Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ET Pediatriya Institutunun 90 illik yubileyi qeyd edilir

Bu gün Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun 90 illiyi ilə əlaqədar iki günlük konfrans öz işinə başlamışdır. Tədbirdə bu gün Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr, professor Nəsib Quliyev, millət vəkilləri və səhiyyə ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan G.Poladov ölkə başçısı, prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən köklü işlər, əhaliyə göstərilən tibbi yardımın, səhiyyə xidmətinin səviyyəsinin daha da artırılması istiqamətində görülən işlərə toxundu, icra olunan dövlət proqramları, həyata keçirilən tədbir haqqında danışdı.

 

N.Quliyev çıxışı zamanı bildirdi ki, 2017-ci ildə K.Y.Fərəcova adına ET Pediatriya İnstitutunun yaradılmasının 90 ili tamam olur. Mübaliğəsiz demək olar ki, Azərbaycanda ilk yaradılan şəfa ocaqlarından biri olan bu qocaman tibb müəssisəsi bir əsrə yaxın vaxt ərzində ana və uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə şərəf və ləyaqətlə xidmət etmişdir.

 

Müəssisə rəhbəri qeyd etdi ki: “bu günkü səviyyəyə çatmaq üçün institutumuz 90 illik tarixi bir yol keçmişdir – o həm müalicə, həm də təhsil ocağı olmuşdur. Humanizm ideyalarına sədaqəti, qayğıkeşliyi və rəşadəti ilə öyünən institutun ənənələrinin kökləri dərin olmaqla, onun yaranma tarixinə gedib çıxır. Bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunmuş, 1927-ci ildə yenidən qurularaq Ana və Uşaqları müafizə institutuna çevrilmişdir. İnstitutun ilk direktoru və təşkilatçısı həkim-pediatr Yevsey Yakovleviç Gindes olmuşdur. Y.Y.Gindes 1897-ci ildə Kiyev universitetinin tibb fakültəsini bitirdikdən sonra 1905-ci ilədək Kiyev uşaq klinikasında professor Çernovun yanında işləmişdir”.

 

1905-ci ildə Gindes Bakıya gələrək Qaraşəhər xəstəxanasının uşaq şöbəsinin müdiri seçilmişdir. 1918-1922-ci illərdə Y.Y.Gindes Bakı uşaq xəstəxanasının baş həkimi olmuşdur. Elə həmin xəstəxananın bazasında da Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının Ana və Uşaqları Mühafizə İnstitutu təşkil olunmuşdur ki, Y.Y.Gindes də 1930-cu ilə qədər həmin institutun direktoru olmaqla, eyni zamanda uşaqların sağlamlığının qorunması şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

 

İnstitutda ilk dövrlər tibb bacıları (pediatrik profilli), körpələr evi müdirləri və tibb bacısı-tərbiyəçilər hazırlamaq üçün kurslar təşkil olunmuşdu. Bu kurslarda hər il 100-dən çox işçi oxuyurdu. 1934-cü ildən etibarən kurslar 2 illik məktəbə çevrildi. Bu kursların və məktəbin işlədiyi müddətdə ana və uşaqların mühafizəsi sistemi üzrə uşaq müəssisələri üçün 500-dən çox orta tibb işçiləri hazırlanmışdı. O cümlədən, uşaq məsləhətxanaları və xəstəxanalar üçün tibb bacıları, yaslilər, uşaq evləri və uşaq bağçaları üçün tərbiyəçilər, yasli müdirləri, sosial hüquq işçiləri və s. 1952-ci ildə məktəb yenidən təşkil edilərək 2 saylı müstəqil tibb məktəbinə çevrilmiş və institutdan ayrılmışdır.

 

1930-cu ildən etibarən instituta Əbülfəz Fərəc oğlu Qarayev rəhbərlik etmişdir. Ə.F.Qarayev 1885-ci ilin sonunda Bakıda qulluqçu ailəsində anadan olmuşdur. Gimnaziyanı bitirdikdən sonra ona, Odessa şəhərində keçmiş Novorossiysk universitetinin tibb fakültəsinə daxil olmaq nəsib olmuşdur. Universiteti bitirdikdən 3 il sonra, yəni 1915-ci ildə Ə.F.Qarayev Azərbaycana köçür və şəhər müalicəxanasında (indiki 2 saylı poliklinika) həkim ordinator kimi işləməyə başlayır. İlk Azərbaycanlı pediatr kimi Ə.F.Qarayev bütün güc və enerjisini böyük, həm də vacib bir işə - uşaqlara tibbi xidmətin təşkilinə və Azərbaycanda pediatriya elminin təşəkkülünə həsr etmişdir.

