Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İSİM “Sağlam məktəb” layihəsini həyata keçirilir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə “Sağlam məktəb” layihəsi həyata keçirilir. Layihənin ilkin mərhələsində 2014-cü ilin noyabr-dekabr aylarında İSİM tərəfindən uşaqların icbari dispanserizasiyası ilə bağlı Bakıda 6-10-cu sinif şagirdləri, valideynlər və pediatrlar arasında sorğu keçirilib və sorğu nəticələrinin təhlili aparılıb.

 

Hazırda isə layihə çәrçivәsində ölkə üzrə seçilmiş 34 pilot məktəbdə sağlam həyat tərzinin tәdrisi vә tәbliği, həyat boyu faydalı olacaq vərdişlərin aşılanmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, şagirdlər arasında həyat tərzi ilə bağlı xəstəliklərin profilaktikasına dair Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırladığı, habelə Avropa və MDB ölkələrində geniş tətbiq edilən innovativ texnologiyaların və təlim-tədris metodikalarının yiyələndirilməsinə xüsusi yer ayrılıb.

 

İlkin olaraq hədəf kimi 2, 5 və 7-ci sinif şagirdləri seçiliblər ki, onların arasında sağlam həyat tərzi aparmaqda vacib sayılan risk faktorları araşdırılaraq aradan götürülməsi üçün tədbirlər görüləcək. Pilot məktəblərdə səhər gimnastikası proqramının tətbiqi məqsədilə müəllim heyəti təlimatlandırılır və bu prosedurun şagirdlərin sağlamlığında nə qədər vacib rol oynaması haqqında məlumatlar veriləcək. Məktəbdə müəllim-şagird-valideynlər arasında sağlam həyat tәrzi, fiziki aktivlik, hipodinamiya vә piylәnmənin qarşısının alınması, sağlam qidalanmanın təbliği, ağız boşluğunun gigiyenası, reproduktiv və ümumi gigiyenanın tәmin edilməsi üçün bilik vә bacarıqların aşılanması, zәrәrli vərdişlərin profilaktikasına dair seminar, təlimlər və açıq dərslərin keçirilməsi nəzərdə tutulub ki, bu da valideyn-şagird münasibətlərinə müsbət təsir göstərəcəkdir. Həmin mövzular üzrə didaktik və metodik vəsaitlər, o cümlədən audio-vizual materiallar hazırlanıb və seçilmiş məktəblərdə onların tətbiqi həyata keçiriləcək.

Layihə çərçivəsində Təhsil Nazirliyi, İSİM və Azərbaycan Tibb Universitetinin (ATU) mütəxəssislərindən ibarət qrup tərəfindən ayrıca olaraq məktəbli uşaqların, valideynlərin, məktəb tibb işçiləri və müəllimlərin maarifləndirilməsi, onlar arasında müvafiq vərdiş və yanaşmaların aşılanması üçün təlim və dərslərin proqramı/kurikulum, maarifləndirmə və təlim materialları, təlimatlar hazırlanır. Məktəbli uşaqlar üçün HTX (həyat tərzi ilə bağlı xəstəliklər) mövzularına dair tədris üçün sinifdə və evdə yerinə yetirilməsi nəzərdə tutulan tapşırıqlar, rol oyunları üçün keyslər və s. hazırlanır.

Valideynlərlə uşaqların birgə fəaliyyətini dəstəkləyəcək oyunlar, idman və fiziki aktivliyi artıran məktəb və icma əsaslı digər tədbirlərin metodologiyası və keçirilməsinə dair təlimatlar üzrə də iş aparılır.

 

Sağlam qidalanmaya dair vəziyyətin qiymətləndirilməsi məqsədilə “Mənim 5 günlük Qidalanma Rejimim” adı altında ev tapşırığının metodologiyası tərtib olunub. Uşaqların sağlam qidalanması üçün yaşlara əsasən qidalanma/pəhriz təlimatı, o cümlədən evdə və məktəbdaxili naharın tərkibinə dair tövsiyələr hazırlanır. Qida məhsullarının üzərində etiketlərin oxunması, onların kalori və s. tərkibinin öyrənilməsi məqsədilə praktik məşğələlər və evdə valideynlərlə birgə yerinə yetirilməsi tələb olunan tapşırıqlar hazırlanacaq. Bu prosesdə milli gigiyenistlər və dietoloqlar iştirak edəcək və inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə ediləcək.

 

Bununla yanaşı, 2 nömrəli Bakı Baza Tibb Kollecində məktəbdə işləyən və ya gələcəkdə işləyəcək tibb bacılarının hazırlanması, yenidən hazırlanması və təkmilləşdirilməsinə dair müasir standartlar və tələblərə uyğun dərs planı və metodik vəsaitin İSİM tərəfindən hazırlanması/təkmilləşdirilməsi nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

10/09/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->