Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi

 

30.12.2016 – cı il tarixində Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda cari il ərzində görülən işlər və əldə olunan nailiyyətlər barədə məruzələr dinlənildi.

Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev iclas iştirakçılarını salamladı və çıxış üçün ilk sözü Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G.Poladova verdi.

Şöbə müdiri öz sözlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin, möhkəm iradəsinin məntiqi nəticəsi olaraq 2016-ci ildə də ölkəmizin davamlı inkişaf etməsi ilə başladı.

 

2016-cı ildə Ağsu, Zərdab, Biləsuvar rayon Mərkəzi Xəstəxanalarının, o cümlədən, Gəncə şəhərində Abbas Səhhət adına xəstəxananın açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmiş və öz xeyir-duasını vermişdir.

Eyni zamanda 2016-cı ildə Respublika Uşaq Stomatoloji Mərkəzində aparılan təmir işləri başa çatdırılmış və xalqın istifadəsinə verilmişdir. Hazırda Masallı, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyük, çoxprofilli tibb müəssisələrində, həmçinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda təmir tikinti işləri başa çatmış və açılışa hazırlanır.

 

Xüsusilə qeyd etmək lazımdır ki, bu il psixiatrik tibb müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır. Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında yeni şöbələr istifadəyə verilmiş, Kürdəmir, Lənkəran rayonlararası Ruhi-əsəb Xəstəxanalarının tikintisi, o cümlədən Quba rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzinin təmiri artıq yekunlaşmışdır.

G.Poladov vurğuladı ki, əhalinin sağlamlığının daima qayğısına qalan cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin profilaktik müayinələri bu il də davam etdirilmişdir. Müayinə olunmuş əhalinin 3.3 faizində ilkin xəstəliklər aşkar olunmuş, 1.47 faizi dispanser nəzarətə alınmış, 7.32 faizi sağlamlaşdırılmış və 0.8 faizi hospitalizasiya olunmuşdur.

 

Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olmuşdur.

 

Uşaqların icbari dispanserizasiyası proqramı çərçivəsində 2016-cı ildə uşaqların 81.5 faizdən çoxu müayinələrə cəlb olunmuşdur. Tibbi müayinədən keçirilmiş uşaqların 5.2 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülmüş, 1 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunmuşdur.

 

2016-cı ildə ana və uşaqların sağlamlığının qorunması məqsədilə qəbul edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır. G.Poladov respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edildiyini də qeyd etdi.

 

Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalmışdır. Hazırda 2800-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır.

 

Son illərdə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına başlanılmışdır. Bu günə qədər artıq Azərbaycanda 42 uşağa, o cümlədən 30 talassemiyalı, 12 onkohematoloji xəstəyə sümük iliyi köçürülmüşdür. Bu xəstələrdən ən kiçiyinin 2, ən böyüyünün 19 yaşı olmuşdur.

 

Cənab Prezidentin təşəbbüsü ilə nikaha daxil olunanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir. Belə ki, ötən ilin iyun ayından artıq 230 minə yaxın insanın qan nümunəsi müayinə olunmuşdur. Onların arasında 9892 talassemiya daşıyıcısı, 147 Qazanılmış immunçatışmazlığı sindromu, 828 sifilis xəstəliyi aşkar edilmişdir. Müayinə olunanların arasında 80 xəstə cütlük aşkar edilmişdir. Bunlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilmişdir.

 

Hazırda Respublikamızda 1541 hemofiliyalı xəstə qeydiyyatdadır. Uğurla həyata keçirilən Dövlət proqramı çərçivəsində belə xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azaldılmasına nail olunmuşdur.

 

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2016-cı ildə bu rəqəm 36 tondan çox olmuşdur. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.

 

Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapmışdır. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 39 mərkəzdə üç mindən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Diqqətə layiqdir ki, bu mərkəzlərdən 30-u bölgələrdə yerləşir. 2016-cı ildə Ağsu, Biləsuvar, Qusar, Göygöl rayonlarında yeni hemodializ şöbələri açılmış, bəzi mövcud mərkəzlərdə əlavə aparatlar quraşdırılmışdır.

 

Qeyd etmək lazımdır ki, bu kateqoriya xəstələrə hazırda hemodializlə yanaşı, xəstəliyin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 848 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürmüşdür.