 

1930-cu ildən etibarən Ə.F.Qarayev həm də Azərbaycan Dövlət Tibb institutunda əvvəlcə assistent kimi, 1931-ci ildən isə dosent kimi pedaqoji fəaliyyətə başlayır. 1937-ci ildə Ə.F.Qarayev “Skarlatinada mərkəzi sinir sistemində patomorfoloji dəyişikliklər məsələlərinə materiallar”mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. Eyni zamanda bir çox illər ərzində o, Ana və Uşaqları mühafizə institutuna başçılıq və onun pediatrik sektoruna rəhbərlik edir.

 

İnstitutda bir çox illər ərzində Y.Y.Gindes., F.İ.İlyin., Ə.F.Qarayev., T.X.Axundov., S.İ.Hacıyeva., Q.B.Bron., K.Y.Fərəcova kimi pediatriya elminə və elmi kadrların hazırlanmasına böyük töhvə vermiş görkəmli alimlər çalışmışdır.

 

Respublikada qadın və uşaqların sağlamlığının qorunması problemlərinin həlli bir çox cəhətlərinə görə Kubra Yəhya qızı Fərəcovanın adı ilə bağlıdır. O, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub, onu bitirdikdən sonra isə Ana və Uşaqları mühafizə İnstitutunda elmi fəaliyyətə başlamışdır. 1950-ci ilin sonunda K.Y.Fərəcova Ana və uşaqları mühafizə institutunun direktoru vəzifəsini tutmuşdur. Ana və Uşaqları Mühafizə İnstitutuna 30 il müddətində (1950-1980-cı illər) başçılıq edən professor K.Y.Fərəcova böyük elmi, təşkilati və ictimai iş aparırdı. İnstitutun rəhbəri kimi o, həkim pediatrların, mama-ginekoloqların bilik və ixtisasının artırılmasına böyük diqqət yetirirdi.

 

1980-1993-cü illərdə ET Pediatriya institutuna tibb elmləri doktoru, professor Sonaxanım Əli qızı Cəfərova başçılıq etmişdir. O, 1952-ci ildə Tibb institutunu bitirdikdən sonra 10 il müddətində səhiyyənin müxtəlif sahələrində işləmişdir.

 

İnstitutda elmi-tədqiqat işlərinin planlaşdırılması və aparılmasında 20 il müddətində (1971-1991) elmi işlər üzrə direktor müavini işləmiş tibb elmləri doktoru, professor Asif Rufulla oğlu Abdullayevin də böyük əməyi olmuşdur. İstedadlı alim, təcrübəli həkim, gözəl insan olan A.R.Abdullayev həm də bacarığı səhiyyə təbliğatçısı idi.

 

Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən sonra K.Y.Fərəcova adına ET Pediatriya İnstitutunun inkişafında xüsusi bir mərhələ başlanmışdır.

 

1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı sözün əsl mənasında Azərbaycanın dövlət müstəqilliyinin başlanğıcı və xalqımızın taleyində dönüş nöqtəsi oldu. Çox qısa zamanda bütün sahələrlə yanaşı, ölkə səhiyyəsinin də ağır böhrandan çıxarılması və inkişafı strategiyası müəyyən olundu.

 

Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında birinci olaraq Avropadan əldə edilmiş kredit hesabına Azərbaycanda uşaqlar arasında geniş yayılmış yoluxucu xəstəliklərin qarşısının alınması və müalicəsi məqsədilə külli miqdarda vaksin preparatlarının, spesifik zərdablar, dərman və tibb ləvazimatlarının ölkəyə gətirilməsi öz müsbət nəticələrini verməyə başladı. Təsadüfi deyildir ki. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 1996-cı ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən müşavirəsində MDB ölkələri ilə aparılan müqayisədə difteriya epidemiyasının ləğvi üzrə Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər birinci yeri tutdu. Bir-birinin ardınca poliomielit, malyariya, qızılca kimi təhlükəli yoluxucu xəstəliklərin uşaqlar arasında epidemiyalarının qarşısı alındı. 1997-ci ildə qəbul olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununda ana və uşaqların mühafizəsi məsələlərinə xüsusi diqqət ayrıldı. Göstərilənlərin məntiqi nəticəsi olaraq 2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə Azərbaycan “Poliomielitdən azad ölkə” statusunu qazandı. Artıq bütövlükdə respublikamızda və o cümlədən də, ölkə səhiyyəsində sabitlik və stabillik müşahidə olunmağa başlamışdı.

