Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İSİM-də jurnalistlər üçün “Ümumdünya Əl Yuma Günü”nə həsr olunmuş brifinq keçirilib

16.10.2017-ci il tarixində İctimai səhiyyə və İslahatlar Mərkəzində “Ümumdünya Əl Yuma Günü” ilə əlaqədar brifinq keçirilib.

Tədbirdə qeyd edilib ki, 2008-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatınının (BMT) Baş Assambleyası hər il 15 oktyabrı rəsmi olaraq “Ümumdünya Əl Yuma Günü” olaraq qeyd edir.

 

BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin qənaətinə görə, “çirkli əllər”dən yaranan xəstəliklər qlobal səviyyədə fəlakətə yol aça bilər. Odur ki, bu istiqamətdə keçirilən tədbirlər ictimaiyyəti çox əhəmiyyətli olan gigiyenik proseduraya yiyələnməyə təşviq etmək vəzifəsi daşıyır.

 

Tədbirdə bir daha vurğulandı ki, gigiyena qaydalarına əməl etmək uşaqdan böyüyədək hər kəs üçün olduqca vacib məsələdir. Sanitariya və gigiyena qaydalarına riayət olunmadığına görə dünyada baş verən xəstəlik hallarına nəzər salındı, uşaqların gigiyenik vərdişlərə yiyələnməsinin vacibliyi və bu vərdişlərin insan psixologiyasına təsiri barədə mətbuat nümayəndələrinə geniş məlumat verildi.

 

Tədbirdə, həmçinin əhalinin sağlamlığının qorunması istiqamətində aparılan profilaktik tədbirlərin təbliğində, gigiyena qaydalarına riayət olunması ilə bağlı düzgün maarifləndirmə işinin aparılmasında media nümayəndələrinin öhdəsinə düşən məsuliyyətdən söz açıldı, bu istiqamətdə media ilə birgə fəaliyyətin zəruriliyi vurğulandı.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

16/10/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..