Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İSİM-də “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusuna dair brifinq keçirilib

7 aprel 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri üçün “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair brifinq keçirilib.

 

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”na və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün strateji planı üzrə Fəaliyyət planının 4.2-ci bəndinə əsasən İSİM tərəfindən həyata keçirilməsi planlaşdırılan “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə dair sorğu haqqında KİV nümayəndələrinə məlumat verilib.

 

Məktəblilərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və onların sağlamlığına təsir göstərən risk faktorların və zərərli vərdişlərin aşkar edilməsi məqsədilə “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə (HBSC) dair sorğu artıq 30 ildir ki, Avropa və Şimali Amerikada geniş istifadə edilir. Hazırda 45 ölkə bu sorğunu hər 4 ildən bir keçirir. Bu sorğu məktəbli uşaqların sağlamlığının qiymətləndirilməsi ilə yanaşı əvvəlki illərdə bu istiqamətdə əldə edilmiş müsbət və ya mənfi dinamikanın müəyyən edilməsinə yardım edir və beləliklə də, vəziyyətin yaxşılaşdırılması üçün dövlət qurumlarına əsas hədəfləri təyin etməyə imkan verir.

 

Azərbaycanda “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi”nə (HBSC) dair sorğu ilk dəfə 2017-ci ildə keçiriləcək. Tədqiqat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) metodologiyası əsasında aparılacaq. Bu məqsədlə, İSİM metodologiyanın daha yaxşı öyrənilməsi və tətbiqi üçün ÜST-nin dəstəyi ilə Bakıda ilin əvvəlində beynəlxalq mütəxəssislərin iştirakı ilə bir seminar da keçirib.

Uşaqlar üçün nəzərdə tutulmuş bu sorğu vərəqəsində 60-dan çox sual var. Bu suallar uşaqların bütün zərərli vərdişlər, qidalanma, sanitar-gigiyenik vərdişlər, eləcə də, fiziki aktivlik, spirtli içkilər, tütünçəkmə və s. sahələr üzrə bilik və vərdişlərini müəyyən etməyə hədəflənib. Sorğu Təhsil Nazirliyinin dəstəyi ilə pilot layihə olaraq 2017-ci ilin aprel ayında Bakı, Xızı və Sumqayıt şəhərlərinin hər birində 5 məktəb olmaqla 5, 7 və 9-cu sinif şagirdləri arasında keçiləcəkdir. Bu pilot sorğunun 1350 şagird arasında keçiriləcəyi planlaşdırılır.

 

Qeyd edək ki, sorğunun nəticələri barədə hesabat hazırlanacaq və Təhsil Nazirliyi ilə bərabər təhlil ediləcəkdir. Pilot sorğunun uğurlu olduğu təqdirdə, ilin sonunda sorğunun bütün ölkə üzrə 4300 məktəbli arasında keçirilməsi nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

7/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..