 

Əsası xalqımızın Ümummilli lideri dahi Heydər Əliyev tərəfindən qoyulmuş səhiyyə stategiyası bu gün ölkə Prezidenti Möhtərəm İlham Əliyev cənabları tərəfindən böyük uğurla və yaradıcılıqla davam etdirilməkdədir. Dövlət başçısının xüsusi Fərmanı ilə 2003-cü ilin noyabrında “Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” geniş miqyaslı Dövlət Proqramının qəbul edilməsini, digər sahələrlə yanaşı, Azərbaycan səhiyyəsinin də inkişafı və yüksəlişi mərhələsinin başlanğıcı hesab etmək olar. Deyilənlərin məntiqi davamı olaraq 2004-cü ilin fevralında “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.

 

2005-2006-cı illərdə ölkə Prezidentinin xeyir-duası ilə Səhiyyə Nazirliyində çoxsaylı Dövlət Proqramları işlənib hazırlandı ki, bunların da xeyli qismi ana və uşaqların sağlamlığının mühafizəsi məsələlərinə həsr olunmuşdu. 2006-cı ildə Səhiyyə Naziliyinin qərarı ilə ana və uşaqların sağlamlığının qorunması işi səhiyyənin prioriteti kimi qəbul olundu. Həmin ildə təsdiq olunmuş “Ana və uşaqların sağlamlığının qorunması” Dövlət Proqramının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Çünki, məhz həmin Dövlət Proqramının sayəsində Azərbaycanda ilk dəfə olaraq perinatal xidmətin əsası qoyulmuşdur. 2006-2010-cu illəri əhatə edən bu Proqramın reallaşması nəticəsində respublikamızın yeddi regionunda –Bakıda, Gəncədə, Naxçıvanda, Sabirabadda, Lənkəranda, Qubada və Şəkidə perinatal mərkəzlər yaradıldı və fəaliyyətə başladı. Bu Dövlət Proqramı çərçivəsində yenidoğulanlardan başlayaraq uşaqlara elektron sağlamlıq kartlarının (“bioloji pasportların”) verilməsinə başlandı və hal-hazırda da bu iş uğurla davam etdirilir. Dünyanın bir qisim inkişaf etmiş ölkələrində tətbiq olunan bu sistemin əsas məqsədi ondan ibarətdir ki, körpə doğulandan etibarən ona göstərilən tibbi xidmət haqqında bütün məlumatlar bu karta yerləşdirilərək saxlanılır və istənilən zaman uşağın sağlamlığı ilə bağlı həmin məlumatları oradan oxumaq mümkündür. Elektron sağlamlıq kartları onların sahiblərinin özlərində saxlanılır. Bu informasiyalar eyni zamanda Səhiyyə Nazirliyinin nəzdində yaradılmış mərkəzi məlumat bankına daxil edilir. Ölkədə tətbiq olunan “Elektron Azərbaycan” Proqramı çərçivəsində həyata keçirilən bu tədbirlər gələcəkdə uşaqların icbari dispanserizasiyası üçün də böyük əhəmiyyət kəsb edir.

