Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

8 avqust – Beynəlxalq Oftalmoloqlar Günüdür

Ətrafda baş verən hadisələri qavramaqda bizə kömək edən bütün duyğu üzvlərimiz bizim üçün həddən artıq vacib olsalar da, çətin ki, hər hansı bir hissiyyat orqanının itirilməsi insan üçün görmənin itirilməsi qədər böyük əhəmiyyət kəsb etsin. Burada təkcə orqanın tam deyil, hətta müəyyən qisminin funksiyasının itirilməsi belə bizim üçün böyük bir itki deməkdir, lakin gözlərə qayğı ilə yanaşılması (görmənin mütəmadi yoxlanması) bu itkinin qarşısını almağa və ya onu minimuma endirməyə kömək edə bilər.

 

Bütün dünyada avqustun 8-i Beynəlxalq Oftalmoloqlar Günü kimi qeyd olunur. Bu gündə diqqət oftalmologiyanın problemlərinə, əhali arasında görmə problemlərinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilir.

 

Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Oftalmologiya şöbəsi peşəkar idarəetmə və yüksək ixtisaslı tibb personalı ilə müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə pasiyentlərə xidmət təklif edir.

 

Uzunmüddətli daxili təlimdən keçən, beynəlxalq təhsilə və böyük iş təcrübəsinə malik olan tibbi heyət öz işində yüksək keyfiyyətli tibbi yardımı layiqli xidmət səviyyəsi ilə uyğunlaşdırmağa hazırdır.

Peşəkar həkim-oftalmoloqlarımız ən müasir avadanlıqların köməyilə görmənin vəziyyətini qiymətləndirir, göz xəstəliklərinin diaqnostikasını aparırlar. Görmə orqanının xüsusiyyətlərini tədqiq etdikdən sonra görməni saxlamağa və hətta onu bərpa etməyə kömək edən müalicə təyin edirlər. Həmçinin inkişaf etməkdə olan kataraktanın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır.

 

Vaxtaşırı göz müayinəsindən keçməyi unutmayın! 

8/08/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..