Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramı uğurla icra olunur

27.07.2017-ci il tarixində Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində ölkədə xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi (BXX) ilə mübarizə, bu sahələrdə xəstələrə dövlət qayğısı, həyata keçirilən tədbirlərə həsr edilmiş mətbuat konfransı keçirilmişdir.

 

Tədbirdə qeyd edilmişdir ki, əgər əvvəllər xəstələr hemodializ almaq üçün uzun məsafə qət edərək paytaxt Bakıya gəlmək zərurəti ilə üzləşirdilərsə, hazırda bir çox regionlarda hemodializ şöbələri açılmış və xəstələrin istifadəsinə təqdim edilmişdir.

 

Hal-hazırda Azərbaycanda 38 hemodializ mərkəzində 600 hemodializ aparatı 3312 xəstəyə xidmət edir. Bunlardan 1329 nəfər Bakı şəhərində, 1983 nəfər regionlarda tam dövlət hesablı hemodializlə təmin olunublar. Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramına uyğun olaraq 2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilmişdir.

 

2017-ci ildə regionlardan Zərdab və Masallı da yeni hemodializ mərkəzi, Sumqayıt şəhərində isə 15aparatlıq ikinici hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Bakıda yaşayan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq bu ilin iyul ayının əvvəlində 3 saylı Şəhər Xəstəxanasında əlavə 12 aparat istifadəyə verilmişdir.

 

Azərbaycanda hemodializlə müalicə alan xəstələrdən ən kiçiyinin 3, ən yaşlısının 85 yaşı var. Hal-hazırda 15 yaşa qədər 6 az yaşlı xəstə var. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunurlar. Hal-hazırda “Xroniki Böyrək Çatışmazlığı” proramı üzrə 719 nəfər böyrəköçürülmüş xəstə vardır. 2017-ci ildə 54 nəfərə böyrəkköçürmə əməliyyatı aparılıb. Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına tam təmin olunurlar.

 

Dövlət başçısının göstərişi ilə ölkədə əhalinin kütləvi dispanserizasiyasının keçirilməsi xəstələrin aşkar edilməsi və müalicəyə cəlb edilməsi baxımından böyük əhəmiyyəti olmuşdur.

 

Qeyd edək ki, xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır. Böyrəklərin xroniki iltihabi xəstəlikləri, sidik yollarının infeksiyaları, anadangəlmə böyrək anomaliyaları, bir sıra uroloji patologiyalar və böyrək daşı xəstəliyi, şəkərli diabet, hipertoniya xəstəliyi və s. böyrək çatışmazlığı ilə fəsadlaşa bilər.

 

Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur ki, bunlara hemodializ, periton dializi və böyrəkköçürmə aiddir.

 

Hemodializlə müalicə - qanın süni böyrək aparatı ilə orqanizmdən kənarda təmizlənməsidir. Qan dializator adlanan xüsusi filtrdən keçməklə orqanizmdə toplanmış azot qalıqlarından, artıq elektrolitlərdən, izafi mayedən təmizlənməklə yenidən xəstənin bədəninə qayıdır. Bu prosedur 3-4 saat davam edir. Müalicə həftədə 3 dəfə olmaqla xəstənin yeganə müalicə üsulu olduğu üçün bütün həyatı boyu davam edir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

27/07/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->