Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Biləsuvar Mərkəzi Rayon Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvarda Mərkəzi Rayon Xəstəxanasının açılış mərasimində iştirak edib.

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə burada aparılan əsaslı təmir və yenidənqurma işləri barədə məlumat verdi. Qeyd olundu ki, xəstəxana binasının əsaslı təmirinə 2013-cü ildə başlanılıb və yenidənqurma işləri 2016-cı ilin iyul ayında başa çatdırılıb. Bu tibb ocağının ərazisi 4 hektardan çoxdur və əsaslı təmir işləri aparılan binaların ümumi sahəsi 9477 kvadratmetr təşkil edir.

 

Dövlətimizin başçısına xəstəxananın ərazisində inşa edilən əsas və müxtəlif təyinatlı digər binalar barədə də məlumat verildi. Bildirildi ki, 132 çarpayılıq xəstəxanada 8 şöbə fəaliyyət göstərir. Bunlar cərrahiyyə, doğum, travmatologiya, infeksion xəstəliklər, dializ, kompyuter tomoqraf olmaqla şüa-diaqnostika, intensiv terapiya və poliklinika şöbələridir.

 

Bu tibb ocağının bütün korpusları ən müasir standartlara cavab verir. Burada əhaliyə ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

Xəstəxana ilə tanışlıqdan sonra ölkə başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

5/09/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..