Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İSİM nümayəndələri “Uşaqlara siqaret satmaq qadağandır!” kampaniyası çərçivəsində keçirilən tədbirdə iştirak ediblər

11.04.2017-ci il tarixdə “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirilmişdir.

 

“Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusuna həsr olunmuş tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri iştirak ediblər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu ilə birgə həyata keçirdiyi tədbirdə gənc nəsli ziyanlı vərdişdən çəkindirmək məqsədilə aparılan monitorinqin nəticələri açıqlanmışdır. Bakı şəhərində yerləşən ticarət obyektlərində tütün məmulatlarının satışı zamanı qanunvericiliyə riayət olunmasını müəyyənləşdirmək məqsədilə aparılan monitorinq və rəy sorğusunun nəticələri tədbir iştirakçılarına təqdim edilmişdir.

 

Tədbirdə çıxış edərək İSİM-in nümayəndələri qeyd ediblər ki, tütün tüstüsü həm siqaret çəkənlər, həm də çəkməyənlər üçün hədsiz zərərlidir. Statistikaya görə, bu gün yeniyetmələrin 7 faizi, qadınların 1 faizi siqaret çəkir, lakin bu qism insanların 49 faizi öz evlərində də tütün tüstüsünün zərərinə məruz qalırlar. Mütəxəssislər, tədbir zamanı, ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsinin vacibliyini bir daha vurğuladılar.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

12/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..