Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Telesəhiyyə texnologiyalarının tətbiqi ilə təcili və təxirəsalınmaz konsultativ tibbi yardım təşkil edilib

Son illər bütün dünyada informasiya texnologiyaları çox yüksək sürətlə inkişaf edərək, bütün sahələrdə tədbiq olunur. Bu meyllər səhiyyədə də geniş yer almışdır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nı nəzərə alaraq səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən 10 saylı 02 fevral 2017-ci tarixli “Telesəhiyyə texnologiyalarının tətbiqi ilə təcili və təxirəsalınmaz konsultativ tibbi yardımın təşkili barədə” əmr imzalanmışdır və artıq fevral ayından başlayaraq Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında telesəhiyyə sisteminin tətbiqinə başlanılmışdır.

 

Artıq zərurət yarandığı zaman bölgələrdə yerləşən mərkəzi tibb müəssisələri ilə video əlaqə yaradılır və Bakıda yerləşən ixtisaslı mütəxəssis üçün məsafədən real vaxtda canlı olaraq xəstəyə baxıb öz tövsiyyələrini bir başa vermək üçün imkan yaranır. Bu fəaliyyət üçün SN tərəfindən zəruri müasir rəqəmsal avadanlıq ayrılmış və müvəffəqiyyətlə istifadə edilir.

Konsultativ yardım stasionarda müalicə alan pasiyentin həyat və sağlamlığına təhlükə yarandığı halda və yerlərdə lazımi ixtisas üzrə mütəxəssis olmadığı və ya xüsusi yardımın göstərilməsi üçün şəraitin olmaması, aparılan müalicənin effektsiz olması və nəticədə pasiyentin sağlamlıq vəziyyətinin getdikcə pisləşməsi, xəstəliyin diaqnostikası və müalicə taktikasının müəyyən edilməsi zamanı çətinliklərin olması, pasiyentin ixtisaslaşdırılmış tibb müəssisəsinə keçirilməsinə zərurətin yarandığı zaman nəzərdə tutulur. SN TTTYS-nin dispetçer mərkəzinə müraciət regional səhiyyə rəhbərliyi tərəfindən səhiyyə nazirliyini əmri il təsdiq olunmuş qaydalara əsasən həyata keçirilir.

 

Konsultativ yardım Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibbi heyəti - ixtisaslaşdırılmış tibb müəssisələrində və ali tibb təhsil ocaqlarında fəaliyyət göstərən alimlər, aparıcı mütəxəssislər, ixtisaslaşmış həkim məsləhətçilər tərəfindən aparılır.

Bu zaman müasir telesəhiyyə texnologiyalarından (o cümlədən internet, mobil cihazlar, müxtəlif telekommunikasiya proqramları) istifadə edilərək “online” video konfrans (canlı video dialoqların aparılması), “online” yazışma (konsultasiya tələb olunan müəssisənin mütəxəssisləri və məsləhətçi həkimlər arasında mesajlarla fikirlərin mübadiləsi), tibbi görüntülərə, o cümlədən rəqəmsal rentgen, ultrasəs, EKQ, KT, MRT və s. müayinələrin nəticələrinə canlı olaraq “online” baxılmasına imkanlar yaradılır.

 

TTKTY-nin təmin edilməsi məqsədi ilə aviasiya nəqliyyatı, sanitar avtomobillər və digər nəqliyyat vasitələrindən istifadə edilir.

Nəticədə mütəxəssis yerlərə çatana qədər pasient tez bir zamanda yüksək səviyyəli yardım alır.

 

Telesəhiyyə xidməti 2017-ci ilin fevral ayından fəaliyyətə başlayıb və iyunun 1-nə qədər 147 pasientə məsafədən məsləhətlər verilmişdir. Bu da konsultativ xidmət göstərilmiş 389 pasientdən 37% təşkil etmişdir.

Telesəhiyyə vasitəsilə ən çox məsləhət sreanimatologiya, cərrahiyyə, nefrologiya, mamaginekologiya və nevrologiya üzrə mütəxəssislər tərəfindən aparılmıçdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

7/06/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..