Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi” mövzusunda təlim keçirildi

22-23 iyun 2017-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş “Məişət zorakılığının qarşısının alınması üzrə Tədbirlər Planı”nın 4-cü bəndinə əsasən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) uşaqların zorakılıqdan uzaq, sağlam mühitdə böyüməsi üçün nəzərdə tutulan profilaktik tədbirlərə dair təlim təşkil edildi. “Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi” mövzusuna həsr olunan təlim “Ümidli gələcək” İctimai Birliyi ilə birgə həyata keçirildi. Təlimdə Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi, o cümlədən orta məktəblərin və uşaq poliklinikalarının əməkdaşları iştirak edirdilər. Nümayəndələr arasında Gürcüstanın İctimai Səhiyyə Fondunun direktoru Lia Saralidze və fondun uşaq psixoloqu Keti Tavartikiladze də var idi.

 

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri giriş sözü ilə çıxış edərək, uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində İSİM tərəfindən görülən işlər və proqramlar haqqında məlumat verdi.

 

Gürcüstanın İctimai Səhiyyə Fondunun direktoru “Qafqaz ölkələri arasında uşaqlara qarşı zorakılığın aradan qaldırılması” layihəsindən, bu istiqamətdə atılan addımlardan və uğurlu əməkdaşlıqdan söz açdı.

 

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin rəsmisi 2011-ci ildə İSİM tərəfindən həyata keçirilən Demoqrafiya və Sağlamlıq Sorğusuna əsasən, məişət və uşaq zorakılığı ilə bağlı əldə edilən nəticələri, tibbi keyfiyyət və standartları şöbəsinin metodisti uşaq poliklinikalarında maarifləndirilmə işinin təşkili və tibbi personal üçün prosedur qaydalara dair məlumatlar verdilər. Uşaqların inkişafına, stress və travmanın uşaqlara təsirinə dair geniş təqdimatlarla çıxış edildi.

Təlimdə mövzu ilə bağlı səmərəli müzakirələr aparıldı, məişət zorakılığına qarşı İSİM tərəfindən hazırlanan metodik vəsaitlər paylanıldı.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

23/06/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..