 

2006-cı ildə qəbul olunmuş ən vacib Dövlət Proqramlarından biri də “Yoluxucu xəstəliklərin immunoprofilaktikası”na həsr olunmuşdur. Uşaqların yoluxucu xəstəliklərdən qorunmasında peyvəndin müstəsna əhəmiyyəti hamıya məlumdur. Yuxarıda qeyd edildiyi kimi, müstəqilliyimizin ilk illərində bu xidmət də yarıtmaz vəziyyətdə idi və dağılmaq həddinə çatmışdı. O zamanlar uşaqlar cəmi beş xəstəliyə qarşı vaksinasiyaya cəlb olunurdu və peyvənd materiallarının kəskin defisiti mövcud olduğu üçün peyvənd təqviminə riayət olunması mümkün deyildi. Ölkə rəhbərliyinin bu işə göstərdiyi diqqət və qayğının, həyata keçirilən Dövlət Proqramının və dövlət tərəfindən ayrılan maliyyə vəsaitinin sayəsində bu gün vəziyyət kökündən dəyişmişdir. Belə ki, hazırda respublikada uşaqlar, dünyanın ən inkişaf etmiş ölkələrində olduğu kimi, on bir yoluxucu xəstəliyə qarşı (“B” virus hepatiti, vərəm, poliomielit, difteriya, tetanus, göy öskürək, pnevmoniya, hemofilus influenza B, qızılca, məxmərək və parotit) dövlət vəsaiti hesabına peyvənd olunurlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, heç də dünyanın bütün ölkələrində vaksinasiya işi bütövlükdə dövlət hesabına həyata keçirilmir. İmmunoprofilaktika ilə bağlı Səhiyyə Nazirliyində həyata keçirilən ardıcıl və səmərəli işin nəticəsidir ki, bu gün respublikada təbii çiçəyin, poliomielitin, difteriyanın qarşısı tam alınmışdır. 2005-ci ildən “Qızılca və məxmərəyin eliminasiyası” Avropa proqramına daxil olmaqla ölkəmiz bu sahədə də böyük nailiyyətlər əldə etmişdir. Artıq 2008-ci ildən indiyədək respublikada uşaqlar arasında qızılca xəstəliyinə rast gəlinməmişdir. Məxmərək xəstəliyi də yox həddindədir. Bu istiqamətdə vacib tədbirlər bu gün də davam etdirilir. Səhiyyə Nazirliyinin xüsusi əmri ilə qızılca və məxmərəyin eliminasiyası ilə əlaqədar “Milli verifikasiya komitəsi” yaradılmışdır. Qürur hissi ilə vurğulamaq lazımdır ki, görülən kompleks tədbirlərin nəticəsində 2015-ci ildə Azərbaycan qızılca və məxmərəyin eliminasiyasına nail olaraq 53 avropa ölkəsi arasında birinci onluqda yer almışdır. Bununla yanaşı bəzi insanlar peyvəndin mahiyyətini və əhəmiyyətini bilmədən ona qarşı müxtəlif fikirlər səsləndirirlər ki, buna da heç vəchlə yol vermək olmaz. Peyvəndin tarixi çox qədimdir və insanlar bu profilaktika metodundan eramızın VII əsrindən etibarən istifadə etməyə başlamışlar. Ümumiyyətlə, hər bir kəs bilməlidir ki, bu gün dünyada peyvəndin alternativi mövcud deyildir və ancaq bu yolla ən qorxulu xəstəliklərdən qorunmaq olar.

 

Respublikada ana və uşaqların sağlamlığının mühafizəsi sahəsində Heydər Əliyev Fondunun göstərdiyi xidmətlərin xüsusi yeri vardır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xos məramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində çoxlu sayda ambulator-poliklinik və stasionar tibb müəssisələri təmir və bərpa olunmuş, müasir tibb avadanlıqları ilə təchiz edilmişdir. Regionda analoqu olmayan Tallasemiya Mərkəzinin də yaradılması məhz bu Fondun adı ilə bağlıdır. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi böyük miqyaslı işlər ÜST tərəfindən yüksək qiymətləndirilərək, onun Prezident Mehriban xanım Əliyeva Azərbaycan tarixində ilk dəfə olaraq ana və uşaqların mühafizəsi işində müstəsna xidmətlərinə görə “Qızıl ulduz” mükafatına layiq görülmüşdür. Bu yüksək mükafatı hər bir azərbaycan vətəndaşı kimi tibb işçiləri də böyük minnətdarlıq və qürur hissi ilə qarşılamışlar. Ana və uşaqların mühafizəsi ilə bağlı Heydər Əliyev Fondunun çoxşaxəli və səmərəli fəaliyyəti bu gün də uğurla davam etməkdədir.

