Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Narkoloji Mərkəzində tədbir keçirilmişdir

03.10.2017-ci tarixində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində Ümumdünya Alkoqolizmlə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir qeyd edilmişdir ki, alkoqolizm - spirtli içkilərin sui–istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir.

 

Aparılmış tədqiqatların təhlilindən aydın olur ki, alkoqolizm hazırda klinik psixologiyaya daxil olan ən mühüm nazoloji vahidlərdən biri kimi təsnif olunur. Spirtli içkilərə meyilliliyin daxili üzvlərə və ümumiyyətlə, somatik xəstəliklərin əmələ gəlməsinə necə ağır təsir göstərdiyi elmə çoxdan məlumdur. Bütün bunlar təbabətin uzunmüddətli nəzəri və təcrübi tədqiqat materiallarına əsaslanmışdır. Psixoloji və somatik xəstəliklərin öyrənilməsinə həsr olunmuş tədqiqatlar nəticəsində alkoqolizmin bütün xəstəliklərlə qarşılıqlı əlaqəsi aşkar olunmuşdur.

 

Tədqiqatlar göstərir ki, ümumiyyətlə alkoqolun mütamadi qəbulu və ya alkoqolizmin xroniki xəstəlik halına keçməsi, orqanizmin daxili üzvlərinin zədələnməsinə və bunun nəticəsində psixosomatik pozuntular, sayıqlamalar, depressiv hallar, eləcə də ayrı-ayrı bədən üzvlərində ağrıların meydana gəlməsinə səbəb olur.

 

Alkoqolizmin qarşısı vaxtında alınmazsa və xəstə tibbi müalicəyə cəlb edilməzsə, onun sonradan müalicəsi xeyli çətinləşir. Ümumiyyətlə alkoqolizmin profilaktikasında xəstənin fərdi – psixoloji xüsusiyyətləri əsas götürülməlidir. Alkoqolizm yalnız insanın şəxsiyyət keyfiyyətlərinə və sağlamlığına təsir göstərmir. Bu xəstəlik həm də cəmiyyətə, sosial sferaya hərtərəfli təsir göstərməklə, mövcud olan bir sıra sosial institutları zəiflədir, müxtəlif problemlər ortaya çıxarır.

 

ÜST-nin məlumatlarına görə dünyada ölüm hadisələrinin təxminən 4%-i bu və ya digər dərəcədə alkoqoldan sui istifadə və bundan əmələ gələn xəstəliklər ilə əlaqəlidir. Hər il dünyada 2,5 mln insan bu səbəbdən həyatını dəyişir, onlardan 320 min nəfəri 15-29 yaşlı şəxslərdir. Ölüm hadisələri və əlilliyə səbəb kimi alkoqoldan sui-istifadə risk faktorları arasında III yer tutur. Ürək-damar xəstəlikləri, sinir sisteminin degenerativ xəstəlikləri, qaraciyər, mədəaltı vəzi və onkoloji xəstəlikləri mütəmadi alkoqol qəbulu ilə sıx statistik əlaqəsi ÜST-nin məlumatları ilə təsdiqlənir.

 

Alkoqoldan sui istifadə zorakı ölüm və travmatizasiya statistikasına ciddi təsir göstərir. Ailədə zorakılıq, uşaqlara zor tədbiq etmək hallarında alkoqol sərxoşluğunun təsiri çox yüksəkdir.

 

2010-cu ilin may ayında Cenevrədə keçirilən Beynəlxalq Səhiyyə Assambleyasinda “Alkoqoldan sui istifadə edilməsinin azaldılması strateqiyası” qəbul olunmuşdur. Məsləhət xarakteri daşıyan bu sənədə, ÜST-na daxil olan 194 ölkənin Səhiyyə Nazirləri imza etmişlər.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə qeydə alınan şəxslərin ümumi sayı 2016-cı ildə 21909 nəfər, onlardan 863 nəfər qadın, olmuşdur. 2011- ci ildə analoji göstərici 19765 nəfər, onlardan 857 nəfər qadın, 2008- ci ildə -18298 nəfər, onlardan 836 nəfər, qadın, 2005-ci ildə 18199 nəfər, onlardan 871 nəfər qadın, olmuşdur.

 

Alkoqolizmlə xəstə olanlara xas olan motivasiya xüsusiyyətləri haqqında elmi və nəzəri məlumatların çoxluğu xəstələrdə gedən dəyişiklikləri qabaqcadan anlamaqda, profilaktika tədbirlərini tezləşdirməkdə böyük yardımçı vasitə ola bilər. Hesab edirik ki, xüsusi maarifçilik işinin aparılması və spirtli içkilər haqqında reklam çarxlarının azaldılması müsbət nəticə verə bilər. Çünki ayrı-ayrı hallarda alkoqolizm məhs psixoloji səbəblərdən ortaya çıxır və dərinləşərək xəstəliyə çevrilir. Şəxsin özünü qiymətləndirilməsinin aşağı düşməsi, öz imkanlarına inamın olmaması və s. kimi psixoloji vəziyyətlər bu xəstəliyin inkişafına və dərinləşməsinə gətirib çıxara bilər. Alkoqolizm, cəmiyyətin nüvəsi olan ailəni dağıdır və onun üzvlərini cəmiyyətin yararsız nümayəndələrinə çevirir, boşanmaların sayını artırır və beləliklə cəmiyətə ciddi zərbə vurur. Fikrimizcə alkoqolizmin sosial bəlalarını aradan qaldırmaq üçün müxtəlif yönümlü sosial və psixoloji işin aparılması və alkoqol qəbul edən şəxslərlə mütamadi psixoloji treninqlərin aparılması, alkoqolun mütamadi qəbulunun yaratdığı fəsadların təhlükəliliyi onlara başa salınmalı və anladılmalıdır. Əks halda cəmiyətin inkişafının sürətləndiyi bir dövrdə stress və yorğunluq faktoru psixoloji müdafiyə kimi alkoqol qəbul edənlərin devizinə çevriləcəkdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

3/10/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->