Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU komandası IV yerə layiq görülüb

Azərbaycan İntellektual Oyunlar Assosiasiyasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə tələbələrarası çempionat keçirilib. Azərbaycan Tibb Universitetinin komandası yarışda IV yerə layiq görülüb.

 

Komandanın kapitanı Leyla Hüseynova bildirib ki, yarışda 30 komanda iştirak edib. O, yarışın çox maraqlı, eyni zamanda həyəcanlı keçdiyini deyib. Komanda üzvləri onlara dəstək üçün ATU rektorunun köməkçisi Ceyhun Məmmədzadəyə və ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimliyə təşəkkürünü bildirib. ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli komandanı IV yer tutmaları münasibəti ilə təbrik edib. Komanda üzvlərinə hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, ATU-nun intellektual oyunlar üzrə komandası artıq 5 ildir ki, fəaliyyət göstərir.

 

ATU-da tələbələrin iştirakı ilə digər tədbir keçirilib. “İslam Həmrəyliyinin Kulinariyası” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və ATU-nun tərəfdaşlığı ilə baş tutan tədbirdə universitetdə təhsil alan əcnəbi tələbələr iştirak edib.

 

Universitetin tələbəsi, layihə rəhbəri Rauf Vəliyev layihənin məqsəd və məramı barədə ətraflı məlumat verib. O, bu ilin “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladıb. Bununla əlaqədar Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə bir çox istiqamətlərdə müxtəlif tədbirlərin keçirildiyini vurğulayıb. Yeni layihənin də bu silsilədən növbəti tədbir olduğunu qeyd edib: “Məqsəd bu layihə çərçivəsində milli mətbəximizin universitetdə oxuyan əcnəbi tələbələrə yaxından tanıdılmasıdır. Buna səbəb milli mətbəximizə aid olan nümunələri özününküləşdirən bədnam qonşumuz ermənilərin məkrli niyyətlərinin qarşısını almaqdan ibarətdir. Bu tədbirin baş tutmasına görə, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

22/12/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..