Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Narkoloji Mərkəzində tədbir keçirilmişdir

30.06.2017-ci il tarixində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində narkomaniyaya qarşı beynəlxalq mübarizə gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, respublika üzrə 31.12.2016-cı il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı - 29448 nəfər təşkil etmişdir. O cümlədən, opioidlərin qəbulu nəticəsində - 20576 nəfər, kannabioidlərin qəbulu nəticəsində - 8872 nəfər qeydiyyatda olmuşdur. Mərkəzdə qeydiyyatında 24056 nəfər, profilaktik qeydiyyatda isə 5392 nəfər olmuşdur. Qeydiyyatda olan narkomanların arasında qadınların ümumi sayı 612 nəfər təşkil edir. Toksikomanların ümumi sayı isə 183 nəfərdir.

 

2016-cı il ərzində 2142 narkoman qeydiyyata götürülmüşdür. Onlardan dispanser qeydiyyatında olanlar – 1567 nəfər, profilaktik - 575 nəfərdir. 2016-cı il ərzində qeydiyyatdan çıxarılanların ümumi sayı - 1249 nəfərdir: dispanser qeydiyyatında olanlar – 691 nəfər, profilaktik - 558 nəfərdir.

 

İnyeksion narkotik istifadəçilərinin sayı - 20576 nəfər təşkil edir. Onlardan 459 nəfəri qadındır.

 

2017-ci ilin 6 ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunmuşdur. Respublika üzrə 2017-ci ilin 6 ayı ərzində ekspertizadan cəmi 1089 nəfər keçib. Onlardan 657 nəfərə məcburi müalicə təyin olunub. Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 21 nəfərdir, onlardan 16 nəfərin müalicəsi hal-hazırda davam edir.

 

Respublikamız Birləşmiş Millətlər Təşkilatının Narkotik vasitələr haqqında 1961- ci il, Psixotrop maddələr haqqında 1971-ci il, Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyalarına qoşulub. Bununla əlaqədar, Səhiyyə Nazirliyi tərəfindən BMT-nin Narkotiklərə Nəzarət Üzrə Beynəlxalq Komitəsinə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqəli mütəmadi olaraq hesabatlar göndərilir.

 

“Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan Prekursorların saxlanılması Qaydaları” və “Güclü təsir edən və zəhərli maddələrin siyahıları” Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 1956 nömrəli 18.04.2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə vəistehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsinə dair təkliflərdə Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmışvə Azərbaycan Respublikası Prezidentinin 253-VQD nömrəli 17.05.2016-cı il tarixli Qanunu ilə təsdiq olunmuşdur.

 

Respublika Narkoloji Mərkəzində 2017-ci ilin 6 ay ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinələrdən 11952 nəfər keçmişdir. Onlardan 715 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş və 402 nəfərdə aşkarlanmışdır.

 

2017-ci ilin 6 ayı ərzində Respublika Narkoloji Mərkəzində 1650 nəfər müalicə almışdır. Onlardan 613 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1028 nəfəri “Opioidlərin qəbulunəticəsində psixi və davranış pozuntuları” (F11), 9 nəfər isə digər diaqnozları ilə müalicəyə qəbul edilmişdir.

 

Respublika Narkoloji Mərkəzində həmçinin Metadonla əvəzedici müalicə proqramı həyata keçirilir. Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 202 xəstə müalicə alır. Onlardan RNM-də 156 nəfəri, 46 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzindədir.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə” 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılmışdır. Respublika Narkoloji Mərkəzində 2017-ci ilin 6 ay ərzində müayinədən 1437 nəfər keçmişdir.

 

Narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi baxımından, təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığının aşkarlanması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə fəaliyyət planına əsasən “Narkotiklərə YOX deyək!” şüarı altında kompaniya davam edir.

 

2017-ci ilin 6 ayı ərzində Mərkəzin mütəxəssisləri 28 Bakı şəhəri məktəbində təşkil olunmuş tədbirdə, Respublika məktəblərarası debut forumunda, 2,17,5,11 saylı cəzaçəkmə müəssisələrində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirak etmişlər. Bundan başqa narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması ilə əlaqədar Bakı şəhərinin Qaradağ rayonunda, respublikanın 10 rayonunda (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Beyləqan, Ağcabədi, Tərtər, Naftalan, Goranboy) Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən təlim-məşğələlərində Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri iştirak ediblər. H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Hərbçilərimiz sağlam həyat naminə”, Dövlət Sərhəd Xidməti Akademiyasında “Sərhədçilərimiz sağlam həyat naminə”, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Ağ ölümdən özünüzü qoruyun” adlı kütləvi ictimai kampaniyalar Respublika Narkoloji Mərkəzinin təşəbbüsü ilə təşkil olunmuş və uğurla həyata keçirilmişdir.

 

Həmçinin, Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunmuş virtual dərsdə, Prezident Administrasiyasının Xüsusi Mühafizə İdarəsində “Şəxsi heyyət arasında sağlam həyat tərzinin təbliği” adlı tədbirdə Mərkəzin mütəxəssisləri iştirak etmişlər. Sabunçu rayon Gənclər evində icra hakimiyyəti və polis şöbəsinin təşkilatçılığı ilə keçirilən müşavirədə Respublika Narkoloji Mərkəzinin nümayəndələri proqram məruzə-prezentasiya ilə çıxış etmiş, bir neçə növdə çox saylı çap materialları yaymışlar. Bundan əlavə, RXH-nın hərbi hissəsində Daxili Qoşunların Baş İdarəsində, Sabunçu rayon İcra hakimiyyətinin mütəxəssisləri ilə polis idarəsinin mütəxəssislərinin təşkilatçılığı ilə Balaxanı qəsəbəsində yerləşən 259 nömrəli orta məktəbdə təşkil olunmuş tədbirlərdə Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri iştirak ediblər. İSİM tərəfindən hazırlanmış “Psixoaktiv maddələr istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları üçün metodik vəsait” Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasına göndərilib və 05.04.2017-ci il tarixli 14 saylı kollegiyanın qərarı ilə təstiqlənib. Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları və valideynlər üçün narkomaniyanın ilkin profilaktikası və antinarkotik təbliğatın həyata keçirilməsi məqsədi ilə bu problemin müxtəlif aspektlərini işıqlandıran “Narkotiklər haqqında həqiqəti bilin” adlı jurnal, “Alkoqolizm” və “Psixoaktiv maddələrdən asılılıq” adlı bukletlər hazırlanmışdır.

 

“Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanununa əsasən bu sahədə aparılan müalicə, mübarizə tədbirləri, onların dövriyyədən çıxarılaraq məhv olunması və digər tədbirlər haqqında digər aidiyyəti orqanların əməkdaşları ilə birlikdə vaxtaşırı istər dövlət, istərsə də özəl radio və televiziyalarda, mətbuat orqanlarında təşkil olunmuş verilişlərdə, dəyirmi masalarda Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri də iştirakçı olmuşlar. Bundan əlavə həkim mütəxəssislər tərəfindən fərdi qaydada “Narkomaniyanın mənfi tərəfləri və onun yayılmasının qarşısının alınmasında profilaktika tədbirlərinə” həsr olunan verilişlərdə çıxışlar edilmişdir. Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən narkotik vasitələrin zərəri barəsində xüsusi prezentasiyalar, əyani tədris vasitələr və ədəbiyyat hazırlanır, hər ay Respublika Narkoloji Mərkəzinin mütəxəssislərinin müxtəlif mövzularda məqalələri çap olunur.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

30/06/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..