Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti barədə məlumat

Sanitariya-epidemioloji xidməti və müalicə-profilaktika idarələrinin birgə fəaliyyəti nəticəsində 2017-ci ilin 6 ayı ərzində Respublikada idarəolunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, göyöskürək, epidemik parotit və məxmərək xəstəlikləri qeydə alınmamışdır.

 

Hava-damcı infeksiyalarından skarlatina, su çiçəyi hadisələri qeydə alınmış, kəskin respirator virus infeksiyalarının səviyyəsində 11,5% azalma müşahidə olunmuş, yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə kəskin süst ifliclər, B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilmişdir.

 

Səhiyyə Nazirliyinin “İnsanlar arasında qrip xəstəliyi üzərində epidemioloji nəzarətin gücləndirilməsi barədə” 18.11.2011-ci il tarixli 97 nömrəli əmrinə əsasən Respublika üzrə ağır gedişli respirator virus infeksiyalrı və qripəbənzər xəstəliklər üzərində epidemioloji nəzarət davam etdirilmiş, 2016-2017-ci ilin payız-qış mövsümü ərzində əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

 

Əhali arasında vərəmin yayılmasının qarşısının alınması üçün “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun əsas müddəaları, Səhiyyə Nazirliyinin vərəm xəstəliyinə dair qüvvədə olan əmr və Ümumdünya Səhiyyə Təşkilatının vərəmə nəzarət strategiyasının prinsipləri əsas götürülərək vərəm əleyhinə tədbirlər üzərində nəzarət işi davam etdirilmişdir.

 

2017-cu ilin 6 ayı ərzində ilkin vərəm hadisələrinin 2016-cı il ilin müvafiq dövri ilə müqayisədə 1,3% azalması müşahidə edilmişdir.

 

Respublikada aparılan profilaktiki peyvəndlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.12.2015-ci il tarixli 370 nömrəli qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”na əsasən həyata keçirilir.

 

Səhiyyə Nazirliyinin 03.02.2016-cı il tarixli 7 nömrəli əmrinə əsasən 2016-cı ildən başlayaraq 6 aylıq uşaqların İnaktivləşdirilmiş poliomielit vaksini ilə peyvənd olunmasına başlanılmış və bu tədbir 2017-ci ildə də uğurla davam etdirilir.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən 2017-ci ilin aprel ayının 24-30 tarixlərində Respublika ərazisində İmmunlaşdırma həftəsi keçirilmiş, hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqlar profilaktik peyvəndlərə cəlb olunmuş, ümumilikdə İmmunlaşdırma həftəsi ərzində vərəm əleyhinə vaksinlə 339; difteriya, göyöskürək və tetanus əleyhinə vaksini ilə 1946; difteriya-tetanus əleyhinə vaksini ilə 1715; İnaktivləşdirilmiş poliomielit vaksini ilə 1074; qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksini ilə 3807; hepatit əleyhinə vaksinlə 326; pnevmokok əleyhinə vaksinlə 3641 və A vitamini ilə 2941 uşaq əhatə olunmuşdur.

 

2017-ci ilin 6 ayı ərzində profilaktik peynəndlərin yerinə yetirilmə vəziyyəti qənaətbəxş olmuşdur. Belə ki, yenidoğulmuşların hepatit B vaksini ilə əhatə olunması - 98,5%, poliomielit əleyhinə OPV vaksini ilə -96,6%, vərəm əleyhinə BCG vaksini ilə -96,3% təşkil etmişdir. Digər yaş qruplarında da əhatə olunma təqvimə uyğun davam etdirilmişdir.

 

 

Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi (YXEMS) vasitəsi ilə bütün yoluxucu xəstəliklərin qeydə alınması, epidemioloji vəziyyətin təhlili, hətta rayon səviyyəsində yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində aparılan işlərin elektron qiymətləndirilməsi imkanları təkmilləşdirilmişdir.

 

Ölkə üzrə içməli su təchizatı üzərində sistemli nəzarət təmin olunmuşdur. Respublikanın 56 şəhər və rayonunda əhali tərəfindən istifadə olunan içməli suyun keyfiyyəti və təhlükəsizliyi üzərində monitorinq aparılmış, bakterioloji və fiziki-kimyəvi göstəricilərinə görə su nümunələri müayinə olunmuşdur.

