Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gənclərin Sağlamlıq Festivalı keçirildi

06.04.2017-ci il tarixdə Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına parkda ənənəyə çevrilmiş “Gənclərin sağlamlıq festivalı”nı keçirmişdir. “HərəkətdəSƏN, pozitivSƏN” şüarı altında baş tutmuş tədbir Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və tərəfdaşları, o cümlədən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti və “İnkişaf naminə idman” İctimai Birliyi tərəfindən təşkil olunmuşdur.

 

Hər il əhalinin böyük marağına səbəb olan tədbir 6 aprel - Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuşdu.

İctimaiyyət arasında idmanın və sağlam həyat tərzinin təbliği və təşviqinə həsr edilmiş mədəni-kütləvi tədbirdə məktəblilərə sağlam həyat tərzi və sağlamlıq üçün fiziki aktivliyin əhəmiyyəti haqqında ətraflı məlumatlar verilmişdir.

 

Qeyd edək ki, festivalda 2017-ci ilin fevral ayından başlayaraq Xətai rayonu tam orta məktəbləri arasında keçirilən yarışlarda seçilən 5 tam orta məktəbin şagirdləri iştirak etmişdir. Onların iştirakı ilə fiziki aktivliklə bağlı bir sıra müsabiqələr, şən, təhlükəsiz, inklüziv estafetlər və yarışlar keçirilmişdir.

 

Sağlamlıq festivalı çərçivəsində həmçinin əhalinin fiziki aktivliklə bağlı məlumatlandırılması məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirmə materialların paylanılmışdır.

 

Bütün bu fəaliyyətlərin görülməsində əsas məqsəd - gənclər, xüsusilə yeniyetmələr, məktəblilərin sağlam həyat tərzinin təbliğ və təşviq işini aparmaq, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, fiziki aktiv olmağın sağlamlığa olan faydaları haqda əhalini məlumatlanmaqdır. Cünki, Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində yaşlı nəsillə bərabər cavanlarında daha çox oturaq həyat tərzi keçirməsi, nəticədə bir sıra qeyri-infeksion xəstəliklərin inkişafına təsir göstərir. Oturaq həyat tərzi fiziki passivlik yaradmaqla, həmçinin, artıq dünyada böyük yayılmış depressiya kimi ruh düşkünlüyün yaranmasınında səbəblərindəndir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

6/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..