"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu
Bu Qanun müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və (və ya) toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir.
Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
insan orqan və (və ya) toxumalarının transplantasiyası (bundan sonra "transplantasiya") – insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsi;
insan orqan və (və ya) toxumaları - şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik struktur vahidi;
donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxs;
resipiyent - müalicə məqsədilə orqan və (və ya) toxumalar köçürülən şəxs.
Ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər. Bu Qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embriona), eləcə də qan və onun komponentlərinə şamil edilmir.
Transplantasiya haqqında Azərbaycan Respublikasının qanun-vericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə bu Qanunun müddəalarından fərqli müddəalar müəyyən olunarsa, həmin dövlətlərarası müqavilələr tətbiq edilir.
və şərtləri Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır. Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsi qadağandır. Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi qadağandır. Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsi yolverilməzdir. Hər hansı şəxsi orqan və (və ya) toxumaların götürülməsinə məcbur edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Digər tibbi üsullarla və meyit orqan və (və ya) toxumaları vasitəsi ilə insan həyatının saxlanması və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə donordan orqan və (və ya) toxumalarının transplantasiyasına yol verilir. Donordan orqan və (və ya) toxumaların götürülməsi mütəxəssis-həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir.
Orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır. Bu müəssisələrin siyahısı, orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Transplantasiyanın zəruriliyi barədə tibbi qərar müvafiq tibb müəssisəsində müalicə həkimi, cərrah, anestezioloq və lazım gələrsə, digər mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qəbul edilir.
Transplantasiya yalnız resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı gözlənilən ağırlaşmalar haqqında ona məlumat verilir. Resipiyent 18 yaşına çatmamışsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən razılıq verilir. Resipiyentin həyatı təhlükədə olarsa, istisna hal kimi onun özünün, valideynlərinin və qanuni nümayəndəsinin razılığı alınmaya bilər.
Şəxs sağlığında donorluğa yazılı razılığım bildirərsə, ölümün-dən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.
Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yalnız həkimlər konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını ("beyin ölümünün") təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər. Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliy-yət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.
Meyitdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə bu Qanunun 9-cu və 10-cu maddələrinin tələbləri əsasında tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir. Meyitdə məhkəmə-tibb ekspertizası zəruridirsə, orqan və (və ya) toxumaların götürülməsinə icazə prokuroru xəbərdar etməklə, yalnız məhkəmə-tibb eksperti tərəfindən verilə bilər.
Donordan orqan və (və ya) toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:
donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır;
donor kənar təsirlər olmadan orqan və (və ya) toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir; donorun hərtərəfli tibbi müayinədən keçməsi və həkim-mütəxəssislər tərəfindən ondan orqan və (və ya) toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır;
orqan və (və ya) toxumalarının götürülməsi nəzərdə tutulan donorun resipiyentlə genetik uyarlığı müəyyən olunmalıdır (sümük iliyindən başqa).
Donorun hüquqları aşağıdakılardır:
orqan və (və ya) toxumaların götürülməsi nəzərdə tutulan tibb müəssisəsindən planlaşdırılan tibbi əməliyyatla bağlı gözlənilən ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq;
bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müalicə və reabilitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq;
donorluqla əlaqədar əlil olarsa, qanunvericiliyə uyğun olaraq pensiya almaq.
Orqan və (və ya) toxumalarının köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.
Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və (və ya) toxumalardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlıqmda bərpaolunmaz pozğunluqlar yaranmasın.
Donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağandır. Bu məlumatları yayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Transplantasiyaya aid reklama qanunvericilikdə müəyyən olunmuş qaydada yalnız tibb və əczaçılıq sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilir.
İnsan orqan və (və ya) toxumaları alqı-satqı obyekti ola bilməz. Onların alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qanunun bu müddəaları toxuma komponentlərindən hazırlanmış köçürmə materiallarına və preparatlara şamil edilmir.
Transplantasiya zamanı orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları pozularsa və bununla əlaqədar donorun və resipiyentin sağlamlığına zərər vurularsa, müvafiq tibb müəssisəsi qanun-vericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
Transplantasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Heydər Əliyev
Azərbaycan Respublikasıının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 1999-cu il