Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclası keçirildi

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 04.07.2017-ci il tarixində keçirilən növbəti iclasında müzakirə edilən əsas məsələ həkimlərin davamlı tibbi təhsili olmuşdur.

 

Toplantıda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru N.Qasımov Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə təsdiq edilmiş "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar"la tənzimlənən praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesi barədə ətraflı məlumat vermiş, toplantı iştirakçılarının suallarını cavablandırmışdır.

 

Bildirilmişdir ki, qeyd edilən əmrə əsasən Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinə və Elmi-Tibbi Şurasına səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatlar tərəfindən keçirilən elmi və tədris tədbirlərinin davamlı tibbi təhsil üzrə akkreditə olunması barədə bir ay müddətində təkliflərin hazırlanması, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə davamlı tibbi təhsil sistemi üzrə yeni tədris ilinədək elektron proqramın hazırlanması və istifadəyə verilməsinin təmin edilməsi tapşırılmışdır.

 

Toplantıda həmçinin respublikada hazırlanan tibbi elmi və tədris materiallarının əlçatanlığının asanlaşdırılması, tibbi məlumat mübadiləsinin genişləndirilməsi, klinik fəaliyyətin standartlaşdırılması və keyfiyyətinin artırılması məqsədi ilə elektron tibbi kataloq bazasının yaradılması və digər məsələlər müzakirə edilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

5/07/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..