 

Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 218 mindən çox şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunurlar. Diabetli uşaqlar insulin şpris-qələmi ilə yanaşı, tədricən insulin pompası ilə təmin edilirlər. Hazırda 90 belə uşaq insulin pompası daşıyıcısıdır.

 

Bədxassəli şişlərlə mübarizə işində də nəzərəçarpan irəliləyiş əldə olunmuşdur. Mütəmadi olaraq onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılır, yeni texnologiyalarla işləmək üçün müvafiq mütəxəssislər hazırlanır.

 

Nazırlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 447 nömrəli qərari ilə “2017-2021–ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul edilmişdir. Qeyd olunan Proqram qanın bədxassəli xəstəliklərin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, 2017-ci ildən başlayaraq xəstələrin dövlət hesabına innovasion preparatlarla təminatına imkan yaradacaqdır.

 

Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı çərçivəsində 737 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr yüksək effektli dərman preparatları ilə pulsuz təmin olunurlar.

 

“Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası üzrə Proqram”ın icrasına dair Səhiyyə Nazirliyi tərəfindən 2014-cü ildə təsdiq edilmiş Tədbirlər planı bu gün uğurla həyata keçirilir.

 

Bu il, eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “2016-2020-ci illər üçün İnsan immun çatışmamazlığı virusu və Qazanılmış immun çatışmamazlığı sindromu ilə mübarizə üzrə yeni Tədbirlər Proqramı” Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş və bu xəstəliklərlə mübarizə işi qarşıda gələn illərdə də davam etdiriləcəkdir.

 

Vərəmli xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi, bu xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində son üç ildə dinamik azalma tendensiyasına nail olunmuşdur.

 

Son 2 il ərzində Səhiyyə Nazirliyi nəzdində viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya” fəaliyyət göstərir. Komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat almışlar. Hazırda 4122 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır.

 

Yalnız 2016-cı ildə dövlət hesabına 956 xəstəyə 865 acıq, 91 qapalı ürək əməliyyatı icra olunmuşdur. O cümlədən, 265 uşağa 219 acıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı icra olunmuşdur. Bunlardan 104-ü 1 yaşa qədər, ən kiçiyi isə 2 aylıq olmuşdur.

 

Bu il ərzində Azərbaycan Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 38 uşaqda uğurla koxlear implantasiya əməliyyatı aparıldığını bildirdi.

Vətəndaşların səhiyyə ilə bağlı müraciətlərinin təcili həlli məqsədilə yaradılmış Elektron Səhiyyə Mərkəzi fəaliyyətini davam etdirmişdir. İl ərzində Elektron Səhiyyə Mərkəzinə 26 minə yaxın insan müraciət etmiş, onların problemlərinin əksər hissəsi yerindəcə həll olunmuşdur. Eyni zamanda Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 1687 məlumat araşdırılmışdır..

 

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrini rəhbər tutaraq səhiyyə naziri tərəfindən bu il Respublikanın 12 regionunda (55 rayon və şəhərdə) vətəndaşların qəbulu təşkil olunmuş, 234 müraciət edən hər bir vətəndaş dinlənilmiş və müvafiq tədbirlər görülmüşdür.

 

G.Poladov .2016-cı ildə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin fəaliyyətini qeyd etdi. İl ərzində Səhiyyə Nazirliyinin Mətbuat Xidməti tərəfindən 70 tədbir, o cümlədən 28 dəyirmi masa, 17 maarifləndirici seminar, 7 regional media tur, 18 mətbuat konfransı keçirilmişdir. Tədbirlərdə geniş ictimaiyyət səhiyyənin müxtəlif sahələrində əldə olunan nailiyyətlər barədə məlumatlandırılmışdır. Bu tədbirlər çərçivəsində səhiyyədə olan mövcud inkişafı, maddi-texniki bazanın yenilənməsini, ixtisaslı kadrların əhaliyə xidmətini aparıcı televiziya və xəbər saytlarının nümayəndələri əyani olaraq müşahidə etmişlər.

 

Nazirlik tərəfindən son illər ərzində kadr hazırlığı sahəsində müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. İl ərzində 5399 həkim və 7942 orta tibb işçisi təkmilləşmə kurslarından keçmiş, 3331 həkim və 8608 orta tibb işçisi sertifikat almışdır.

 

2016-cı ildə həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsi davam etdirilmişdir. Cari ildə keçirilmiş imtahanlar nəticəsində 351 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunmuşdur. Onlardan 171 nəfəri Respublikamızın müxtəlif reqionlarında işlə təmin olunmuşdur.

