Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sumqayıtda Psixi sağlamlıq bölməsində valideynlərlə görüş keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17.05.2016-cı il tarixli 34 nömrəli “Respublikanın regionlarında uşaq psixi sağlamlıq xidmətinin təkmilləşdirilməsi barədə” əmrinə əsasən Sumqayıt şəhər 5 nömrəli uşaq poliklinikasının nəzdində Psixi sağlamlıq xidməti yaradılmışdır.

Bölmə Sumqayıt, Abşeron, Siyəzən, Qobustan və Xızı rayonlarında yaşayan psixi sağlamlığı məhdud olan uşaqlara da psixi sağlamlığın bərpası xidmətini göstərir.

 

Bölmədə psixi sağlamıq xidmətinin keyfiyyətli surətdə aparılması, yeni müalicə və reabilitasiya üsullarının tətbiqi üçün hər cür şərait yaradılmışdır.

Bölmədə çalışan həkim-psixiatr, psixoloq, loqoped və müalicəvi bədən tərbiyəsi və əmək terapiyası üzrə təlimatçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində təşkil edilmiş treninq və təcrübə proqramında uşaq və yeniyetmələr üçün psixi sağlamlıq xidmətlərinin həyata keçirilməsi, yeni yanaşmalar və üsullara yiyələnməyi öyrənmişlər.

 

Sumqayıt şəhərindəki 5 nömrəli uşaq poliklinikasının nəzdində təşkil edilmiş Psixi sağlamlıq bölməsinə təhkim olunmuş 4 rayonun səhiyyə orqanları ilə əlaqə saxlanmış və göstərişlərə görə uşaqların psixi sağlamlıq xidmətinə cəlb edilməsi təşkil edilmişdir.

 

Artıq Psixi sağlamlıq bölməsində 69 uşaq, (41 uşaq Sumqayıt şəhərindən, 21 uşaq Abşeron rayonundan, 7 uşaq isə Xızı və Siyəzən rayonlarından) göndərişlərə əsasən qeydiyyata alınmışdır.

 

Psixi sağlamlıq bölməsində təşkil edilmiş görüşdə 5 nömrəli uşaq poliklinikasının baş həkimi M.Cavadova valideynləri bölmənin işi ilə tanış etmiş və uşaqlara aparılan psixi sağlamlığın bərpası barədə geniş izahat vermişdir.

 

Çıxışçılar həkim-psixiatr, psixoloq və loqoped uşaqlarda psixi sağlamlığın bərpasında valideynlərlə müştərək iş aparılmasının böyük rolunu qeyd etmişlər.

 

Autizm spektrli pozuntuları olan uşaqlardan ikisinin anaları çıxış edərək əvvəllər belə Psixi sağlamlıq bölmələrinin yalnız özəl təşkilatlar tərəfindən yaradıldığını və ailələr üçün belə xidmətin maddi çətinliklər yaratmasını qeyd edərək hazırda Uşaq poliklinikasının nəzdində hər cür şəraiti olan belə Psixi sağlamlıq bölməsinin təşkil olunmasına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildiriblər.

 

Sonda bölmənin əməkdaşları tərəfindən görüşdə iştirak edən valideynlərin uşaqların psixi sağlamlığının bərpasına dair verdikləri suallar cavablandırılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

28/10/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->