 

Kür və Ceyranbatan Baş Su Təmizləyici Qurğuları, Oğuz-Qəbələ-Bakı Su Kəməri su təchizatı sistemləri vasitəsi ilə əhaliyə verilən içməli suyun keyfiyyəti və təhlükəsizliyi üzərində keçirilmiş monitorinq zamanı 93 su nümunəsi, Bakı şəhərinin mərkəzi su anbarlarının 776 su nümunəsi laboratoriya müayinəsinə cəlb edilmişdir.

 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olmuş məktub əsasında IV İslam Həmrəyliyi Oyunlarının və “Formula 1” Azərbaycan Qran Pri yarışının keçirilməsi ilə əlaqədar olaraq Bakı şəhəri və rayonlarının polis orqanları və sanitariya xidməti orqanlarının birgə fəaliyyəti nəticəsində 195 ünvanda tullantı suların və 60 ünvanda məişət tullantılarının toplanması müəyyən edilmiş, 134 sulu zirzəmidə sağlamlaşdırıcı tədbirlərin görülməsi və 57 ünvanda toplanmış məişət tullantıları kənarlaşdırılması təşkil edilmişdir. Bakı şəhər Dezinfeksiya Stansiyası tərəfindən 161 yaşayış binasının girişlərində və zirzəmilərində, yağış sularından yaranmış gölməçələrin ətrafında, xüsusilə əhalinin sıx məskunlaşdığı ərazilərdə kütləvi dezinfeksiya və dezinseksiya tədbirləri aparılmışdır.

 

Bakı şəhəri ərazisində yerləşən çimərliklərin 2017-ci il yay mövsümünə hazırlığı ilə əlaqədar, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rekreasiya zonasının sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə laboratoriya tədqiqat üsullarının tətbiqi ilə monitorinqi keçirilmişdir. Müayinələr zamanı Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zonalarında dəniz suyunun çirklənməsi hallarının hələ də davam etdiyi müəyyənləşdirilmiş, həmin çimərliklərdə bakterioloji çirklənmə göstəriciləri normadan yüksək olmuşdur.

 

Bununla əlaqədar Şıx çimərliyinin və Qaradağ rayonu Sahil çimərliyinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qəbul edilmiş qərar qüvvədə saxlanılmışdır.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən cari ilin 6 ayı ərzində Nəsimi, Sabunçu, Binəqədi, Nərimanov, Yasamal, Səbail, Suraxanı, Xətai rayonlarının təhsil müəssisələrinin rəhbər və tibb işçiləri ilə 340 nəfər cəlb olunmaqla 18 seminar-müşavirələrin keçirilməsi təmin olunmuşdur. Seminar-müşavirələrdə uşaq və yeniyetmələrin sağlamlıq göstəriciləri, fiziki və əqli inkişafları, düzgün və rasional qidalanmanın təşkili, ərzaq məhsullarının texnoloji emalının, onların saxlanılmasının və epidemioloji təhlükəsizliyinin təmin edilməsinə dair sanitariya-gigiyena və şəxsi gigiyena qaydaları barəsində ətraflı məlumatlar verilmişdir.

 

Ölkəmizdə uşaq və yeniyetmələr arasında şəxsi gigiyenaya dair bacarıqların artırılması məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış “Əllərin gigiyenası” mövzusunda şagirdlər arasında təbliğat işlərinin aparılması təşkil edilmiş, təbliğatla 478484 məktəbli əhatə olunmuşdur.

 

Cari dövr ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1637, mikrobioloji göstəricilərinə görə 1648, radioloji göstəricilərinə görə 748, toksikoloji göstəricilərinə görə 714 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 122-də mikrobioloji göstəricilərə görə, 10-da toksikoloji göstəricilərə görə normadan kənara çıxma müəyyən olunmuşdur.

 

2017-ci ilin 6 ayı ərzində 188 qida zəhərlənməsi hadisəsi baş vermiş, 285 nəfər zərərçəkən olmuşdur. Bunlardan 11 botulizm hadisəsində 21 nəfər zərərçəkən olmuşdur.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

9/08/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..