 

2015/2016-cı tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin sayı 332 olmuşdur. Onlardan 271 həkim təyinatla iş yerlərinə göndərilmişdir.

 

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nomrəli Fərmanının icrasını təmin etmək məqsədilə elektron xidmətlər üzrə bir sıra işlər görülmüşdür.

Hazırda Səhiyyə Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayı 39-a çatdırılmışdır. 2016-cı il ərzində elektron xidmətlərə 100000-dən çox müraciət qeydə alınmışdır.

 

Eyni zamanda bu il Səhiyyə Nazirliyinin Respublika Elmi Tibb Kitabxanasında “Vahid elektron tibb kitabxana sistemi”nin tətbiqi başa çatdırılmışdır.

 

2016-cı ildə səhiyyənin digər sahələri kimi beynəlxalq əlaqələr sahəsində də görülən işlər davam etdirilmişdir. İl ərzində 350 mütəxəssis və müdavim Almaniya, Türkiyə, Rusiya, Belarus, İspaniya, İsrail, Yaponiya və diqər ölkələrdə təşkil edilmiş kurslara göndərilmişdir.

 

2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində səhiyyənin müxtəlif sahələrinə aid keçirilən konfranslarda Azərbaycanın 73 nümayəndəsi iştirak etmişdir. 2016-cı ildə səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Danimarka, Almaniya, İtaliya, Rusiya, Çexiya və İsveçrəyə səfərlər etmişdir.

 

Azərbaycanda səhiyyənin inkişafında, habelə Ümumdünya Səhiyyə Təşkilatına qlobal və regional səviyyədə xidmətlərinə görə Səhiyyə Naziri professor Oqtay Şirəliyev Təşkilatın mükafatına layiq görülmüşdür.

 

 G.Poladov qısa məruzədə səhiyyə sahəsində görülmüş işlər barəsində tam məlumat verilməyin mümkün olmadığını nəzərə çatdırdı. Lakin qətiyyətlə demək olar ki, biz hər zaman, hər an, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səhiyyəyə olan xüsusi diqqət və qayğısını hiss edirik. Bu da, bizim məsuliyyətimizi artırır və gələcəkdə daha böyük nailiyyətlərə ruhlandırır.

Dövlət başçısının səhiyyə siyasətini daim dəstəkləyən tibb işçiləri, öz növbəsində, qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklər.

Daha sonra söz Sanitar –Epidemioloji Nəzarət Sektorunun müdiri Viktor Qasımova verildi. O, öz çıxışında ölkə başçısı İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilən əhalinin yüksək rifahının təmin olunmasına yönəldilmiş siyasət nəticəsində səhiyyəmizdə əldə edilmiş güclü tərəqqi profilaktik təbabətin inkişafına da öz bəhrəsini verdiyini və bunun da əhalinin sağlamlığının qorunmasına öz müsbət təsirini göstərdiyini bildirdi.

 

Sektor müdiri qeyd etdi ki, yoluxucu xəstəliklərlə mübarizə işində müasir strategiyalar tətbiq olunmaqla beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulmuşdur. Nəticədə qonşu ölkələrdə və ümumiyyətlə regionda qeyd edilən epidemioloji gərginliyə baxmayaraq, respublikada epidemioloji sabitliyi qoruyub saxlamaq mümkün olmuşdur.

 

Bu istiqamətdə görülən prioritet tədbirlərdən biri uşaqların immunoprofilaktikasıdır. Avropanın inkişaf etmiş dövlətlərində qəbul edilmiş peyvənd təqviminə uyğun olaraq ölkəmizdə uşaqların 11 xəstəliyə qarşı müdafiəsi təmin edilir. Qeyd etmək lazımdır ki, 2 yeni - B tipli hemofil infeksiyaya və pnevmokok xəstəliklərinə qarşı vaksinin tətbiqinə son illərdə başlanılmışdır.

 

Ölkə üzrə peyvənd planının 95-97% yerinə yetirilməsi və immunlaşdırma işinin mütəmadi təkmilləşdirilməsi nəticəsində xüsusi profilaktika vasitələri ilə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilmişdir.

