Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər əhali tərəfindən geniş istifadə edilir

06.06.2017-ci il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin gördüyü işlərə dair tədbir keçirilmişdir.

 

Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasında açıq hökumətin təşviqi üzrə ardıcıl siyasət həyata keçirilir. Azərbaycanda ilk dəfə 2007-ci ildə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya“ təsdiq olunub. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində ölkədə elektron hökumətin formalaşması sahəsində əhəmiyyətli işlər görüldü, o cümlədən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq elektron xidmətlər təşkil etdilər. Bu xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkili məqsədilə “Elektron hökumət” portalı (www.e-gov.az) yaradıldı.

 

Səhiyyə Nazirliyi vətəndaşlara elektron xidmətlərin göstərilməsi istiqamətində ciddi addımlar atmışdır. Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin istifadəsinin asanlaşdırılması məqsədi ilə 19 adda elektron xidmət yenidən hazırlanıb istifadəyə verilmişdir. O cümlədən, "Doğum haqqında tibbi şəhadətnamə" elektron registrindən məlumatların verilməsi; xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu; özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi xidmətləri elektron formada göstərilir.

 

Həmçinin, elektron formada təqdim edilən xidmətlər siyahısına dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu; dərman vasitəsinin və dərman maddəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu; radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi və s. aiddir. Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu, tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu, tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu xidmətləri, həmçinin, elektron formada təqdim edilir.

 

Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən bəziləri vətəndaşlar tərəfindən daha çox istifadə olunur. Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu xidmətindən 2017-ci ilin 22 may tarixinə 20015 dəfə istifadə edilib. Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu xidmətindən 7716 dəfə, dərman vasitələri haqqında məlumat verilməsi – 3672 dəfə, Tibbi kadrların vahid registrindən məlumatların verilməsi – 1231 dəfə, Tibb müəssisələri barədə məlumatların verilməsi xidmətindən isə 832 dəfə istifadə edilib.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

6/06/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..