Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dünya İntiharların Qarşısının Alınması Günü qeyd olunub

10 sentyabr - Dünya İntiharların Qarşısının Alınması Günü kimi qeyd olunub.

 

İntiharların əsas səbəblərini aradan qaldırmaq üçün özünə qəsdə meylli olan insanlara yardım etməyin müxtəlif yolları vardır.

 

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, F. İsmayılovun sözlərinə görə intiharların 4 əsas səbəbi var. Bunlardan birincisi reallıqdan qaçmaq, ikincisi insanın özünə qarşı aqressiv olması, üçüncü özünü cəzalandırma, dördüncü səbəb isə köməyə çağırışdır.

 

Bəzən çox sakit, xüsusi bir problemi olmayan, xoşbəxt görünən adamlar da intihar edirlər. Belə ki, hər bir insanın həyatında maddi, yaxud mənəvi böhran yaşana bilir. Yaranmış çətin durumdan çıxmaq üçün insanın resursları çatmayanda, gərgin halda olarkən, yaxud da özünü tənha hiss edərkən insanlar özünə qəsdə əl atanlar olur. Onların əksəriyyəti özlərini digərlərinə yük kimi hiss edirlər. Belə olan halda ətrafdakı insanlar bu cür kritik durumda olan tanışlarına mütləq yardım etməlidirlər. Çoxları elə düşünür ki, kimsə özünü öldürəcəyini deyirsə, demək bunu etməyəcək. Əslində, belə adamlar bu sözü işlədirlər, fikirlərini bildirirlər, bezdiklərini deyirlər, “yaşamaq istəmirəm”, “yatım, heç durmayım” kimi ifadələr işlədirlər. Belə insanlara qarşı ətrafındakılar xüsusi diqqətli olmalıdırlar.

 

Yaxud da əksinə əgər insan özünü öldürmək qərarı veribsə, o, bunu mütləq edəcək və öz qərarıdır. Belə deyil. İnsan çətin duruma düşəndə, bu addımı atmaq haqqında düşünür. Onlar həm normal həyat sürmək istəyirlər həm də özlərinə qəsd etmək. Belə ikitərəfli fikirlərlə üzləşən insanlar mütləq mütəxəssislərə müraciət etməlidirlər. Bunun qarşısını almaq olar.

 

Bəzən sui-qəsddən danışan şəxsin yanında bu mövzu haqda danışmamağı məsləhət görürlər. Bu çox yanlış yanaşmadır. Əksinə, bu barədə həmin şəxslə danışılmalı, ona məsləhətlər verilməli, ona daxilində yaşananları danışmağa imkan verilməlidir. Bu da suisidin qarşısını almağa böyük yardım edər.

 

Əfsuslar olsun ki, yeniyetmələr və uşaqlar arasında da intiharlar olur. Bu cür halların yaşanmaması üçün valideyinlərin üzərinə böyük məsuliyyət düşür. Dünya statistikasına görə intihar edənlər arasında yeniyetmə və uşaqların sayı azlıq təşkil etsə də belə hallar da olur. Yeniyetmə və gənclik dövründə insan çox sınaqlardan keçir: məktəb bitirir, universitetə daxil olur, işə girir, evlənir. Bunların hamısı stress yaradan faktorlardır. Bu səbəbdən də valideynlər daim bu hisslərini övladları ilə bölüşməli, onlarla söhbət etməlidirlər.

 

İntiharların əksəriyyəti depressiya nəticəsində yaranır. Depressiyanın səbəbi əksər hallara stresslə əlaqəlidir. Stress olmadan həyat mümkün deyil. Lakin stressin miqyası böyük olanda, həyat keyfiyyəti aşağı düşür.

 

Yaxşı olardı ki, hər kəs ətrafındakı insanlara, ailə üzvlərinə qarşı diqqətli olsunlar. Yaxınlarının davranışında qəribə hallar müşahidə edəndə onları mütəxəssisə yönləndirsinlər.

 

Belə hallar üçün Psixi Sağlamlıq Mərkəzinin nəzdində “İnam telefonu” Qaynar xətt nömrəsi fəaliyyət göstərir. Bəzən insanların böhran anında başqa çarəsi olmur və problemi bölüşəcək birilərini axtarır. Mərkəz daxilində yaradılmış “İnam telefonu” məhz bu zaman köməyə çatır və insana bir qədər sakitləşmək və hadisələrə daha sakit tərzdə başqa bir prizmada baxmağa kömək edir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11/09/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..