 

Qeyd etmək lazımdır ki, 2006-cı ildən başlayaraq Səhiyyə Nazirliyi tərəfindən ardıcıl surətdə həyata keçirilən kompleks tədbirlərin və eləcə də qəbul olunan Dövlət Proqramlarının reallaşması nəticəsində uşaqlarda rast gələn irsi qan xəstəliklərinin, xronik böyrək çatmamazlığının şəkərli diabetin diaqnostikası, müalicə və profilaktikası istiqamətində də çox işlər görülmüş, uğurlar əldə edilmişdir. Uşaqlara tibbi xidmət göstərən ambulator-poliklinik və xüsulilə də stasionar müəssisələrində profilləşmə aparılmaqla bərabər uşaq onkologiyası, uşaq onkohematologiyası, uşaq kardiocərrəhiyyəsi, uşaq oftolmologiyası, uşaq hematologiyası, uşaq nevrologiyası, uşaq neyrocərrahiyyəsi, uro-nefrologiyası, uşaq kardiologiyası, yenidoğulanların və erkən yaşlı uşaqların cərrahiyyəsi və sair stasionar xidmət sahələri ya yeni yaradılmış, yaxud da yenidən qurularaq müasir səviyyədə bərpa olunmuş, ən yeni tibbi avadanlıqlarla təhciz edilmişdir.

 

Bu gün dünya ölkələrində, BMT-də eləcə də ÜST-də qəbul edilən, ana və uşaqların sağlamlığının vəziyyətini, rifahını, cəmiyyətdə onlara göstərilən diqqət və qayğını, həmçinin də hər bir dövlətin inkişaf səviyyəsini xarakterizə edən vacib meyarlar körpə və ana ölümü göstəriciləri hesab olunur. Təsadüfi deyildir ki, bu göstəricilər III Minilliyin Məqsədləri sırasında 4-cü və 5-ci yerləri tutmuşdur. Müstəqillik illərində Azərbaycanda bu sahədə də böyük irəliləyişə nail olunmuşdur. Belə ki, əgər 1993-cü ildə respublikada körpə ölümü hər min nəfər diri doğulan uşağa 29,5 təşkil edirdisə, 2016-cı ilin yekunlarına görə bu göstərici üç dəfəyə qədər azalaraq 10,2 promilliyə enmişdir. Onu da qeyd etmək lazımdır ki, 2015-ci ildən Respublikamızda diridoğulmanın yeni meyarları tətbiq olunmuşdur. Ana ölümü 1994-cü ildə hər yüz min nəfər diri doğulana 43,8 olmuşdusa, 2016-cı ildə bu göstərici 13,8 təşkil etmişdir. Bu sahədə əldə olunan uğurlara baxmayaraq əsas məqsəd həmin göstəricilərin Avropanın və dünyanın ən inkişaf etmiş ölkələrində mövcud olan səviyyələrə qədər azaldılmasına nail olmaqdan ibarətdir. Hazırda respublikamızda körpə ölümünü törədən səbəblər sırasında perinatal və neonatal dövrlərdə rast gələn patologiya və xəstəliklərin əsas problem olmasını nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən bu sahə prioritet kimi qəbul edilmişdir. Uşaq ölümünün azaldılmasında doğuşayardım müəssisələrində yenidoğulanların ilkin reanimasiya işinin yüksək səviyyədə həyata keçirilməsinin, vaxtındanəvvəl doğulan və azkütləli körpələrin bəslənməsi və müalicəsinin səmərəli təşkilinin müstəsna əhəmiyyəti diqqət mərkəzində saxlanmaqdadır. 2012-ci ildə Nazirliyin 79 saylı əmri ilə yaradılmış “Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə Səhiyyə Nazirliyinin komissiyası”nın fəaliyyətə başlaması da bu problemə diqqətin daha da artırılması məqsədini güdür. 1992-ci ildən BMT-nin “Beynəlxalq Uşaq Hüquqlarının Konvensiyası”na qoşulmaqla Azərbaycan dövləti hər beş ildən bir ölkədə uşaqların vəziyyəti haqqında həmin təşkilata hesabat verir. Bu konvensiyanın tələblərinə uyğun olaraq respublikamızda uşaq yaşı 18 yaşa qədər müəyyən olunmuşdur.

