Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Serebrovaskulyar çatışmamazlığın diaqnostikası və endovaskulyar müalicəsinə həsr olunmuş seminar keçirilib

20.10.2016-cı il tarixində Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM). "Serebrovaskulyar çatışmamazlığın diaqnostikası və endovaskulyar müalicəsində radiologiyanın rolu" mövzusunda seminar keçirilib.

 

Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrah Prof. Dr. Əhməd Məmişin moderatorluğu ilə keçən seminarda bildirilib ki, kəskin işemik insult olan xəstəyə müvafiq müalicə nə qədər tez tətbiq olunarsa, nəticə də o qədər qənaətbəxş olar.

 

Seminarda eyni zamanda son illər radiologiya sahəsində inkişaf dəyişiklikləri barədə məlumat verilib. Vurğulanıb ki, bir çox intervension neyroradioloji əməliyyatın həyata keçirilməsi tam klinik (neyrocərrahi, nevroloji) və reanimatoloji dəstəyin olduğu şəraitdə mümkündür. Həmçinin intervension neyroradiologiyanın fəaliyyət sahəsinə daxil olan serebrovaskulyar xəstəliklərin endovaskulyar üsulla müalicə strategiyalarına nəzər yetirilib, intervension neyroradiologiyanın heyranedici inkişafındakı ən əhəmiyyətli və cəlbedici mərhələ olan İntrakranial anevrizmaların endovaskulyar üsulla müalicəsindən bəhs edilib. O cümlədən serebrovaskulyar xəstəliklər içərisində kompleks patofiziologiyaya sahib olan arteriovenoz malformasiya və fistulaların müalicəsi, həmçinin kəskin serebrovaskulyar insultda trombolitik müalicə barədə məlumat verilib.

 

Seminarda nevropatoloqlar, invaziv radioloqlar, neyrocərrahlar, reanimatoloqlar və şüa diaqnostikası sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

24/10/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->