütləq şərtdir. Sertifikasiya dövrü ərzində toplanmış kredit vahidlərinin yekun hesablanması və təsdiqi mərkəzləşmiş qaydada Səhiyyə Nazirliyinin Sertifikasiya Şurası tərəfindən  həyata keçirilir. 

 

     Həkimin sertifikasiya dövrü ərzində davamlı tibbi təhsil üzrə fəaliyyəti onun tərəfindən tərtib olunmuş növbəti təqvim ilinə nəzərdə tutulmuş fərdi peşəkar inkişaf planı əsasında həyata keçirilir və təqvim ilinin başa çatmasından sonra peşəkar inkişafın illik hesabatında əks olunur.

 

     Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 27.09.2017-ci il tarixli 25 nömrəli qərarı ilə “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları” təsdiq edilmişdir. 

 

     “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları” Azərbaycan Respublikasının səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətləri və digər müəssisə və təşkilatları tərəfindən keçirilən davamlı tibbi təhsil üzrə tədris və elmi tədbirlərin, proqramların akkreditasiyasını tənzimləyir. Bu Qaydalarda tədbirlərin akkreditasiyası meyarları müəyyən edilmişdir. 

 

     Tədbirlərin akkreditasiyası − onların Qaydalarda müəyyən edilmiş həmin meyarlara uyğunluğunun müəyyən edilməsi və bu tədbirlərin müvafiq kredit sayı ilə təmin edilməsindən ibarət olub, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən həyata keçirliir. Akkreditasiya üçün müraciətlər Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsinin “Davamlı tibbi təhsil” bölməsinin müvafiq keçidi (“Tədbirlərin akkreditasiyası üçün müraciət”) vasitəsi ilə qəbul edilir.   

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..