Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Davamlı Tibbi Təhsil

Sual-cavab

 

1. Davamlı tibbi təhsilin məqsədi nədir?

Davamlı tibbi təhsilin məqsədi praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsi yolu ilə əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.

 

2. Davamlı tibbi təhsillə hansı müddətdə məşğul olmaq lazımdır?

Davamlı tibbi təhsil ali tibb təhsilini təsdiq edən sənədin verildiyi gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrü davam edir.

 

3. Davamlı tibbi təhsilin zəruri miqdarı necə hesablanır?

Davamlı tibbi təhsilin zəruri miqdarının hesablanması davamlı tibbi təhsilin kreditləri vasitəsilə həyata keçirilir.

 

4. Keçid dövrü hansı illəri əhatə edir?

Davamlı tibbi təhsilin tətbiqinin ilk 5 ili (2018-2022-ci illər) keçid dövrü hesab olunur.

 

5. Həkim keçid dövründə nə qədər davamlı tibbi təhsil krediti toplamalıdır?

Keçid dövründə həkim sertifikasiya dövrünün (həkimə sertifikasiya üzrə şəhadətnamənin verildiyi tarixdən 5 il müddətinə olan dövrün) hər ili üçün təkmilləşdirmə kursları və (və ya) toplanma sistemi metodları vasitəsi ilə minimum 48 davamlı tibbi təhsil krediti toplamalıdır.

 

6. Həkim davamlı tibbi təhsil kreditlərini necə toplaya bilər?

Praktiki tibbi fəaliyyətlə məşğul olan həkim Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən həyata keçirilən təkmilləşdirmə kurslarında iştirak etməklə və (və ya) toplama sistemi adı altında birləşdirilən digər davamlı tibbi təhsil (bundan sonra – DTT) fəaliyyətləri vasitəsi ilə öz davamlı tibbi təhsilini həyata keçirə bilər. Qeyd olunan DTT fəaliyyətləri aşağıda təsvir olunur:

 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən həyata keçirilən təkmilləşdirmə kurslarında iştirak

Həkim Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən həyata keçirilən təkmilləşdirmə kurslarında iştirak etməklə DTT kreditlərini toplaya bilər. İnstitut tərəfindən keçirilən həm modullar üzrə (1 modul 1 həftə tədris edilir), həm də tematik kurslardan DTT kreditləri toplamaq mümkündür. Cari tədris ilində təkmilləşdirmə kursları 2 həftəlik müddətdə keçirilir ki, bu kurslarda iştirakdan 60 kredit əldə olunur (təkmilləşdirmə kurslarında 1 həftə 30 kreditdir).

 Konqres, konfrans, simpozium, seminar, treninq və s. elmi və tədris tədbirlərində iştirak

Həkim konqres, konfrans, simpozium, seminar, treninq və s. elmi və tədris tədbirlərində iştirak etməklə DTT kreditlərini toplaya bilər. Belə tədbirlər istər respublikamızda, istərsə də xarici ölkələrdə keçirilir. Həkim həmin tədbirlərin DTT üzrə akkreditə edilmiş olmasından əmin olmalıdır.

