Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü qeyd olundu

 

Bu gün Respublika QİCS-lə Mübarizə Mərkəzində mətbuat konfransı keçirildi. Tədbir hər il may ayının üçüncü istirahət günündə qeyd olunan QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə gününə həsr olunmuşdu.

 

QİÇS-dən vəfat edənlərin yad olunması, insanları QİÇS-ə yoluxma təhlükəsi haqqında düşünmələri, onların irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, QİÇS-dən sığortalanmadığlarını dərk etməyə çağırır.

 

Eyni zamanda bu tədbir cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək və geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır .

 

Tədbirdə çıxış edən Mərkəzin direktoru E.Almammədova bildirdi ki, 2017-cı ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 108 təşkil etmişdir. Onlardan 107-si (99,1%) Azərbaycan vətəndaşı, 1 nəfəri (0,9%) isə əcnəbidir. Qeydiyyata alınmış 107 Azərbaycan vətəndaşından 71-i (66,4%) kişi, 36-sı (33,6%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 31 nəfər olmuşdur. Həmin müddətdə İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olmuşdur.

 

 

2017-ci ilin 3 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olmuşdur: 10 nəfər (9,3%) parenteral kontakt, 51 nəfər (46,7%) heteroseksual kontakt, 4 nəfər (3,7%) homoseksual kontakt nəticəsində, 4 nəfər ( 3,7%) anadan uşağa ötürülməklə, 39 nəfərin (36,6%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

 

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2017-ci ilin 3 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5269 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3796-sı (73,2%) kişi, 1473-ü (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1383 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 828 nəfər olmuşdur.

 

İİV-lə yaşayan insanlardan 45,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2%-də heteroseksual, 2,0%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 7,4% -də yoluxma yolu müəyyən edilməmişdir.

 

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir.

 

Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3653 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 115 nəfərə müalicə 2017-cı ilin ilk 3 ayı ərzində başlanılmışdır.

2017-ci ilin I rübü ərzində, Ailə məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 30464 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 11 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənmişdir.

 

Bütün dunyada olduğu kimi , Azərbaycanda da ənənəvi olaraq QİÇS-dən dünyasını dəyismiş insanlarn xatirəsı anılır və Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Ümumdunya xatirə gününə həsr olunmuş geniş və silsilə könüllü testləşmə, aksiyaları və maarifləndirmə tədbirləri həyata keçirilir.

 

Tədbirin sonunda İİV-ə yoluxma halları və ondan qorunma üsullarına dair hazırlanmış film nümayiş olundu.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

19/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..