Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
2.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2010-cu il
№ 276
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 4 iyun tarixli, 276 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında
Əsasnamə
1. Bu Əsasnamə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin (bundan sonra — "Sistem") məlumat resurslarının formalaşması və ondan istifadə qaydalarını müəyyən edir.
2. Sistem Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən öz səlahiyyətləri daxilində qaçqın statusu verilmiş şəxslər (bundan sonra — "qaçqınlar"), habelə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşları haqqında məlumatların toplandığı informasiya resursudur.
3. Sistem Azərbaycan Respublikasında mövcud olan digər informasiya resursları və sistemləri ilə uzlaşdırılır və inteqrasiya edilir.
4. Sistemin qurulması və istifadəsi prosesində milli informasiya resurslarının təhlükəsizliyinə dair tələblərə riayət olunur.
5. Sistemin informasiya resursları, habelə təminat, inteqrasiya və təhlükəsizlik vasitələri milli informasiya fəzasının tərkib hissəsidir və Azərbaycan Respublikasının mülkiyyətidir.
6. Sistem xüsusi təyinatlı dövlət resursudur. Sistemin əsas təyinatı miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətləri üçün zəruri informasiyanın təminatından, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir.
7. Sistem aşağıdakı altsistemlərdən ibarətdir:
7.1. "Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi";
7.2. "Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi";
7.3. "Qaçqın vəsiqəsi və yol sənədi";
7.4. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar";
7.5. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı və olduğu yer barədə məlumat";
7.6. "Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, xitam və bərpa";
7.7. "Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazə";
7.8. "Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşları barədə məlumatlar";
7.9. "Qanunsuz miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər və nəticələri";
7.10. "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında biometrik informasiya";
7.11. "Mərkəzi serverlər kompleksi, idarəetmə və mühafizə";
7.12. "İnformasiya mübadiləsi";
7.13. "Sorğu, təhlil, hesabat";
7.14. "Proqnozlaşdırma və monitorinq";
7.15. "Blanklar";
7.16. "Audit".
8. Sistem vasitəsilə aşağıdakı informasiya resurslarının formalaşdırılması təmin edilir:
8.1. əcnəbilər;
8.2. vətəndaşlığı olmayan şəxslər;
8.3. qaçqınlar;
8.4. Azərbaycan Respublikasında qaçqın statusu əldə etmək üçün müraciət etmiş şəxslər;
8.5. xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları;
8.6. blankların uçotu;
8.7. audit jurnalı.
9. Sistemin infrastrukturuna aidiyyəti dövlət orqanlarında və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarında quraşdırılan lokal seqmentlər daxildir.
10. Sistemin fəaliyyətinin təmin olunması və lazımi informasiya resurslarının formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti aşağıdakı vəzifələri həyata keçirir:
10.1. Sistemin mərkəzi serverlər kompleksinin idarə və mühafizə edilməsi;
10.2. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;
10.3. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;
10.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;
10.5. qaçqın vəsiqəsinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;
10.6. qaçqın statusu almış şəxslərə yol sənədinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;
10.7. Sistem vasitəsilə verilmiş müvafiq vəsiqələrin və digər sənədlərin qanunvericiliklə müəyyən edilmiş hallarda aktiv statusunun dəyişdirilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;
10.8. vətəndaşlıq əldə etmək, vətəndaşlığa bərpa və vətəndaşlıqdan çıxmaq üçün müraciət etmiş şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;
10.9. Azərbaycan Respublikasında daimi yaşama hüququ (immiqrant statusu) əldə etmək üçün müraciət etmiş və rədd cavabı almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;
10.10. Azərbaycan Respublikasında daimi yaşama hüququndan (immiqrant statusundan) qanunvericiliklə müəyyən olunmuş qaydada məhrum edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;
10.11. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə əldə etmək məqsədi ilə müraciət etmiş və rədd cavabı almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;
10.12. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;
10.13. ölkədə müvəqqəti olma müddətinin uzadılmasına dair müraciət etmiş, lakin rədd cavabı almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;
10.14. Azərbaycan Respublikasında qaçqın statusu əldə etmək üçün müraciət etmiş, lakin rədd cavabı almış şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;
10.15. qanunvericiliklə müəyyən olunmuş qaydada qaçqın statusu ləğv edilmiş şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;
10.16. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi və verilmiş fərdi icazələrin müddətlərinin uzadılması məqsədi ilə müraciətlərin öz rəyi ilə birgə Sistemə daxil edilməsi;
10.17. barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatların Sistemə daxil edilməsi;
10.18. Azərbaycan Respublikasına gəlişi müəyyən müddətə qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatların Sistemə daxil edilməsi;
10.19. miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;
10.20. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün razılığa dair məlumatın Sistemə daxil edilməsi;
10.21. Azərbaycan Respublikası vətəndaşlarının xaricdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün rəylərin Sistemə daxil edilməsi;
10.22. Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşayan, habelə müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatların Sistemə daxil edilməsi;
10.23. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aid biometrik məlumatlar üzrə informasiya resurslarının formalaşdırılması üçün məlumatların toplanması, identifikasiya işlərinin təşkili;
10.24. müəyyən olunmuş qaydada Sistemlə digər əlaqəli dövlət və beynəlxalq informasiya resursları arasında məlumat mübadiləsinin təşkil edilməsi;
10.25. Sistem çərçivəsində aidiyyəti dövlət orqanları arasında informasiya mübadiləsinin, o cümlədən yoxlama və razılaşdırma işlərinin elektron sənəd dövriyyəsi qaydasında təşkil edilməsi;
10.26. sorğu, təhlil və hesabat işlərinin mərkəzləşdirilmiş qaydada təşkil və təmin edilməsi;
10.27. Sistem çərçivəsində verilən sənəd blanklarının və bu blankların hərəkətinin uçotu;
10.28. sistemdaxili audit fəaliyyətinin təşkili və həyata keçirilməsi.