Həkim ölkəmizdə akkreditə olunmuş tədbirlər barədə Səhiyyə Nazirliyinin rəsmi internet saytının “Davamlı tibbi təhsil” bölməsinin “Davamlı tibbi təhsil tədbirləri” keçidində (http://e-sehiyye.gov.az/az/e-sehiyye/drcabine) məlumat əldə edə bilər. BMT-nin təşkilatları, beynəlxalq səviyyədə DTT üzrə akkreditasiya olunmuş təşkilat və müəssisələr tərəfindən bilavasitə, yaxud onların təşkilatçılığı ilə Azərbaycan Respublikasında, yaxud xarici dövlətdə keçirilən tədbirlər, nazirlik tərəfindən akkreditasiya olunmuş DTT tədbirləri kimi tanındığından, həmin tədbirlərdə iştirakla da həkim DTT kreditlərini əldə edə bilər. Səhiyyə Nazirliyinin göndərişi ilə MDB ölkələrinin tibbi elmi mərkəzlərində, elmi-tədqiqat institutlarında, diplomdan sonrakı təhsil müəssisələrində kurs, təlim, təcrübə keçən həkimlərin kreditləri də DTT kreditləri kimi qəbul edilir. Ölkədə və xaricdə keçirilən DTT üzrə akkreditə olunmuş konqres, konfrans, simpozium, seminar, treninq və s. elmi və tədris tədbirlərdə iştirak etmiş həkimə həmin tədbirlərin 1 akademik saatına (1 akademik saat = 45 dəqiqə) 1 kredit, tədbir zamanı şifahi və ya əyani prezentasiyaya görə əlavə olaraq 5 kredit verilir. Məsələn, həkim müddəti 18 akademik saat olan tədbirdə iştirakdan 18 kredit əldə edəcəkdir. Əgər o, həmin tədbirdə məruzə edibsə, əlavə 5 kredit əldə edərək, cəmi 23 kredit toplaya biləcəkdir.

 Distant kurslarda iştirak

Həkim distant kurslardan keçməklə DTT kreditləri əldə edə bilər. Həkim bu kursların DTT üzrə akkreditə olunduğundan əmin olmalıdır. Hal-hazırda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən distant kurslar təşkil edilir. Həmin kursları keçmək üçün institutun saytında (http://www.adhti.edu.az/) “Distant təhsil” portalına daxil olmaq lazımdır. Bundan əlavə Britaniya Tibb Jurnalının istifadəçisi olan həkim “BMJ Learning” adlı distant kurs resursundan istifadə edə bilər. Həkim distant kurslardan ildə ən çoxu 12 kredit toplaya bilər. Yəni hesabat ili ərzində distant kurslardan 12-dən çox toplanmış kreditlər nəzərə alınmayacaqdır.

 Təcrübə keçmək

Həkim yeni diaqnostika və müalicə metodlarını, tibb texnologiyaları və texnikasını mənimsəmək məqsədi ilə istər ölkədə, istəsə də xaricdə yerləşən tibb müəssisəsində ixtisas üzrə təcrübə keçməklə DTT kreditlərini əldə edə bilər.

Təcrübə üzrə 1 iş gününə 1 kredit verilir və hesabat dövrü ərzində maksimum 24 kredit hesablanır. Yəni həkim 30 gün təcrübə keçibsə, hesabat ilində buna görə yalnız 24 kredit əldə edəcəkdir.

 İxtisas üzrə mütaliə, audiovizual dinləmələr

Həkim ixtisas üzrə elmi məqalələrin, tibbi ədəbiyyatın mütaliəsindən, audiovizual dinləmələrdən kreditlər əldə edə bilər. Britaniya Tibb Jurnalının istifadəçisi olan həkimlər “BMJ Best Practise” resursundan mütaliə mənbəyi kimi istifadə edə bilərlər. Nəşrin 30 səhifəsinə, audiovizual dinləmələrin isə 6 saatına 1 kredit hesablanır. Mütaliə yaxud audiovizual dinləmələrə görə hesabat ilində maksimum 5 kredit hesablanır.

 İxtisas üzrə fəlsəfə doktoru və ya tibb elmləri doktoru elmi dərəcəsi

Həkim ixtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsi ilə əlaqədar fəaliyyətinə görə 48 kredit, tibb elmləri doktoru elmi dərəcəsi ilə əlaqədar fəaliyyətinə görə isə 60 kredit əldə edə bilər. Kreditlər elmi işin tamamlandığı vaxta uyğun olan sertifikasıya dövrü üzrə bir dəfə hesablanır.

 Nəticələri dərc olunmuş ixtisas üzrə elmi fəaliyyət

Beynəlxalq resenziyalı və ya Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş jurnallarda, elmi məcmuələrdə, elmi dövri mətbuatda, elmi tədbirlərin nəşrində, qeydiyyatdan keçmiş elmi elektron nəşrlərdə nəticələri dərc olunmuş ixtisas üzrə elmi fəaliyyətinə görə birinci müəllif - 6 kredit; həmmüəllif(lər) - 3 kredit əldə edir. Kreditlər məqalənin tarixinə uyğun olan hesabat ili üzrə bir dəfə hesablanır.

