Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Antenatal qulluq yüksək səviyyədə təşkil olunub

08.08.2017-ci il tarixində KİV nümayəndələrinin iştirakı ilə 9 saylı Qadın məsləhətxanasında antenatal qulluğa həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə bildirildi ki, müasir dövrün tələbi ana və uşaqlara xidmətin səviyyəsinin daha da artırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın uşaqlara göstərdiyi qayğı hər bir vətəndaşı gələcək nəslə diqqətli və qayğıkeş olmağa çağırır.

 

Həm paytaxt Bakıda, həm də regionlarda gələcək nəslin sağlamlığı naminə hamilə qadınların, dünyaya gələcək körpənin vaxtında müayinə və müalicəsi ciddi şəkildə təşkil olunur və nəzarətdə saxlanılır.

Hamilələrin vaxtında aşkar olunması onların qadın məsləhətxanalarına cəlb olunması olduqca önəmli məsələdir. Qadın məsləhətxanalarında hamilələr Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Antenatal xidmət üzrə protokol əsasında müayinə və müalicə olunurlar.

 

Bu məqsədlə qadın məsləhətxanalarında zəruri şərait yaradılmışdır. Hamiləliyin hər bir dövrünə ciddi şəkildə nəzarət olunur. Hər hansı genital, ekstragenital, patoloji hal baş verərsə dərhal mütəxəssislər tərəfindən nəzarətə götürülür və lazım gəldikdə hospitalizasiya həyata keçirilir.

Bundan başqa əhalinin maarifləndirilməsi, hamiləlilərin qadın məsləhətxanalarına cəlb olunması, onların hamiləlik mövzusunda məlumatlandırılması məqsədi ilə qadın məsləhətxanalarında analıq məktəbləri təşkil olunur.

 

Analıq məktəblərində hamiləliyin hər üç trimestrinə aid müxtəlif mövzularda mühazirələr oxunur. Əsasən bu mövzular hamilə qadınların qidalanması, şəxsi gigiyenası, ana südü ilə qidalandırmaya hazırlıq, doğuşa hazırlıq, zahılıq dövründə qulluq və digər mövzuları əhatə edir. Hamilələrə hamiləlik dövründə gedən prosesləri vi digər məlumatları qeyd etmək məqsədi ilə müvafiq qeydiyyat kartları təqdim edilir. Hamilələr qadın məsləhətxanalarına gələrkən müşahidə edən həkim həmin qeydiyyat kartlarında zəruri qeydlər aparır.

 

9 saylı Qadın məsləhətxanası Binəqədi rayonunda yaşayan 127408 qadın əhalisinə, 10000 məcburi köçkün və qaçqın qadına tibbi xidmət göstərir. Cari ilin 7 ayı ərzində 1765 hamilə nəzarətə götürülüb. Onlardan 547 nəfər risk qrupuna daxildir ki, bu hamilələr üzərində də daha ciddi ambulator və stasionar nəzarət vacibdir. Stasionar müalicəyə göndərilən hamilələrin sayı 233 nəfər təşkil edir.

Səhiyyə Nazirliyinin 22 saylı əmrinə əsasən antenatal xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə Bakı şəhərinin həkim mama-ginekoloqlarının regionlara ezam olunması təşkil olunmuşdur. Bu isə Bakı şəhəri və regionların həkim mama-ginekoloqları arasında fikir mübadiləsinin aparılmasına regionlarda antenatal xidmətin hər tərəfli təşkil olunmasına böyük töhfə verir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

8/08/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..