11. Aşağıdakı məlumatların Sistemə təqdim olunması təmin olunur:
11.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən:
11.1.0. Azərbaycan Respublikası vətəndaşlığına qəbul, xitam və bərpa məsələləri ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilən qərarlar barədə məlumatlar;
11.2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən:
11.2.0. müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşamaq üçün icazə və Azərbaycan Respublikası vətəndaşlığına qəbul, xitam və bərpa məsələləri ilə bağlı verilmiş rəylər, habelə qaçqın və immiqrant statusu verilməsi ilə bağlı aparılmış yoxlamalar nəticəsində əldə edilmiş məlumatlar;
11.3. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən:
11.3.1. barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında müvafiq qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədindən çıxışı barədə məlumatlar;
11.3.2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə vəsatətlə müraciət etmiş Azərbaycan Respublikasında qaçqın statusu almaq niyyətində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;
11.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən:
11.4.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən rəsmi qeydiyyatdan keçmiş təhsil müəssisələrində təhsil alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;
11.4.2. ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən əcnəbi professor-müəllim heyəti, mühazirəçilər və elmi-tədqiqat işləri aparan mütəxəssislər haqqında məlumatlar;
11.4.3. dövlət xətti ilə xaricdə təhsil alan Azərbaycan Respublikası vətəndaşları haqqında məlumatlar;
11.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən:
11.5.1. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi, müddətlərinin uzadılması və ləğv edilməsi barədə qərarlar;
11.5.2. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazə verilməsindən və uzadılmasından imtina barədə qərarlar;
11.5.3. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti üçün verilmiş, qüvvədə olma müddəti uzadılmış, fəaliyyəti dayandırılmış və ləğv edilmiş xüsusi razılıqlar (lisenziyalar) haqqında məlumatlar;
11.5.4. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilmiş hüquqi şəxslər haqqında məlumatlar;
11.5.5. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslərin vasitəçiliyi ilə xarici ölkələrdə işə düzələn Azərbaycan Respublikası vətəndaşları haqqında məlumatlar;
11.6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən:
11.6.1. Azərbaycan Respublikasında profilaktik, ambulator və stasionar müalicə alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;
11.6.2. yoluxucu xəstəliklər aşkar edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;
11.7. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən:
11.7.0. mehmanxanalarda, kempinqlərdə, turist bazalarında və ya digər bu kimi obyektlərdə qeydə alınan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;
11.8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən:
11.8.1. Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyata alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar;
11.8.2. hüquqi şəxsin təsisçisi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar.
12. Sistemin istifadəçiləri miqrasiya proseslərinin idarə olunmasında, habelə Sistemin informasiya resurslarının formalaşmasında iştirak edən dövlət orqanlarıdır.