 Yeni metodların işlənib hazırlanması

Tibbi yardım göstərilməsinin, diaqnostikanın, müalicənin, tibbi texnologiya, yaxud texnikanın yeni metodlarının işlənib hazırlanmasına görə həkim 60 kredit əldə edir.

 İxtisas üzrə tədris və metodik vəsaitlərin hazırlanması

İxtisas üzrə milli rəhbərliyin, dərsliyin, tədris vəsaitinin, metodik rəhbərliyin (vəsaitin) və tövsiyənin, monoqrafiyanın, təhsil proqramının (kurikulumun) hazırlanmasına görə həkim DTT kreditlərini aşağıdakı cədvələ uyğun olaraq əldə edir:

 

 

İxtisas üzrə milli rəhbərliyin hazırlanması

Birinci müəllif – 60 kredit; həmmüəllif(lər) – 36 kredit; fəslin müəllifi – 24 kredit; elmi redaktor – 36 kredit; rəyçi(lər) – 12  kredit

İxtisas üzrə dərsliyin hazırlanması

Birinci müəllif – 48 kredit; həmmüəllif(lər) – 24 kredit; fəslin müəllifi – 18 kredit; elmi redaktor – 24 kredit; rəyçi(lər) – 12 kredit

İxtisas üzrə tədris vəsaitinin hazırlanması

 

Birinci müəllif – 24 kredit; həmmüəllif(lər) – 12 kredit; fəslin müəllifi – 6 kredit;   elmi redaktor – 12 kredit; rəyçi(lər) –3 kredit

İxtisas üzrə metodik rəhbərliyin (vəsaitin) və tövsiyənin hazırlanması

Birinci müəllif – 24 kredit; həmmüəllif(lər) –12 kredit; elmi redaktor – 12 kredit; rəyçi(lər) – 3 kredit

İxtisas üzrə monoqrafiyanın yazılması

24 kredit

İxtisas üzrə təhsilproqramının (kurikulumun) hazırlanması

Birinci müəllif – 24 kredit; həmmüəllif – 12 kredit; elmi redaktor – 12 kredit; rəyçi –3 kredit

 

 

 Tibb təhsilində pedaqoji fəaliyyət

Tibb təhsili, o cümlədən ixtisas üzrə həkimləri təkmilləşdirmə proqramları çərçivəsində dərs verilməsinə görə 12 akademik saata 1 kredit hesablanır.

 Rezident(lər)in işinin və tibb təhsili alan tələbələrin yay təcrübələrinin kurasiyası

İl ərzində bir rezidentin işinin kurasiyasına görə 6 kredit, tibb təhsili alan tələbələrin yay təcrübələrinin kurasiyasına görə hesabat ilində 5 kredit verilir.

 DTT çərçivəsində tədris aparmaq

Ölkədə, xarici və ya beynəlxalq səviyyədə akkreditə olunmuş DTT proqramları çərçivəsində ixtisas üzrə seminarların, treninqlərin aparılması və digər tədris fəaliyyətinin həyata keçirilməsinə görə 6 akademik saata 1 kredit hesablanır.

 

 

7. Kreditlərin hesablanması və təsdiqi necə həyata keçirilir?

Kreditlərin hesablanması aşağıdakı qaydada həyata keçirilir:

 hesabat ilində toplanmış kreditlər həkimin fərdi peşəkar inkişafının illik hesabatında əks etdirilir, kreditlərin hesablanması elektron sistem tərəfindən aparılır;

 fərdi peşəkar inkişafın illik hesabatı həkimin işlədiyi müəssisənin rəhbəri tərəfindən təsdiq olunur.

