Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Ginekologiyada qanaxmaların cərrahi dayandırılma metodları” beynəlxalq kursu başladı

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar gedir, təhsilin yeni forma və metodları praktikaya daxil edilir.

 

Dövlətimiz beynəlxalq təhsilə xüsusi önəm verir. Bu sahədə Səhiyyə Nazirliyinin dəstəyi ilə atılan son addımlardan biri də Respublikamızda praktik səhiyyədə çalışan yüksək ixtisaslı əcnəbi mütəxəssislər heyətinin Ə.Əliyev adına ADHTİ-də keçirilən ixtisasartırma kurslarında tədris prosesinə cəlb olunmasıdır. 2014-cü ildən başlayaraq institutun pediatriya, terapiya, kardiologiya, şüa diaqnostikası, mamalıq və ginekologiya kafedralarında ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Belçika, Avstriya, Danimarka, Niderland, Rusiya və Belorusiyadan gəlmiş yüksək ixtisaslı mütəxəssisləri təlabat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirirlər.

 

Son illərdə ana və uşaq sağlamlığı sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər sayəsində nəzərəçarpan nailiyyətlər əldə edilibdir. Ana və uşaq sağlamlığının qorunması üzrə 2014-2020-ci illər üzrə Dövlət Proqramı, Sağlamlıq 2020- Səhiyyə Nazirliyinin strateji planı çərçivəsində doğuşayardım xidmətində aparılan islahatlar ana və uşaq sağlamlığının yaxşılaşmasına imkan verir. Doğuşayardım xidmətinin təkmilləşdirilməsində əsas ağırlıq həkimlərin üzərinə düşdüyünə görə Ə.Əliyev adına ADHTİ-nin həmin proqramlarda aktiv iştirakını qanunauyğun saymaq lazımdır. İnstitutda mütamadi təşkil olunan və mamalıq-ginekologiyanın aktual problemlərinə həsr olunmuş kurslar dinləyicilər tərəfindən rəğbətlə qarşılanır.

 

Ə.Əliyev adına ADHTİ ilə İ. Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universiteti arasında bağlanmış müqavilə əasında həkimlərimiz üçün müxtəlif səpkili təkmilləşdirmə kursları keşirilir, institutun bir sıra alimləri bu universitetin ayrı-ayrı kafedralarında iş təcrübəsində olurlar.

 

Mühazirələrdə institutun təhsil alan həkim-müdavimlərlə yanaşı Respublikanın müxtəlif tibb idarələrinin həkimləri də iştirak edirlər.

 

Həmin beynəlxalq təhsil proqramı çərçivəsində Ə.Əliyev adına ADHTİ-da İ. Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin mamalıq və ginekologiya və operativ cərrahiyyə kafedralarının professor-müəllim heyətinin iştirakı ilə 04.12.17–09.12.17-ci il tarixində “Kliniki anatomiya ilə operativ ginekologiya. Ginekologiyada qanaxmaların dayandırılmasının cərrahi metodları” mövzusunda kurs keçirilir. Kursda İ. Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin mamalıq və ginekologiya kafedrasının müdiri t.e.d., professor Sergey Aleksandroviç Levakov və həmin Universitetin operativ cərrahiyyə kafedrasının müdiri t.e.d., professor Sergey Sergeyeviç Dıdıkin mühazirələr oxuyacaq, məşgələlər aparacaqlar.

 

Artıq həmin kurs başlanmışdır və kursun ilk günlərindən müdavimlərə müasir məlumatlar çatdırılmış,əyani olaraq müxtəlif metodikalar nümayiş etdirilmişdir. Respublikada ilk dəfə olaraq cərrahi metodikaların əyani olaraq kadavral nümayiş etdirilməsi dinləyicilərin böyük marağına səbəb olmuşdur. Göstərilən müdaxilələrin sonradan klinikada canlı həyata keçirilməsi kursun sanballılığını daha da artırır.

 

Dərslərdən sonra müdavimlər arasında aparılan birbaşa sorğu göstərib ki, beynəlxalq təhsil kifayət qədər effektlidir və onların böyük marağına səbəb olmuşdur. Həkimlərimiz bu kurslarda əldə etdikləri bilik və bacarıqları gündəlik iş praktikasına tətbiq edəcəklərini bildiriblər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

6/12/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..