V.Qasımov poliomielit, difteriya, qızılca, məxmərək, göy öskürək, epidemik parotitxəstəlikləri ölkədə artıq müşahidə edilmədiyini də kollegiya iştirakçılarının diqqətinə çatdırdı.

 

Respublikamızda həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A (H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını almışdır.

Hər il olduğu kimi 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində işlər aparılmışdır. Virusoloji laboratoriyada aparılan müayinələr xəstələnmənin epidemioloji hədd daxilində olduğunu göstərir.

 

Daha sonra V.Qasımov epidemiya və pandemiyaların qarşısının alınması məqsədi ilə keçirilən monitorinqlərdən, yaradılmış elektron proqramlardan, elektron səhiyyə işinin tətbiqi sahəsində elektron sağlamlıq kartlarına nəzarətin gücləndirilməsindən, beynəlxalq əlaqələr çərçivəsində mütəmadi görüşlərin keçirilməsindən, yoluxucu xəstəliklərin diaqnostikasının vaxtında və keyfiyyətlə həyata keçirilməsi məqsədi görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışdı.

2016-cı ilin yekunlarına həsr edilmiş kollegiya iclasında sonra çıxış edənlər: Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova, qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov 2016-ci il ərzində öz sahələri üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər haqda, habelə, qarşıda gələn 2017-ci il ərzində görüləcək işlər və planlar haqda məruzələrlə çıxış etdilər.

 

2016-ci il ərzində görülən işlər haqqında ümumi hesabatla Səhiyyə naziri Oqtay Şirəliyev danışdı.

 

Cənab nazir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səhiyyə və tibb sahəsinə böyük diqqət və qayğısını vurğuladı və qeyd etdi ki, ölkədə iqtisadi böhranın hökm sürdüyü bir dövrdə ölkəmizin sosial-iqtisadi rifahı, səhiyyə sahəsindəki inkişafı da sürətlə davam edib.

 

O.Şirəliyev 2016-ci ilin ölkə səhiyyəsinin həyatında böyük əhəmiyyət kəsb etdiyini, zəngin hadisələrlə yadda qaldığını və görülmüş işlərin bir çoxunun ürəkaçan olması gələcəkdə daha da fəal və daha da səylə çalışmaq üçün əlverişli imkan yaratdığını qeyd etdi.

Sonra səhiyyə naziri qarşıda görüləsi işlər, üzümüzə gələn 2017-ci il üçün nəzərdə tutulan bir sıra məsələlərə dair fikirlərini kollegiya iştirakçılarının diqqətinə çatdırdı.

Nazir Oqtay Şirəliyev əsas məsələlərdən bir necəsini, o cümlədən səhiyyənin ən prioritet sahələri olan Dövlət Proqramlarının uğurla tətbiqini, bu Proqramların insanların həyatındakı əhəmiyyətini vurğuladı.

 

 Cənab nazir bildirdi ki, bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 18 nəfərə qaraciyər köçürülmüş, 76 xəstəyə endoprotezləşmə əməliyyatı aparılmış, 63 nəfərə böyrək köçürülmüşdür. 42 sümük iliyi transplantasiyası icra edilmişdir. İnsanların səhiyyə xidmətlərindən razılığı ildən-ilə artır. Ölkə başçısının tövsiyələrinə uyğun olaraq əgər əvvəllər bölgələrdə baş tutan qəbullara gələnlərin sayı 50-60 vətəndaş olurdusa artıq bu rəqəm dəfələrlə aşağı düşüb. Bu da vətəndaşların razılığının nəticəsidir.

 

Sonra səhiyyə naziri uşaqların icbari dispanzerizasiyası, nikahdan əvvəl vətəndaşların müayinəsi və tətbiq edilən icbari tibbi sığorta kimi mühüm məsələlərdən danışdı, onların ölkə vətəndaşları üçün əhəmiyyətini xüsusi vurğuladı.

 

Cənab nazir çıxışının sonunda tibb işçilərinə 2017-ci ildə də həvəslə, öz peşələrinə yanaşmağı tövsiyə etdi və hər kəsi “Dünya Azərbaycanlılarının Həmrəyliyi” və “Yeni il” münasibəti ilə səmimi qəlbdən təbrik etdi.

 

Kollegiya iclasının yekununda Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri diplomlar təqdim edildi.

 

Sonda Kollegiya iştirakcılarına 2016-cı il ərzində görülmüş işlərə dair film nümayiş olundu.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

30/12/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013