 

2013-cü ildə Dövlət Başçısının təşəbbüsü ilə Milli Məclis tərəfindən “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsini indiyədək dövlət tərəfindən uşaqların sağlamlığının qorunması istiqamətində görülən işlərin məntiqi yekunu hesab etmək lazımdır. Çünki, hər şeydən əvvəl, bu Qanun öz tutumuna görə doğulandan 18 yaşa qədər üç milyon nəfərə yaxın uşaq əhalisini əhatə etməklə müstəsna əhəmiyyətə malikdir. Dispanserizasiyanın hər il dövlət vəsaiti hesabına icbari qaydada həyata keçirilməsi, uşaqların mütəmadi olaraq geniş tibbi müayinələrə cəlb olunması onların sağlamlığı ilə bağlı bütün problemlərin vaxtında aşkarlanaraq aradan qaldırılmasına real şərait və imkanlar yaradır.

 

Qeyd etmək lazımdır ki, müstəqillik illərində ölkə səhiyyəsinin bu inkişaf yolu K.Fərəcova adına ET Pediatriya institutundan da yan keçməmiş, ölkə Prezidentinin 10 aprel 2013-cü il tarixli xüsusi sərəncamı ilə Səhiyyə Nazirliyi tərəfindən qısa zaman ərzində çox böyük uğurla institut əsaslı təmir olunaraq yenidən qurulmuş, ən müasir tibb avadanlıqları ilə təchiz olunaraq 3 dekabr 2014-cü ildə yenidən fəaliyyətə başlamışdır.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra institut yaxın və uzaq xariclə öz əlaqələrini daha da genişləndirməkdə davam etmişdir. Müəssisəmiz Hacəttəppə Universiteti (Ankara), Rusiya Federasiyası uşaq sağlamlığı Milli Elmi Mərkəzi, Zəkai Tahir Burak Kadın Sağlığı Eğitim ve Araştırma Mərkəzi (Ankara) və həmçinin Türk Dünyası ölkələrinin pediatrik səhiyyə müəssisələri ilə sıx əməkdaşlıq və təcrübə mübadiləsi aparır. Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Bu gün ET Pediatriya İnstitutunda “Ana südü ilə qidalanma”, “Bətndaxili infeksiyalar”, “Yenidoğulanlarda nekrotik enterokolitin erkən diaqnostikası və müalicəsi”, “Yoluxucu xəstəliklərin immuno-profilaktikası problemləri” üzrə elmi tədqiqatlar davam etdirilir.

 

İnstitutda 245 çarpayılıq 8 klinik şöbə və bir çox paraklinik bölmələr fəaliyyət göstərir. 50 çarpayılıq yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsi respublika üzrə reanimatoloji-neonatoloji mərkəz funksiyasını yerinə yetirir. Keçən il institutun klinik-poliklinik bazasında 30 mindən çox xəstə uşağa stasionar və ambulator tibbi xidmət göstərilmişdir. Müqayisə üçün göstərmək lazımdır ki, 1994-cü ildə institutun stasionar şöbələrinə 2761, poliklinik şöbəsinə isə cəmi 2399 nəfər uşaq qəbul olunmuşdur. Göründüyü kimi 5 dəfədən çox artım müşahidə olunur. Müstəqillik illərində institutda aparılan elmi-tədqiqat işlərinin nəticələri dərc olunan çoxsaylı elmi məqalələr, monoqrafiya, dərslik, dərs vəsaiti, metodik göstərişlərdə öz əksini tapmışdır, bu müddətdə 50 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə olunmuşdur.

 

N.Quliyev çıxışı zamanı qeyd etdi ki: “İstitutumuzda yaradılmış bu mükəmməl və gözəl şəraitə görə kollektivimizin bütün üzvləri adından ölkə Prezidenti, zati Aliləri möhtərəm İlham Əliyev cənablarının, Azərbaycan Respublikasının I vitse Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Səhiyyə Naziri çox hörmətli Oqtay müəllim Şirəliyevə dərin təşəkkürümüzü və ehtiramımızı bildirirəm. Söz veririk ki, bundan sonra da, K.Fərəcova adına ET Pediatriya institutunun kollektivi respublikamızda uşaqların sağlamlığının qorunması kimi nəcib işə həsr olunmuş fəaliyyətini var qüvvəsi ilə davam etdirəcəkdir”.

 

Sonra tədbir öz işini digər çıxışlarla davam etdirmişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

6/10/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->