Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin “9103-Qaynar xətt” xidmətinə daxil olan hər bir müraciət öz həllini tapır

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinə dövlət təminatının gücləndirilməsi və yüksək səviyyədə təşkili, səhiyyə və tibb sahəsini əhatə edən idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində “Qaynar xətt” xidməti fəaliyyət göstərir. Səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, modern, çevik, dövlət orqanının fəaliyyətində şəffaflığın artırılması, əhaliyə vaxt itkisinə yol vermədən müraciətlərinin həlli baxımından bu xidmətin yaradılması çox mühüm məsələlərdəndir. Əhali ilə birbaşa əlaqə qurmaq, onların tibb müəssisələrinin fəaliyyəti barədə suallarını operativ cavablandırmaq, vətəndaş müraciətlərinin qısa müddət ərzində həll olunmasını təmin etmək məqsədi ilə yaradılmış “Qaynar xətt” xidməti Səhiyyə Nazirliyində 2011-ci ildən “9103” əlaqə xidməti ilə istifadəyə verilmişdir.

 

Səhiyə Nazirliyi digər dövlət qurumları kimi öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer ayırır. Bu baxımdan, vətəndaşları dövlət xidmətlərinə daha da yaxınlaşdıran, onlara daha da effektiv xidmət göstərmək məqsədi 2014-cü ildə Səhiyyə Nazirliyinin digər elektron resursu “Elektron Səhiyyə” xidməti istifadəyə verildi.

 

“Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinin iş rejimi gün ərzində vətəndaşların daxil olmuş müraciətlərini cavablandırmaq, onların qısa vaxt ərzində həllinə yönəlmişdir. Ölkənin istənilən bölgəsindən vətəndaşın zəngi, habelə müraciəti Səhiyyə Nazirliyinin bütün şöbələri və strukturları ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən peşəkar həkimlərdən ibarət operatorlar tərəfindən diqqətlə dinlənilir. Mövzuya dair ətraflı məlumat topladıqdan sonra dərhal məsələnin həlli üçün zəruri addımlar atılır. Zəruri hallarda “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətinə müraciətlər operatorlarla yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırılır.

 

Müşahidələrə görə, vətəndaş müraciətləri sırasında səhiyyə müəssisələrinin fəaliyyətinə dair məlumat, yeni yaşayış yeri üzrə poliklinikada qeydiyyat, tibbi arayışın alınması və s. bu kimi müraciətlər üstünlük təşkil edir. Bəzi hallarda vətəndaşlar səhiyyə müəssisəsələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsinin qənaətbəxş olmaması barədə də məlumat verirlər. Belə olan halda “Qaynar xətt”in əməkdaşları dərhal səhiyyə müəssisəsi ilə əlaqə saxlayır vətəndaşın müraciəti barədə məlumat verir, məsələni araşdırır.

Əksər hallarda vətəndaşlar səhiyyə müəssisələrinin fəaliyyət proseduru, qaydalar barədə məlumatsız olduqları aşkar edilir və müraciət qısa müddət ərzində həll edilir. Ehtiyac olduqda müraciətin dəqiqləşdirilməsi məqsədi ilə xüsusi komissiya yaradılır yaxud da aidiyyəti üzrə digər dövlət qurumlarının tabeliyində olan müəssisələrə yönəldilir. Səhiyyə Nazirliyinin “Qaynar xətt” və “Elektron Səhiyyə”xidmətinə daxil olan hər bir vətəndaş müraciəti ilk zəng daxil olduğu andan, məsələ həll edilənədək nəzarətdə saxlanılır və öz həllini tapır.

Statistik rəqəmlərə nəzər salsaq, qeyd etmək olar ki, 2015-ci ilin keçən dövrü ərzində “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinə 28 mindən artıq müraciət daxil olmuşdur. Müraciətlərin yalnız 13%-ni səhiyyə müəssisəsələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil etmişdir. İstənilən halda müraciətlər diqqətlə təhlil olunur, ətraflı araşdırmalar aparılır və zərurət olduqda tibb işçisi barəsində ciddi tədbirlər görülür. Vətəndaş müraciətləri əsasında aparılmış yoxlamalar nəticəsində 2015-ci il ərzində səhiyyə sistemində çalışan 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görülmüşdür.

 

“Qaynar xətt” xidmətinə müxtəlif səpkidə müraciətlər daxil olur. Misal üçün, həkim resepti əsasında yazılmış istənilən dərman preparatının imtiyazlı qruplara daxil olduğunu bildirir. Araşdırmadan sonra bunun yanlış olduğu üzə çıxır. Belə olan halda vətəndaşa dövlət tərəfindən təsdiq olunmuş və Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş müvafiq siyahı barədə zəruri məlumat verilir. Yaxud da “Qaynar xətt” xidmətinə müraciət edib aptek müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) üçün sənədlər toplusunu soruşurlar. Bəzən də sadəcə olaraq “Qaynar xətt”ə zəng edib təşəkkürlərini bildirirlər.

“Qaynar xətt” və “Elektron Səhiyyə”xidmətlərinə müalicə məqsədi ilə xarici dövlətlərə müəyyən vəsait sərf edib səfər etmiş daha sonra uğursuz nəticələrlə müraciət edənlərdə az deyil. Bu hallarda fəsadlaşma baş verməsinə baxmayaraq “Qynar xətt” xidmətinin əməkdaşları müraciət edən şəxsləri Səhiyyə Nazirliyinin baş mütəxəssisləri ilə əlaqələndirir, zəruri müalicənin təyin olunmasını təmin edirlər.

Sevindirici haldır ki, əvvəlki illərlə müqayisədə xaricdə müalicə üçün müraciətlərin sayı xeyli azalmışdır.

 

Mahiyyətindən asılı olmayaraq hər bir müraciət sonunadək nəzarət saxlanılır. Vətəndaş tibb müəssisəsi və ya hər hansı quruma yönləndirilmiş müraciətinin həlli barəsində Səhiyyə Nazirliyinə rəsmi məlumat verməyə borcludur. “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinə müraciətlər Səhiyyə Nazirliyinin rəhbərliyinin ciddi nəzarəti altındadır. Belə ki, zənglər dövrlər üzrə təhlil olunur, regionlar və sahələr üzrə məlumatlar hazırlanır və Səhiyyə Nazirliyinin rəhbərliyinə təqdim olunur.

 

Qeyd etmək lazımdır ki, hazırda “qaynar xətt”in fəaliyyətinin təkmilləşdirilməsi üzərində işlər gedir, təkliflər hazırlanır. Nəzərə almaq lazımdır ki, “qaynar xətt” xidmətinə kifayət qədər çox müraciət daxil olur. Vətəndaşların zəng növbəsində dayanmaması üçün xüsusi proqram təminatının istifadəyə verilməsi nəzərdə tutulub. Yenilik tətbiq edildikdən sonra 9103 nömrəsinə zəng etmiş, lakin əlaqə yarada bilməyən vətəndaşa “qaynar xətt” xidmətinin əməkdaşı tərəfindən təkrar zəng ediləcək. Beləliklə, müraciətin həll olunması məqsədi ilə bütün zəruri addımlar atılacaq.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

28/09/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->