Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Hamiləlik və mamalıq məsələlərinə həsr olunmuş seminar keçirilmişdir

Azərbaycanda ana və uşaq sağlamlığının qorunması səhiyyənin prioritet istiqamətidir. Doğuşayardım xidmətinin təkmilləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilir. Görülən tədbirlərin nəticəsi olaraq, Azərbaycanda ana və uşaq ölümünün səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına nail olunub. Bununla yanaşı, mama-ginekoloqlar hələ də mamalıq ağırlaşmaları ilə üzləşirlər. Əksər inkişaf etmiş ölkələrdə həmin ağırlaşmaların araşdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış Near-Mıss Case Revıew metodikası (“Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası”) tətbiq olunur.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) və Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası ilə birgə həmin metodika üzrə ilk seminarı 2015-ci il oktyabrın 6-8-də təşkil etdi. Seminarda Abşeron Mərkəzi Rayon Xəstəxanasının və Bakı şəhərinin seçilmiş doğum evləri, eləcə də xəstəxanalarının doğum şöbələrinin rəhbərləri və multidistiplinar komandaları iştirak etdilər. Seminarın keçirilməsində məqsəd səhiyyənin təşkili səviyyəsində mamalıq praktikasında kritik hadisələrin auditini tətbiq etmək üçün ana və uşaq sağlamlığının mühafizəsi sahəsində mütəxəssislərin potensialının gücləndirilməsi idi.

 

Seminar ÜST-nin dəvət olunmuş beynəlxalq təlimçiləri Qelmüs Şüpşinskas və Kanat Suxanberdiyev tərəfindən keçirildi. Seminarda ÜST-nin audit prinsip və metodologiyası ilə bağlı məlumat verildi, səhiyyə müəssisələri səviyyəsində mamalıq praktikasında kritik hadisələrin təhlili aparıldı. İştirakçılar səhiyyənin təşkili səviyyəsində kritik hadisələrin auditini keçirmək üçün əsas bacarıqları mənimsədilər. Seminarda həmçinin metodikanın pilot tətbiqinin nəticələri təqdim edildi, əldə edilmiş nailiyyətlər, problemlər, öyrənilmiş nəticələrə nəzər salındı. Eləcə də Azərbaycanda doğuşayardım müəssisələri səviyyəsində kritik hadisələrin auditini tətbiq etmək üçün tədbirlər planlaşdırıldı. İştirakçılar seminar sayəsində əldə etdikləri bilikləri qrup işlərində tətbiq etdilər.

 

Seminarın nəticəsi kimi, NEAR-MISS CASE REVIEW metodikasının Respublika Perinatal Mərkəzində, Bakı və Sumqayıt şəhərlərinin seçilmiş doğum evlərində sınaqdan keçirilməsi planlaşdırılır.

 

Xatırladaq ki, bu metodikanın tətbiqi üzrə ilk məlumatlandırıcı görüşlər 2015-ci il sentyabrın 28-də və oktyabrın 2-də İSİM-də təşkil olunmuşdu.

Layihə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 sentyabr 2014-cü il tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 6.3-cü bəndinə əsasən doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

9/10/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->