Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

2016-cı ilin 11 ayı ərzində Bakı şəhəri üzrə uşaqların dispanserizasiyadan keçirilməsinə dair hesabat

“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013–cü il 5 mart tarixli 591 nömrəli Qanununun tətbiqi barədə “ Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən son 4 ildə tibb müəssisələri tərəfindən uşaq əhalisinin icbari dispanserizasiyası aparılır.

 

Bakı Baş Səhiyyə İdarəsinin (BBSİ) 07.11.2016-cı il tarixli 112 nömrəli Sərəncamına əsasən yaradılmış komissiya tərəfindən 1, 4 ,9, 14, 19, 22 nömrəli Uşaq Poliklinikalarında poliklinikanın fəaliyyəti, o cümlədən uşaqlar arasında aparılmış icbari dispanserizasiyanın vəziyyəti yoxlanılmışdır.

Yoxlama zamanı aşkar edilən nöqsanların aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülmüş və lazımı tövsiyələr verilmişdir.

 

16.12.2016-cı il tarixdə bütün uşaq poliklinikalarının iştirakı ilə BBSİ-də keçirilən Tibbi Şurada tibb müəssisələrinin rəhbərləri yoxlamanın nəticələri və 2016-cı ilin 11 ayı ərzində aparılmış icbari dispanserizasiyanın hesabatı ilə tanış olmuşlar.

 

Hesabatda qeyd edilmişdir ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 55 ambulator - poliklinik tibb müəssisəsi tərəfindən 730606 nəfər uşaq əhalisinə tibbi xidmət göstərilir. Aparılan profilaktik müayinələrin əsas məqsədi uşaqlar arasında xəstəliklərin erkən aşkar edilərək müayinə, müalicəyə cəlb edilməsi və beləliklə də sağlam gələcəyimizin təminatına yönəlmişdir. Nəticədə, yekun statistik məlumatlara əsasən uşaqlar arasında ilkin xəstəliklərin sayı 2014-cü ilə nisbətən bir qədər azalmış və bu xəstəliklərin 25%-i məhz icbari tibbi müayinələr zamanı aşkar olunmuşdur.

 

2016-cı ilin 11 ayı ərzində uşaq poliklinikaları tərəfindən icbari tibbi müayinədən keçirilməsi planlaşdırılan 679420 nəfər uşaqdan 633936 nəfər uşaq (93%) müayinəyə cəlb edilmişdir.

 

Cari ilin 11 ayı ərzində müayinəsi nəzərdə tutulmuş 0-5 yaşda olan 224967 uşaqdan 209071 nəfəri (93%) profilaktik müayinədən keçmişdir ki, onların 24%-i mütəşəkkil, 76%-i isə qeyri mütəşəkkil qrupa aiddir. Müayinə edilmiş 0-5 yaş uşaqlardan 6318 uşaq (3%) dispanser qeydiyyata alınmış və ambulator müalicəyə cəlb olunmuşdur. Cari ilin 9 ayı ərzində dispanser qeydiyyatda olan 0-5 yaş xəstə uşaqlar arasında sağalma ilə dispanser qeydiyyatdan çıxarılma (dispanser effektivlik) 67 % təşkil edir:

 

 

6 - 13 yaşda olan 320962 uşaqdan 302354 uşaq (94%) müayinə olunmuşdur. Onlardan 90%-i məktəblilər təşkil edir . Aparılan müayinələr nəticəsində 7921 uşaq (2.6%) müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyata alınmış və ambulator müalicəyə cəlb olunmuşdur. 6-13 yaş xəstə uşaqlar arasında dispanser effektivlik 61 % təşkil edir.

 

14-17 yaşda olan 133491 uşaqdan 122511 uşaq (92%) müayinə olunmuşdur . Onlardan 93%-i məktəblilər təşkil edir . 4110 uşaq (3,3%) müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyata alınmış və ambulator müalicəyə cəlb olunmuşdur. 14-17 yaş xəstə uşaqlar arasında dispanser effektivlik 58 % təşkil edir.

 

Müayinələr nəticəsində xəstəlik aşkar edilmiş 52323 nəfər (8.3%) uşaqdan 18349 nəfəri (35%) dispanser qeydə alınmış, 1295 nəfər (2,5%) ixtisaslaşmış yardım alması üçün stasionara hospitalizə edilmiş, qalanları isə ambulator müalicəyə cəlb olunmuşdur.

 

Aparılan ambulator müalicələr nəticəsində qeydiyyatda olan dispanser xəstələrin 62 %-i sağalma ilə dispanser qeydiyyatdan çıxarılmışdır.

Nazirlər Kabinetinin 109 nömrəli Qərarına əsasən icbari dispanserizasiyanın nəticələri barədə məlumatların e-sistemə daxil edilməsində ləngimə hallarına yol verilməməsi üçün tibb kabinetlərinin məktəb tərəfindən kompyuterlərlə təmin edilməsi barədə Bakı şəhər Təsil İdarəsinin rəhbərliyi tərəfindən razılaşma əldə edilmişdir. Bu, təhsil müəssisələrində aparılan profilaktik tibbi müayinələrin nəticələrini dərhal uşaqların e-sağlamlıq kartı sisteminə daxil etməyə kömək edəcəkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

27/12/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013