Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunub

 

17.04.2017-ci il tarixində M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında hemofiliya xəstəliyi ilə mübarizə sahəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə, müvafiq dövlət proqramının icrasına həsr edilmiş tədbir keçirilmişdir.

 

Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasında, müxtəlif qanaxmalar ilə xarakterizə olunan ağır irsi qan xəstəliyi olan hemofiliyadan əziyyət çəkən insanlara, qayğı və zəruri müalicə tədbirləri həyata keçirilir. Müvafiq dövlət proqramı çərçivəsində xəstəliyə dücar olmuş insanlara tamamilə pulsuz dərman vasitələri təqdim edilir, müalicə işi aparılır.

 

Məlum olduğu kimi, xəstəliyin səbəbi qanın laxtalanma prosesində iştirak edən VIII, IX və ya fon Villebrand faktorunun çatışmazlığıdır. Təkrar baş verən şiddətli qanaxmalar zamanı, qanın oynaq və yumşaq toxumalara yığılması nəticəsində xəstənin hələ uşaq və gənc yaşlarında əlil və ya şikəst olmasına, bəzən də ölümünə səbəb olur. Lakin çoxillik təcrübələr göstərir ki, vaxtında və lazımı səviyyədə antihemofil preparatlarla aparılan müalicə, xəstələri nəinki ölüm təhlükəsindən xilas edir, hətta onlarda şikəstliyin və əlilliyin qarşısını alır.

 

Qafqazda ilk Hemofiliya mərkəzi Azərbaycan Respublikasında 1973-cü ildə yaradılmışdır və hazırda Bakı şəhərində çoxprofilli akad. M.Qasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşir.

 

Mərkəzin məhz Respublika Klinik Xəstəxanasında təşkil olunmasının səbəbi hemofiliyalı xəstələrin müayinəsi, müalicəsi, dispanserizasiyası və reabilitasiyası zamanı müxtəlif ixtisaslı həkimlərin iştirakının zəruriliyidir. Mərkəzdə Ə.Əliyev adına AzDHTİ-nun hematologiya kafedrası və Mirqasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin əməkdaşları hemofiliyalı xəstələrin müalicəsi ilə məşğul olurlar.

 

Qeyd edək ki, hemofiliya problemi bütün dünyada mövcuddur. Bu gün dünya üzrə 400.000-dən çox hemofiliyalı xəstə var, o cümlədən Azərbaycan da bu problemdən kənarda qalmayıb. Mərkəzdə 1554 nəfər xəstə dispanser qeydiyyatındadır. Ölkə rəhbərliyi və Səhiyyə Nazirliyi hemofiliya xəstələrinin problemlərinin həll edilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.

 

Hörmətli Prezidentimiz cənab İlham Əliyev və I vitse Prezident, İssesko və Yuneskonun xoşməramlı səfiri birinci xanım Mehriban Əliyeva insanların sağlamlığına böyük önəm verirlər. Bunun bariz nümunəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində aparılan islahatlar və qəbul olunmuş dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsidir. Bu proqramların dördü hematologiyaya aiddir. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə qayğı” dövlət proqramı 2005-ci ildə qəbul olunmuşdur.

 

Möhtərəm prezidentimiz hemofiliya xəstələr üçün verdiyi qərar və sərəncamlar Səhiyyə Nazirliyi tərəfindən uğurla yerinə yetirilir. Belə ki, bu xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatları ölkəyə gətirilir. Dünyada 80% xəstələr lazımi dərman preparatları ilə təmin olunmurlar. Lakin 20% ölkələr hemofiliyalı xəstələri lazımi dərman preparatları ilə təmin edirlər. Azərbaycan da bu 20%-ə daxil olunub. Bu gün bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da tibbi göstərişlər əsasında hemofiliyalı xəstələr müxtəlif növ müalicə alırlar: ev şəraitində, ambulator və stasionar müalicələrlə yanaşı, I və II profilaktika.

 

Səhiyyə Nazirliyi tərəfindən Mərkəz müasir tələblərə uyğun təmir olunub, laboratoriya avadanlıqla və reaktivlərlə təchiz olunub. Hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstələrdə müxtəlif böyük və kiçik cərrahi əməliyyatlar həyata keçirilir.

 

Dövlət Proqramının icrasının təmin edilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Tədbirlər Planının həyata keçirilməsində bir sıra tədbirlər göstərilmişdir. Onlardan ən vacibi faktor konsentratları ilə təminat və hemofiliyalı xəstələrin registrının yaradılmasıdır.

 

Bu gün ağır hemofiliyalı xəstə uşaqlarda I-cili profilaktika aparılaraq, əlilliyin qarşısı alınır, həyat keyfiyyətləri yaxşılaşaraq sağlam insanlardan seçilmirlər.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

17/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..