Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

II Azərbaycan Autizm Paneli keçirildi

Cəmiyyətdə autizmlə bağlı daha geniş maarifləndirmənin aparılması, o cümlədən autizmli insanların həyat və fəaliyyətinin yaxşılaşdırılmasına kömək məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Beynəlxalq Autizm Maarifləndirmə ayı ilə əlaqədar 12 aprel 2017-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında toplantı keçirilmişdir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrası, Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzi (UPSİM), "Birgə və Sağlam" İctimai Birliyi və "Lider Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən II Azərbaycan Autizm Panelində stiqma, məlumat çatışmazlığı kimi problemlərdən söz açıldı.

 

Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov problemin uşaqların sağlamlığına təsirindən danışdı. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı autizm probleminin həlli çərçivəsində görülən işləri xatırladaraq, Milli Məclisdə mövzu ilə əlaqədar aparılan müzakirələr barədə məlumat verdi. O bildirdi ki, yaxın zamanda keçiriləcək Milli Məclisin Səhiyyə Komitəsinin iclasında problemə bir daha baxılacaq və bu istiqamətdə görülə biləcək işlərə xüsusi diqqət ayrılacaq. Millət vəkili autizm sindromuna ictimaiyyətin diqqətinin cəlb edilməsi və valideyn-həkim əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd etdi. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə iştirakçıların diqqətinə çatdırdı ki, autizm spektr pozuntuları ildən-ilə artır və getdikcə daha ağır sosial problemə çevrilir. Beynəlxalq statistikanı açıqlayan mütəxəssis bildirdi ki, əgər ABŞ-da 2004-cü ildə hər min uşaqdan 68-də autizm sindromu özünü göstərirdisə, bu rəqəm 2014-cü ildə 150-yə yüksəlib. Bir daha vurğuladı ki, sindromun artması bu sahədə daha geniş maariflənməni və cəmiyyətin bütün təbəqələrinin bu işdə fəallığını zəruri edir.

 

Tədbirdə “Autizmin diaqnostik meyarları” və “Uşaq inkişafi və onun qiymətləndirilməsi” mövzuları ətrafında edilən çıxışlar maraqla qarşılandı.

Çıxışların ardınca tədbir iştirakçıları autizm spektr pozuntusu diaqnozu olan uşaqların psixi sağlamlıq ehtiyaclarının təhsil vasitəsi ilə dəstəklənməsi, mövcud problemlər və inkişaf imkanları haqqında Bakı Dövlət Universitetinin sosial psixologiya kafedrasının mütəxəssisinin təqdimatı ilə tanış oldular. Tədbirin ikinci hissəsində “Autizmlə yanaşı sıx rastlanan epileptik sindromlar və bu uşaqlarda elektroensefaloqrammanın xüsusiyyətləri barədə” məlumatlar verildi. Tədbir çərçivəsində digər çıxışlar da dinlənildi.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

14/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..