Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Səhiyyə sisteminin idarə olunması” adlı təlim blokuna start verilib

Bakı şəhərində və regionlarda fəaliyyət göstərən özəl tibb və əczaçılıq fəaliyyəti subyektlərinin, özəl tibbi praktika ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, eləcə də müasir dövrdə səhiyyənin davamlı inkişafını və son zamanlar əhalinin keyfiyyətli tibbi və əczaçılıq xidmətlərinə artan ehtiyaclarına uyğun həmin xidmətlərin daha da təkmilləşdirilməsinin zəruriliyini əsas tutaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində silsilə təlimlərin təşkili və həyata keçirilməsi planlaşdırılmışdır. Bu məqsədlə artıq 14 aprel 2017-ci il tarixində təlimlərə start verilmişdir. Keçiriləcək təlim mövzularının aktuallığını nəzərə alaraq, təlimlərdə tibb və əczaçılıq müəssisələri rəhbərlərinin, baş həkimlərin, menecerlərin, kadr üzrə məsul işçilərin, həkimlərin, marketing üzrə mütəxəssislərin, səhiyyə sektorunda çalışan və sözügedən təlimlərə maraq göstərən digər şəxslərin iştirakı üçün tam şərait yaradılmışdır.

 

Bundan əlavə“Tibb müəssisələrinin strateji idarəedilməsi”, “Tibbi xidmətin təşkili və liderlik”, “Tibb müəssisələrinin maliyyələşdirilməsi və keyfiyyətin yaxşılaşdırılması”, “Kadr resurslarının idarə olunması”, “Tibb müəssisələrində infeksion nəzarət tədbirləri”, “Dərman vasitələrindən rasional istifadə”, “Dərman vasitələrinin tanıtımı və təbliği” adlı təlim blokları üzrə təlimlərin davamlı olaraq təşkil olunması nəzərdə tutulub. Məqsəd beynəlxalq səhiyyə sistemində müasir inkişaf tendensiyalarının vüsət aldığı bir dövrdə səhiyyəmizin davamlı inkişafını və son zamanlar əhalinin keyfiyyətli tibbi və əczaçılıq xidmətlərinə artan ehtiyaclarına uyğun həmin xidmətlərin daha da təkmilləşdirilməsini düzgün istiqamətləndirmək və tibb sahəsində çalışan mütəxəssisləri maarifləndirməkdir.

 

Səhiyyə Nazirlyi mətbuat Xidmətinin məlumatı

17/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..