Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

AEM-də elmi toplantı keçirilmişdir

14.12.2016-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində nadir xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələrinin siyahısının yenidən tərtib edilməsi ilə əlaqədar elmi toplantı keçirilmişdir.

 

Toplantıda bir çox baş mütəxəssislərlə yanaşı 10 Tədqiqat İnstitutundan , eləcə də Milli Onkologiya Mərkəzindən, Respublika Talassemiya Mərkəzindən, Respublika Endokrinoloji Mərkəzdən, Respublika Neyrocərrahlıq Xəstəxanasından, Respublika Dəri-Zöhrəvi Dispanserindən dəvət olunmuş mütəxəssislər iştirak etmişdir.

 

Toplantını giriş sözü ilə açıq elan edən Mərkəzinin direktoru Murad Süleymanov tədbirin mahiyyətini və qarşıya qoyulan məqsədin vacibliyini diqqətə çatdırmışdır. Mərkəzinin eksperti E.Quliyev nadir xəstəliklər və onların müalicəsi zamanı istifadə olunan dərman vasitələri haqqında hazırladığı prezentasiyanı toplantı iştirakçılarına təqdim etmişdir.

 

Tədbirdə iştirak edən Analitik Ekspertiza Mərkəzinin digər aparıcı mütəxəssisləri "Nadir xəstəliklər" ümumi əhaliyə nisbətən az sayda insanda görülən xəstəliklər və bu xəstəliklərin nadir olaraq görülməsiylə əlaqədar olaraq ortaya çıxan müəyyən problemlərin olması, nadir xəstəliklərin ciddi, əsasən xroniki və inkişaf edən xəstəliklər olması, nadir xəstəliklər sahəsində tibbi və elmi məlumatın yetərincə olmamasını bir daha vurğulayaraq məsələnin vacibliyini diqqətə çatdırmışdılar.

 

Qeyd olunmuşdur ki: “Çox nadir xəstəlik üçün xəstəliyi tamamilə yaxşılaşdıran bir müalicə yoxdur, ancaq uyğun müalicə və tibbi baxım xəstələrin həyat keyfiyyətini artıra və gözlənilən həyatlarını uzatmaq mümkündür. Bundan başqa elm bütün nadir xəstəliklər üçün bəzi cavablar təmin edə bilər və indiki vaxtda bioloji nümunələrin testi ilə yüzlərlə nadir xəstəliyin diaqnozu qoyula bilir. Bu xəstəliklərin bəziləri üçün arxivlərin yaradılması ilə xəstəliklərin təbii hekayələri haqqında daha çox məlumat əldə edilmişdir."Yetim" dərmanlar (Orphan drugs), nadir xəstəliklərin müalicəsi, diaqnostikası və profilaktikası üçün nəzərdə tutulan, kiçik bazara sahib olduqlarından sponsorların məhsulun tədqiqat və inkişaf etdirilməsinə yatırtdıqları sərmayəni geri qazana bilməyəcəkləri normal marketinq şərtlərində sponsorların inkişaf mövzusunda istəksiz olduğu dərmanlardır. Nadir xəstəliklərdən əziyyət çəkən xəstələr müalicə imkanları və elmdəki inkişafların xaricində qala bilməz, onlar da müalicə mənasında digər xəstələrlə bərabər hüquqlara malikdir.”

 

 

Toplantı iştirakçıların qarşılıqlı informasiya mübadiləsi, mövzu ətrafında suallar və müzakirələrlə davam etmişdir. Analitik Ekspertiza Mərkəzinin direktoru və ekspertləri dəvət olunmuş mütəxəssisləri bu vacib məsələdə səfərbər olmağı və professional yardımlarını esirgəməməyə çağırmışlar. Mütəxəssislər tərəfindən nadir xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrinin yeni siyahılarının tərtibatı üçün bir həftə vaxt razılaşdırılmışdır və siyahılar hazırlanıb Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim olunacaqdır.

 

Sonda ekspertlər tərəfindən tərtib olunacaq siyahıların təqdim olunması üçün Analitik Ekspertiza Mərkəzinin və eləcə də müvafiq ekspertlərin əlaqə vasitələri haqqında məlumat verilərək tədbir başa çatmışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

15/12/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013