 

8. Həkim davamlı tibbi təhsil fəaliyyətini necə sənədləşdirməlidir?

Həkimin sertifikasiya dövrü ərzində davamlı tibbi təhsil (bundan sonra - DTT) üzrə fəaliyyəti onun tərəfindən tərtib olunmuş növbəti təqvim ilinə nəzərdə tutulmuş fərdi peşəkar inkişaf planı (bundan sonra – plan) əsasında həyata keçirilir. Həkimin sertifikasiya dövrü ərzində DTT üzrə fəaliyyəti isə peşəkar inkişafın illik hesabatında (bundan sonra – hesabat) əks olunur.

Planın və hesabatın tərtibi və təsdiqi elektron məlumat sistemi vasitəsilə həyata keçirilir.

Plan və hesabatın tərtibi üçün hər bir həkimin “Elektron səhiyyə” saytında (http://e-sehiyye.gov.az/) hesabı olmalıdır. Hesabı yaratmaq üçün həkim həmin saytda “Qeydiyyat” bölməsində öz şəxsi məlumatlarını daxil edib qeydiyyatdan keçməlidir. Həmin saytda qeydiyyatı mövcud olan həkimin “Elektron səhiyyə”nin saytında “E-Xidmətlər”in siyahısındakı sayca 42-ci xidmətdən, yəni “Həkimlər üçün davamlı tibbi təhsil kabineti” adlı xidmətdən istifadə etmək imkanı yaranır.

Bu xidmətdən istifadə etmək üçün həkim linkə daxil olub, uyğun ilə aid fərdi peşəkar inkişaf planına məlumatları daxil edir. Bu zaman peşəkar inkişafın illik hesabatı da formalaşır. Yəni plana daxil edilmiş məlumatlar əsasında hesabat avtomatik yaranır. Həkim DTT fəaliyyətini sübut edən təsdiqləyici sənədləri hesabatın müvafiq hissələrinə daxil edir. Mütaliə, audiovizual dinləmələrin sübutu üçün təsdiqləyici sənəd tələb olunmur.

Eyni zamanda Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olunmuş tədbirləri və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən keçirilən kursları plana ümumi siyahıdan seçib daxil etmək imkanı möcvud olduğundan, həkimin İştirak etdiyi həmin tədbirlərdən və kurslardan əldə etdiyi kreditlər avtomatik olaraq hesabata oturur. Bu səbəbdən tədbirlərlə bağlı hesabata təsdiqləyici sənəd əlavə etməyə ehtiyac olmur.

Həkimlərə 2018-ci ilin əvvəlindən hal-hazıradək iştirak etdikləri tədbirləri cari ilin sonunadək plana daxil etmək imkanı verilmişdir.

Həkimin planı və hesabatı elektron məlumat sistemi vasitəsi ilə müəssisənin rəhbəri tərəfindən təsdiq olunur.

 

9. Davamlı tibbi təhsil üzrə ayrı-ayrı fəaliyyətlərin kredit miqdarı nə qədərdir barədə məlumatı haradan əldə etmək olar?

Təkmilləşdirmə kurslarının və toplanma sisteminə daxil olan tədbirlərin kredit ekvivalenti və həmin kreditlərin təsdiqlənməsi üçün tələb olunan sənədlər “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları”nın 1 nömrəli əlavəsində verilmişdir.

 

10. Davamlı tibbi təhsil üzrə tədris və elmi tədbirlərin akkreditasiyası nə deməkdir və hansı qurum tərəfindən həyata keçirilir?

Tədbirlərin akkreditasiyası − onların “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları”nda müəyyən edilmiş meyarlara uyğunluğunun müəyyən edilməsi və bu tədbirlərin müvafiq kredit sayı ilə təmin edilməsindən ibarət olub, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən həyata keçirliir.

 

11. Təşkilat və müəssisələr tədbirlərin akkreditasiyası üçün necə müraciət etməlidirlər?

Akkreditasiya üçün müraciətlər Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsinin “Davamlı tibbi təhsil” bölməsinin müvafiq keçidi (“Davamlı tibbi təhsil tədbirlərinin akkreditasiyası üçün müraciət”) vasitəsi ilə qəbul edilir.

 

 

 

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..