Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Sanitariya-Karantin Müfəttişliyinin fəaliyyəti haqqında məlumat

Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyi Azərbaycan Respublikasına yoluxucu xəstəliklərin gətirilməsinin və yayılmasının qarşısını almaq məqsədilə zəruri fəaliyyətlər həyata keçirir. Bu məqsədlə müfəttişlik Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Respublika Taun Əleyhinə Stansiya ilə vaxtaşırı əlaqələr yaradır, zəruri tədbirlər həyata keçirir.

Bundan əlavə yoluxucu xəstəliklərin ölkə ərazisinə gətirilməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsinə metodiki yardımlar və sorğulara uyğun müvafiq məsləhətlər verilmişdir.

 

Respublikanın həmsərhəd dövlətlərində Krım – Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşdiyindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən bu xəstəliyə qarşı tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr vermişdir. Əmrin icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsinə xəstəliyin törədicisi, klinikası, epidemiologiyası, müayinəsi və profilaktikası barədə geniş həcmli məlumat göndərilmişdir.

 

Azərbaycan Respublikasına idxal olunan məhsullar üzərində daim sanitariya nəzarəti həyata keçirilir. Belə ki, hüquqi və fiziki şəxslərin rəsmi müraciətləri əsasında təqdim olunmuş məhsulu müşayiət edən sənədlər araşdırılıdıqdan sonra laborator müayinələr üçün nümunələr götürülür. Nümunələr təhlükəsizlik göstəricilərinə görə müayinə edilir və nəticələrə əsasən məhsul dövlət gigiyena qeydiyyatına alınır və realizasiyasına icazə verilir.

Dövlət gigiyena qeydiyyatına alınan məhsullar Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) yerləşdirilir. Bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə vaxt itirilmədən məlumat olur.

 

2017-ci ilin birinci yarım ili ərzində Müfəttişliyin laboratoriya şöbəsində sanitariya-kimyəvi göstəricilər üzrə 6381 müayinə, sanitar-bakterioloji - 4785 müayinə, toksiloji - isə 5550 müayinə aparılmışdır. Onlardan 6 nümunə (quş əti farşı və dərisi) sanitar-kimyəvi müayinələrə, 1 nümunə süd məhsulu və 1 nümunə isə bioloji aktiv əlavə sanitar-bakterioloji müayinələrə görə sanitariya norma və qaydaların tələblərinə cavab verməmişdir və bu məhsullar gigiyena qeydiyyatına alınmamışdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

10/08/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..