13. Məlumat-axtarış işlərinin operativliyini və səmərəliliyini artırmaq məqsədi ilə informasiya sistemləri arasında qarşılıqlı informasiya mübadiləsinin yaradılması vasitəsilə Sistem Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri və "Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiya olunur. İnteqrasiya prosesində mübadilə edilən məlumatlar aşağıdakılardır:
13.1. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi tərəfindən təmin olunan məlumatlar:
13.1.1. ölkəyə gələn və ölkədən gedən şəxslərin sərhədkeçmə nəzarəti və qeydiyyatı haqqında, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasport və viza məlumatları;
13.1.2. sərhədkeçmə yoxlamasının, o cümlədən sərhədi keçən şəxslərin biometrik identifikasiyasının nəticələri haqqında;
13.1.3. sərhədkeçmə rejimini pozmuş, ölkə ərazisinə müxtəlif səbəblərdən buraxılmayan əcnəbilər haqqında;
13.1.4. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə verilmiş Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqələr barədə;
13.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilmiş şəxsiyyət vəsiqələri haqqında;
13.1.6. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilmiş dənizçinin şəxsiyyət sənədi haqqında;
13.1.7. Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmüş əcnəbilər haqqında;
13.1.8. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, məhkum olunmuş, habelə Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;
13.1.9. viza verilməsi ilə bağlı müvafiq sorğuların, viza əcnəbiyə dəvət əsasında verildikdə əcnəbini ölkəyə dəvət edən hüquqi və ya fiziki şəxslər haqqında, habelə verilmiş vizalar barədə, o cümlədən onların müddətlərinin bitməsi haqqında;
13.1.10. readmissiya üzrə sorğular, habelə onlara verilən cavablar barədə informasiya resursunda olan məlumatlar;
13.1.11. Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri haqqında;
13.1.12. Azərbaycan Respublikası vətəndaşlarına verilmiş şəxsiyyət vəsiqələri, ümumvətəndaş, xidməti və diplomatik pasportları haqqında;
13.1.13. Azərbaycan Respublikası vətəndaşlarının və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı haqqında;
13.1.14. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə verilmiş müvafiq vəsiqələrin, pasportların, vizaların və digər sənədlərin qanunvericiliklə müəyyən edilmiş hallarda aktiv statusunun dəyişdirilməsi haqqında;
13.1.15. şəxsin başqa fərdi məlumatlarla pasport və şəxsiyyət vəsiqəsi almaq, belə sənədlərdən istifadə etmək cəhdləri haqqında;
13.1.16. etibarsız hesab edilmiş, itmiş, oğurlanmış və saxtalaşdırılmış pasportlar, vəsiqələr haqqında;
13.1.17. xaricdə yaşayan Azərbaycan Respublikasının konsulluqlarında uçotda olan Azərbaycan Respublikası vətəndaşları haqqında;
13.1.18. miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar;
13.2. Sistem tərəfindən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə təqdim olunan məlumatlar:
13.2.1. miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;
13.2.2. Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;
13.2.3. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər haqqında;
13.2.4. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış, habelə immiqrant və qaçqın statusu almış şəxslər haqqında;
13.2.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması haqqında;
13.2.6. əcnəbilərin Azərbaycan Respublikasının ərazisində 30 günədək müddətdə olduğu yer (mehmanxana, kempinq, turist bazası və ya digər bu kimi obyektlər) üzrə qeydiyyatı haqqında;
13.2.7. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün razılıq haqqında;
13.3. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri tərəfindən təmin olunan məlumatlar:
13.3.1. fərdi identifikasiya nömrələri;
13.3.2. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq sənədlərin verilməsi ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarından zəruri məlumatlar;
13.3.3. Azərbaycan Respublikası vətəndaşları ilə nikaha daxil olmuş və yaxud nikahı ləğv edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;
13.3.4. qüvvədən düşmüş sənədlər haqqında;
13.3.5. miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar;
13.4. Sistem tərəfindən Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə təqdim olunan məlumatlar:
13.4.0. Azərbaycan Respublikasında daimi yaşamaq hüququ (immiqrant statusu) almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların yaşayış yeri üzrə qeydiyyata alınması haqqında.
14. Sistemin istismarı, inkişafı və təhlükəsizliyi, normativ tələblərə riayət olunmasına nəzarət edilməsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.
15. Sistemə yeni subyektlərin qoşulması barədə təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
16. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti texnoloji yeniliklər nəzərə alınmaqla Sistemin mütəmadi olaraq inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır və Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdıraraq tətbiq edir.
17. Sistemə daxil edilən məlumatların bu Əsasnamə ilə müəyyən olunmuş qaydada, vaxtında və düzgün verilməsi, təhlükəsizliyi aidiyyəti dövlət orqanları tərəfindən təmin edilir.
18. Sistemin komponentlərinin yerləşdiyi rejimli obyektlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqi, təşkilati və proqram-texniki vasitələrlə, səlahiyyətlərin bölünməsi və nəzarət sistemləri ilə mühafizə olunur.
19. Sistemdə yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşmış mühafizə vasitələrindən istifadə olunur.