Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Fövqəladə hallarda Reproduktiv sağlamlığın qorunması” mövzusunda regionlarda seminarlar keçirildi

24.05.2017-ci il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Gəncə və Göy-göl, Daşkəsən və Samux Mərkəzi Rayon Xəstəxanalarının tabeliyində olan tibb müəssisələrinin müalicə işləri üzrə baş həkim müavinləri, ginekoloqlar üçün “Fövqəladə hallarda Reproduktiv sağlamlığın qorunması” mövzusunda seminar keçirmişdir.

 

Səhiyyə Nazirliyinin 2017-ci il üçün mülki müdafiə tədbirlər planına əsasən təşkil olunmuş tədbirdə İSİM-in əməkdaşları Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov çıxış etdi. BMT-nin Əhali Fondunun İSİM-lə əməkdaşlığı çərçivəsində həyata keçirilən bu tədbirdə, həmçinin, Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak etmişdir.

 

Toplanan auditoriya qarşısında çıxış edən İSİM-in nümayəndələri görüşün məqsədini açıqladı, fövqəladə hallarda zərərçəkən əhalinin reproduktiv sağlamlığının təmin olunması və qorunması üçün Minimal Paket Xidmətlərinin (MİXP) göstərilməsibarədə görüş iştirakçılarına məlumat verdilər.

Tədbirdə çıxış edən Səbinə Babazadə bildirdi ki, fövqəladə halların kritik mərhələsində zərər çəkmiş insanlar arasında reproduktiv sağlamlıqla əlaqədar problemlərin təcili həlli üçün tibb müəssisələrinin əməkdaşlarının məlumatlıq səviyyələri zəruri olaraq artırılmalıdır. O, həmçinin minimal ilkin xidmətlərdə qida, su və sığınacağın prioritet olması ilə yanaşı, zərərçəkənlərin rifahının və ləyaqətinin təmin edilməsindən danışdı.

 

Tədbirdə ölkəmizdə fövqəladə hallarda əhalinin reproduktiv sağlamlığının qorunması sahəsində mövcud olan hazırlıq, bu hazırlığın yüksək səviyyədə saxlanılması və lazım gəldikdə reallaşdırılması üçün nazirliklər/idarələrarası inteqrasiyanın vacibliyindən söhbət açıldı. Mümkün fövqəladə hallarda Səhiyyə Nazirliyi və digər nazirliklərin aidiyyəti qurumları ilə əlaqəli işin daha yaxşı qurulmasına nail olmaq üçün mövzu haqda məlumatlı olmanın vacibliyi vurğulandı.

 

Görüş zamanı fövqəladə vəziyyətə düşmüş insanlara humanitar xidməti göstərən və təşkil edən əməkdaşlar arasında cinsi zorakılığın və kobud hərəkətlərin istisna edilməsi məqsədi ilə təklif olunan etik qaydalar da müzakirə olundu.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

25/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->