Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi tam gücü ilə Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarına hazırlaşır

Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti - cənab İlham Əliyevin rəhbərliyi altında idman sahəsinin inkişafı milli prioritet məsələlərindən birinə çevrilmişdir. Bu fəaliyyətin nəticəsi kimi 2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsini böyük tarixi hadisə və ölkəmizin böyük uğuru kimi səciyyələndirmişdir.

Bu Oyunları yüksək səviyyədə keçirmək məqsədilə cənab prezidentin sərəncamı ilə ilk Avropa Oyunlarının Təşkilat Komitəsi yaradılmış və Mehriban xanım Əliyeva Təşkilat komitəsinin sədri təyin edilmişdir. Təşkilat Komitəsinə dövlət qurumlarının nümayəndələri, Milli Olimpiya Komitəsinin üzvləri, idmançılar, ictimai sahədə fəaliyyət göstərən tanınmış şəxslər seçilmişdir.

Avropa oyunları Yay olimpiya oyunları kimi çoxşaxəli və mürəkkəb bir tədbir olacaqdır. Hazırlıq mərhələsinin qısa müddətli olmasına baxmayaraq,oyunların təşkilinə cəlb olunmuş bütün dövlət qurumları, o cümlədən, səhiyyə sektoru da buna böyük önəm verərək uğurlu nəticələrə doğru irəliləyir.

Bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də mühüm geniş miqyaslı hazırlıq işləri həyata keçirilir. İlk Avropa oyunlarının miqyasını, gözlənilən qonaqların sayını nəzərə alaraq bu möhtəşəm tədbir zamanı qonaqların və yerli əhalinin sağlamlığının qorunmasının yüksək səviyyədə təmin edilməsi üçün respublikanın səhiyyə sisteminin üzərinə böyük məsuliyyət düşür. Səhiyyə Nazirliyinin sərəncamı əsasında Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi komitə yaradılmışdır və o, Avropa Oyunları Təşkilat Komitəsi ilə sıx əlaqədə fəaliyyət göstərir.

Səhiyyədə hazırlıq demək olar ki, səhiyyənin bütün sahələrini, o cümlədən ümumi sanitar-gigiyenik durum, tibb ocaqları, tibbi kadrlar, tibbi avadanlıq və ləvazimat və s.-ni əhatə edir,və əsasən 2 istiqamətdə cəmləşir - tibbi yardımın təşkili və sanitar-epidemik əmin-amanlığın təminatı. Tibbi yardımın təşkili dedikdə, burada xüsusiləşdirilmiş tibb müəssisələrinin yaradılması (olimpiya kəndində xüsusiləşdirilmiş poliklinik xidmətlərin təşkil edilməsi), yeni yaradılmış və mövcüd tibb müəssisələrinin beynəlxalq standartlara uyğun avadanlıqla təchiz edilməsi, tibbi kadrların hərtərəfli hazırlanması və nəhayət Təcili Tibbi Yardımın yüksək səviyyədə təşkili nəzərdə tutulur.

Əlbəttə, Təcili Tibbi Yardımın təşkili böyük əhəmiyyət kəsb edir, çünki, səhhəti ilə bağlı kəskin problemi olan şəxslər əksər hallarda ilk olaraq təcili yardım heyəti ilə təmasda olur və nəticədə xəstələnmiş və ya zərərçəkən şəxsin sağlamlığının sonrakı vəziyyəti məhz bu mərhələdən daha çox asılı olur. Belə ki, Avropa Oyunları zamanı yarışlar keçirildiyi bütün məkanlarda - qonaqların qaldığı otellərdə, olimpiya şəhərciyində və kütləvi tədbirlər keçirildiyi yerlərdə təcili yardım briqadalarının növbətçilik çəkməsi nəzərdə tutulmuşdur.

Buna görə də Təcili yardım xidmətlərinin təşkilinə xüsusi diqqət ayrılır. Qonaqlara və Azərbaycan vətəndaşlarına yüksək səviyyəli təcili yardım xidmətlərinin təmin edilməsi məqsədilə bu yaxınlarda müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz olunmuş yeni Mersedes markalı TTY avtomobillərinin istismara verilməsi nəzərdə tutulmuşdur.

Avropa Oyunlarının Təşkilat Komitəsinin tələblərinə əsasən TTY xidmətlərinə cəlb olunmuş bütün tibbi personal xüsusi təlimlərdən (“BLS” - Basik Life Support / Əsas Reanimasion Tədbirlər və “ACLS” - Advansed Cardiac Life Support / Təkmilləşmiş Ürək Reanimasiyası) keçməlidir, dünyanın qabaqcıl ölkələrində qəbul olunmuş və beynəlxalq standartlara uyğun bilik və vərdişlərə malik olmalıdır. Bu məqsədlə Səhiyyə nazirliyinin köməkliyi ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təlim mərkəzinin nəzdində dünyada təcili tibbi yardım standartları üzrə təlimlərin təşkili və protokolların hazırlanması ilə tanınan Amerika Ürək Assosiasiyasının (American Heart Assosiation - AHA) nümayəndəliyi vasitəsilə xüsusi təlimçilər hazırlanmış və təlim kursu yaradılmışdır. Təşkil olunmuş təlim və məşqlərə 400-ə yaxın təcili yardım işçilərinin cəlb olunması və onların AHA beynəlxalq sertifikata malik olması nəzərdə tutulmuşdur.

Onu qeyd etmək lazımdır ki, Avropa oyunları zamanı on mindən çox xarici qonaqların gəlməsi gözlənilir. Buna görə də tibbi biliklərin təkmilləşdirilməsi ilə yanaşı təcili tibbi yardım xidmətlərinə cəlb olunmuş həkimlər üçün ingilis dili kursları da təşkil edilmişdir.

Əminliklə qeyd edə bilərik ki, görülən bütün bu tədbirlər oyunlarının müvəffəqiyyətlə keçirilməsinə böyük zəmin yaradacaqdır. İlk Avropa Oyunlarının keçirilməsi nəinki ölkənin, həmçinin bütün dünyanın idman tarixinə yeni səhifə kimi daxil olacaq.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11/02/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..