Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ə.Əliyev adına ADHTİ-nin Elmi Şuranın iclası keçirilib

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyinə AR SN «Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə» 45 saylı 20 iyun 2017-ci il tarixli əmrinin icrasına dair məruzələr, institutun sinir xəstəlikləri kafedrasının adında dəyişikliklər, mamalıq və ginekologiya kafedrası üzrə t.e.d. L.M.Rzaquliyevaya və cərrahiyyə -2 kafedrası üzrə t.e.d. F.X.Saidovaya professor elmi adın verilməsi, otorinolarinqologiya kafedrası üzrə t.ü.f.d. A.Z.Əfəndiyevə dosent elmi adının verilməsi və .s daxil idi.

 

Davamlı tibbi təhsil üzrə əmrin icrasına dair çıxış edən T.Eyvazov ,dünyanın qabaqcıl ölkələrində istifadə olunan həkimlərin davamlı tibbi təhsil sistemin keyfiyyətli tibbi yardımın göstərilməsinə zəmin yaratdığını bildirdi. Həkimlərimizin müasir tibb elminin inkişafı ilə ayaqlaşmaları üçün, onların son nailiyyətlərdən xəbərdar olmalarını təmin etmək üçün bu təhsil növünün ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir. Davamlı tibbi təhsil sisteminin bir çox elementləri artıq bir müddətdir Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvəffəqiyyətlə tətbiq edilməkdədir. 2017-2018-ci tədris ilindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirinin «Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə» 45 saylı 20 iyun 2017-ci il tarixli əmrinə uyğun olaraq səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə davamlı tibbi təhsil sisteminə keçid dövrü başlanacaqdır. Həmin əmrlə ”Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilmiş, səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə tapşırılmışdır ki,onları öz işində rəhbər tutsunlar. Keçid dövrü üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri, anesteziologiya və reanimatologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedralarında təkmilləşdirmə kurslarının təşkili və proqramların hazırlanması, həmçinin sertifikasiyadan keçmək üçün sənədlərin qəbulu pilot layihəsi üzrə aparılacaqdır. Əmrə əsasən davamlı tibbi təhsili ali tibb təhsilini təsdiq edən sənəd alınan gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrünü əhatə edir. Davamlı tibbi təhsilinin zəruri miqdarının hesablanması kreditlər vasitəsilə həyata keçəcəkdir. Həmin kreditlər təkmilləşmə kurslarında və toplanma sistemi metodu ilə yığılacaqdır.

 

Təkmilləşdirmə kursları Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən müvafiq ixtisaslar üzrə təhsil proqramlarının modulları əsasında həyata keçirilir, əyani və distant (məsafədən) formada təşkil edilir. Təkmilləşdirmə kursunun minimal müddəti 1 həftədən az, maksimal müddəti isə 2 həftədən çox olmamalıdır.

 

Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə akkreditə olunmuş davamlı tibbi təhsil üzrə tədris yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil davamlı tibbi təhsili fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir.

Toplanma sisteminin davamlı tibbi təhsil üzrə akkreditə olunmuş tədris və elmi tədbirlərinə ölkədə və xarici dövlətdə səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatlar tərəfindən keçirilən davamlı tibbi təhsil üzrə akkreditə olunmuş konqres, konfrans, simpozium, seminar, treninq və s. elmi və tədris tədbirləri, davamlı tibbi təhsil üzrə akkreditə olunmuş ölkədə yaxud xarici dövlətdə keçirilən distant tədris proqramları aiddir. Davamlı tibbi təhsil üzrə tədris və elmi tədbirlər, proqramlar Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olunur.

