Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ə.Əliyev adına ADHTİ ilə Dağıstan Tibb Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Beynəlxalq əlaqələrin genişlənməsi məqsədi ilə Ə.Əliyev adına ADHTİ və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

 

Müqavilə 17 oktyabr 2016-cı il tarixində Bakı şəhərində Ə.Əliyev adına ADHTİ-nun rektoru, professor N.A.Qasımov və Dağıstan Dövlət Tibb Akademiyasının rektoru, professor S.N.Mammaev tərəfindən imzalanmışdır. İmzalanma mərasimində professor N.A.Qasımov dağıstanlı həmkarlarına institutun tarixindən söz açıb. Bildirib ki, 1935-ci ildə yaradılan institutun inkişafında ən parlaq səhifələr institutun rektoru olmuş professor Əziz Əliyevin adı ilə bağlıdır.. Eyni zamanda qeyd olunmuşdur ki, Əziz Əliyevin 1942-1948-ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi kimi fəaliyyəti dövrü xalqlarımız arasındakı əlaqələrin ən şanlı səhifələrini təşkil edir. Ona görə də bu gün imzalanan müqaviləyə həmin ənənələrin davamı kimi baxmaq olar.

 

İnstitut müxtəlif illərdə həm Azərbaycan, həm də digər ölkələrdən olan həkim və əczaçıların təkmilləşməsi və ixtisasartırmasını müvəffəqiyyətlə həyata keçirmişdir. Bu gün ADHTİ Azərbaycan səhiyyəsinin müasir təhsil, elmi və müalicə müəssisəsidir. İnstitutun nəzdində uroloji, oftalmoloji, onkoloji, nevroloji, cərrahi və digər elmi məktəblər fəaliyyət göstərir.

 

N.A.Qasımov institutda müasir tələblərə cavab verən şəraitin yaradılmasından, tədris otaqlarının ən yüksək səviyyəli elektron cihaz və avadanlıqlarla təminatından, tədrisdə qabaqcıl informasion-kommunikasion texnologiyaların tətbiqi sayəsində distant təhsilin mövcudluğu və inkişafından, praktik həkimlərin peşə vərdişlərinə yiyələnməsini və müasir endoskopik mini-invaziv laparoskopik cərrahi metodların mənimsənilməsini təmin etmək məqsədilə simulyasion mərkəzin yaradılmasından, tədris prosesinə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsindən söz açıb. İnstitutda həkim-müdavimlərin biliklərinin elektron-test sistemi ilə qiymətləndirilməsi metodunun tətbiqi akademiya rəhbərliyinin böyük marağına səbəb oldu.

 

Müqavilədə klinik və profilaktik təbabət, səhiyyənin təşkili və aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların aparılması, onların nəticələri əsasında, həmçinin tədris prosesinin təşkili sahəsində təcrübə mübadiləsinə dair konfrans və seminarların keçirilməsi, tədris prosesinə və səhiyyə praktikasına tədrisin, diaqnostikanın, profilaktika və müalicənin yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası, həmçinin ali tibb mütəxəssislərinin davamlı professional təhsili sahəsində müasir metodik və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulur.

 

Dağıstan Dövlət Tibb Akademiyasının rektoru, professor S.N.Mammayev öz çıxışında bildirib ki, Akademiyanın kafedralarında tədris prosesində yüksək texnoloji avadanlığın, müasir trenajorların və multimediya sistemlərinin istifadəsi daha yüksək nəticələr əldə etməyə imkan verir. Akademiyada tədris prosesi ilə yanaşı tibbi və bioloji elmlər sahəsində yeni biliklərin əldə edilməsi, perspektiv tibbi texnologiyaların işlənməsi və hazırlanmasına yönəlmiş kompleks fundamental və tətbiqi elmi-tədqiqatlar işləri aparılır, yüksək ixtisaslı elmi kadrların hazırlanması, praktik səhiyyəyə qabaqcıl müalicə, diaqnostika və profilaktika istiqamətlərinin aktiv tətbiqi həyata keçirilir.

 

Qeyd olunub ki, yüksək ixtisaslı tibb mütəxəssislərinin hazırlanması və tibb elminin prioritet istiqamətlərinin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq Akademiyanın fəaliyyətinin əsas aspektlərindən biridir.

Hazırda Akademiyanın dünya ölkələrinin müxtəlif təhsil və tibb müəssisələri ilə sıx əməkdaşlığı tədris, elmi və müalicə proseslərinə qabaqcıl texnologiyaları tətbiq etməyə imkan verir.

 

İmzalanma mərasiminin sonunda ali tibb kadrlarının hazırlığı ilə məşğul olan hər iki qabaqcıl təhsil müəssisələri arasında əməkdaşlığın davamlı olacağına əminlik bildirildi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

25/10/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->