Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakı və Xızı məktəblərində “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusu yekunlaşdı

2017-ci il aprelin 11-dən etibarən Bakı şəhəri və Xızı rayonunda tam orta məktəblərin 5, 7 və 9-cu sinif şagirdlərinin cəlb olunduğu “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” sorğusuna yekun vuruldu.

 

İlk dəfə olaraq, pilot layihə çərçivəsində “Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi” ilə bağlı sorğu aparılırdı. Bu məqsədlə, Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında, xüsusi olaraq Azərbaycanın məktəbli mühitinə uyğunlaşdırılmış 60-dan çox sualdan ibarət Azərbaycan və rus dillərində anketlər hazırlanmışdr.

 

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planı”nın 4.2-ci bəndinə əsasən təşkil olunan sorğu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

 

Bakı və Xızı məktəblilərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və onların səhhətinə zərərli təsir göstərən amillərin aşkar edilməsi məqsədilə aparılan sorğudan artıq maraqlı ilkin nəticələr əldə olunub. Ümumilikdə isə, pilot sorğuda 1350 şagirdin iştirakı nəzərdə tutulur. Digər bölgələr üzrə aparılacaq sorğular tamamlandıqdan sonra, əldə edilmiş məlumatlar xüsusi olaraq IBM şirkətinin SPSS kompyuter proqramı vasitəsi təhlil ediləcək və nəticələr əsasında hesabat hazırlanacaq.

 

Sorğunun nəticələri Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, müvafiq dövlət qurumları, mətbuat nümayəndələri, təhsil və səhiyyə mütəxəssislərinin iştirakı ilə bu ilin mayında geniş müzakirə olunacaq, bu istiqamətdə verilən təklif və tövsiyələr nəzərdən keçiriləcək.

 

Qeyd edək, sorğu 18-21 apreldə Sumqayıt şəhər məktəblərində aparılacaq.

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətini məlumatı

18/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..