 

Elmi və pedaqoji fəaliyyətlərə ixtisas üzrə fəlsəfə doktoru və ya tibb elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi ilə əlaqədar elmi fəaliyyət, beynəlxalq resenziyalı və ya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş jurnallarda, elmi məcmuələrdə, elmi dövri mətbuatda, elmi tədbirlərin nəşrində, qeydiyyatdan keçmiş elmi elektron nəşrlərdə nəticələri dərc olunmuş ixtisas üzrə digər elmi fəaliyyət,tibbi yardım göstərilməsinin, diaqnostikanın, müalicənin, tibbi texnologiya, yaxud texnikanın yeni metodlarının işlənib hazırlanması, ixtisas üzrə milli rəhbərliyin, dərsliyin, tədris və metodik vəsaitlərin, monoqrafiyanın, metodik tövsiyələrin, təhsil proqramlarının (kurikulumların) hazırlanması, tibb təhsili və ixtisas üzrə həkimləri təkmilləşdirmə proqramları çərçivəsində dərs verilməsi, rezidentlərin işinin kurasiyası, ali baza tibb təhsili alan tələbələrin yay təcrübələrinin kurasiyası,ölkədə, xarici və ya beynəlxalq səviyyədə akkreditə olunmuş davamlı tibb təhsili proqramları çərçivəsində ixtisas üzrə seminarların, treninqlərin aparılması və digər tədris fəaliyyətinin həyata keçirilməsi aiddir.

 

Müstəqil fəaliyyətə ixtisas üzrə elmi məqalələrin və tibbi ədəbiyyatın mütaliəsi, ixtisas üzrə audiovizual dinləmələr, yeni diaqnostika və müalicə metodlarını, tibb texnologiyaları və texnikasını mənimsəmək məqsədi ilə ölkədə və ya xaricdə yerləşən tibb müəssisələrində ixtisas üzrə təcrübə keçmək aiddir.

 

Sertifikasiya dövrü ərzində həkim hər il orta hesabla 48 kredit olmaqla minimum 240 kredit toplamalıdır. Davamlı tibb təhsili kreditlərinin hesablanması təsdiq olunmuş xüsusi cədvələ əsasən aparılacaqdır. Sertifikasiya dövründə davamlı tibb təhsilinin minimal zəruri miqdarının toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün mütləq şərtdir. Təkmilləşdirmə kurslarından istifadə olunduqda ixtisas üzrə təhsil proqramının bütün modullarını bir (və ya bir neçə) təkmilləşdirmə kursu ilə keçərək 240 kreditin toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün kifayət edəcəkdir.

 

Ə.Əliyev adına ADHTİ-nin rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki, davamlı tibb təhsili sisteminin Respublikada tətbiqi prosesində institutumuza önəmli yer ayrılmışdır. Bu isə bizim məsuliyyətimizi daha da artırır. İnstituta gələcək müdavimlərin sayının bir neçə dəfə atracağı gözlənilir. Onların yerləşdirilməsi, tədris prosesinin təşkili üçün bütün şəraitlər yaradılmalıdır. Hal-hazırda pilot kafedraların əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür. Çünki bu pilot layihəsinin nəticələrindən asılı olaraq davamlı tibbi təhsil sisteminin digər ixtisaslar üzrə də tətbiqi baş tutacaqdır. Artıq əmrə uyğun olaraq səhiyyə müəssisələrinin rəhbərlərinə onların tabeliyində olan həkimlərin davamlı tibbi təhsil almaları üçün şərait yaradılmasını təmin etmələri haqqında göstəriş verilmişdir.

 

II məsələ üzrə institutun sinir xəstəlikləri kafedrasının müdiri professor R.K.Şirəliyeva çıxış edərək bildirib ki, müasir dövrdə klinik kafedralarda tək xəstəlikləri öyrənməklə kifayətlənmir, həm də onların instrumental diaqnostikası məsələləri ilə də yaxından məşğul olurlar. Artıq neçə illərdir ki, institutun sinir xəstəlikləri kafedrasında nevrologiya üzrə müasir müayinə metodları (EEQ, EMQ, dopleroqrafiya və s.) həyata keçirilir. Ona görə də bu halın kafedranın adında əks olunması daha düzgün olardı.

 

Elmi şurada müzakirələrdən sonra yekdilliklə qərara alındı ki, ”Sinir xəstəlikləri” kafedrasının adı dəyişdirilib “Nevrologiya və klinik neyrofiziologiya” kafedrası olsun.

 

Elmi şuranın gündəliyinin digər məsələləri professor və dosent elmi adlarının verilməsi olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

3/07/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..