Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dərmanların keyfiyyətinə nəzarət laboratoriyasının fəaliyyəti təkmilləşdirilir

SN-nin Analitik Ekspertiza Mərkəzinin “Dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyası”nda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidməti tərəfindən inspeksiya keçirilmiş və laboratoriyanın dərman vasitələrinin sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 – “sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartlarına uyğun akkreditasiya olunmasını təsdiq edən 22.06.16-cı il tarixində növbəti 3 il üçün AZ 01.0116.01.16 saylı Akkreditasiya Attestatı verilmişdir.

 

Laboratoriyanın əməkdaşları mütəmadi olaraq bilik və bacarıqlarının artırılması, yeni üsulların mənimsənilməsi məqsədilə xarici ölkələrdə keçirilən təlim və seminarlarda iştirak edirlər. Eyni zamanda laboratoriya daxilində illik plana uyğun olaraq təlimlər keçirilir və keçilən təlimlərin səmərəliliyi imtahanla yoxlanılır. Laboratoriya QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Global Fond, həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə sıx əməkdaşlıq edərək, Respublika ərazisinə idxal olunan antiretrovirus və vərəməleyhi preparatların keyfiyyətini yoxlayır. Hazırda Tacikistan və Qırğızıstan respublikalarına Global Fond layihələri çərçivəsində idxal olunan vərəməleyhinə preparatların Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyasında analiz edilməsi üçün danışıqlar aparılır.

 

Laboratoriya, müxtəlif dövlət qurumları, eləcə də hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlığı davam etdirir. Hal-hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bəzi əczaçılıq obyektlərindən müsadirə edilən dərman vasitələri laboratoriyada yoxlanılması həyata keçirilir.

 

Laboratoriyanın maddi-texniki bazasının daha da yaxşılaşdırılması məqsədilə Səhiyyə Nazirliyinin dəstəyi ilə yeni avadanlıqlar sifariş verilmiş və yaxın günlərdə laboratoriyaya gətirilərək quraşdırılacaqdır. Laboratoriya daxilində dövrü olaraq lazımi təmir işləri görülür. Mikrobioloji laboratoriyanın genişləndirilməsi və şəraitinin daha da yaxşılaşdırılması üçün hazırda müvafiq şirkətlərlə danışıqlar aparılır. Gələcəkdə də laboratoriya sahib olduğu maddi-texniki bazanı daha da genişləndirmək, müxtəlif laboratoriyalararası peşəkarlığın yoxlanılması sınaqlarında iştirak etmək niyyətindədir. Bununla yanaşı laboratoriyanın yaxın gələcək üçün əsas məqsədlərindən biri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi prekvalifikasiya olunmuş laboratoriyaların sihayısına daxil olmaqdır.

 

Mərkəzin “Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi”nin strukturunun təkmilləşdirilməsi sayəsində şöbənin fəaliyyətinə nəzarət gücləndirilmişdir. Dərman vasitələrinin idxalı zamanı sənədlərdə aşkar olunan çatışmazlıqlar barədə idxalçı müəssisələrin məsul şəxsləri məlumatlandırılır. Dərman vasitələrinin istifadə təlimatında aşkar edilmiş çoxsaylı nöqsanlarla bağlı cari ilin iyun ayında 60-a yaxın idxalçı müəssisənin nümayəndələri ilə birlikdə geniş tərkibdə görüş keçirilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Həmçinin idxal olunan dərman vasitələrinin saxlanc yerləri barədə də 40-a yaxın topdansatış əczaçılıq subyektinin nümayəndəsinin iştirakı ilə daha bir görüş keçirilmişdir. Dərman vasitələrinin saxlanıldığı yerlərlə bağlı aşkar olunan nöqsanlar bildirilmiş və aradan qaldırılmayacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə müəssisələrə xəbərdarlıq edilmişdir.

 

Gələcəkdə dərman vasitələrinin saxlanc yerlərində xüsusi ötürücü qurğuların quraşdırılması nəzərdə tutulur, hansı ki, həmin qurğular sayəsində dərman vasitələrinin saxlanıldığı yerin temperatur, rütubət və dərmanların keyfiyyətinə təsir edən digər amillər barədə məlumatlar Mərkəzə ötürüləcəkdir, beləliklə dərmanların keyfiyyətinə nəzarət edilməsi daha operativ şəkildə həyata keçiriləcəkdir.

 

Dərman vasitələrinin ölkəyə idxalı zamanı laborator analiz üçün nümunələrin götürülməsi və idxala Səhiyyə Nazirliyi tərəfindən rəy verilməsi prosedurunu tənzimləyən “Dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına rəy verilməsi Qaydaları”nın layihəsi hazırlanmaqdadır və yaxın günlərdə təsdiq edilməsi üçün Səhiyyə Nazirliyinə təqdim ediləcəkdir.

 

Əsas fəaliyyət istiqamətləri üzrə Analitik Ekspertiza Mərkəzinin gördüyü işlərin miqyası və keyfiyyəti bundan sonra da artırılacaqdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

8/08/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->