Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“3-cü Beynəlxalq İctimai Səhiyyə İdarəetməsinin İnkişaf Proqramı” adlı təlimdə ölkəmizdə iştirak edib

2017-ci ilin 20-25 mart tarixlərində Hindistanın Çandigarh şəhərində Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (İTEC) çərçivəsində Diplomdan sonrakı Tibbi Təhsil və Tədqiqat İnstitutu tərəfindən “3-cü Beynəlxalq İctimai Səhiyyə İdarəetməsinin İnkişaf Proqramı” adlı təlim keçirildi. 21 ölkədən olan nümayəndələr üçün təşkil olunan təlimdə səhiyyədə menecment prinsipləri, ictimai səhiyyə kommunikasiyası və ictimai vəkillik, maliyə menecmenti, büdcə təşkili, ümumi keyfiyyət üzrə menecment, monitorinq və tərtib olunan fəaliyyət planının qiymətləndirilməsi, insan resursları üzrə planlama və digər məsələlər müzakirə predmeti olub. Azərbaycanı bu təlimdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və Təhlil şöbəsinin müdir müavini X. Hüseynova təmsil edib.

 

Təlim çərçivəsində Hindistanın Şimla şəhərinə iştirakçılar üçün tanışlıq turu təşkil olunub. Təlim iştirakçıları orada “Ümumdünya vərəmlə mübarizə günü”nə (24 mart) həsr olunmuş tədbirdə iştirak ediblər. “HƏMRƏY OLAQ, VƏRƏMƏ SON QOYAQ” şüarını təqdim edən Azərbaycan nümayəndəsinin posteri maraqla qarşılanıb. Daha sonra təlim iştirakçıları Himacal Pradeş vilayətinin Səhiyyə Naziri Kaul Singh Thakurun da iştirak etdiyi vərəmlə mübarizəyə həsr olunmuş yürüşdə iştirak ediblər.

 

5 gün davam edən təlimin sonunda iştirakçılara təlim boyu müzarikə olunan mövzular üzrə tapşırıqlar verilib. Onlara əldə etdikləri bilik və bacarıqlarını təcrübədə tətbiqinə dair Fəaliyyət planı təqdim etmələri və o planı tədbirin təşkilatçılarına göndərmələri tapşırıldı. Verilən tapşırıqlarlara əsasən tədbir iştirakçıları cari ilin sentyabr ayının sonuna kimi hesabatlarını təqdim etməlidirlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

4/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..