Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İlkin aşkar olunmuş vərəm hallarının sayı azalmışdır

Səhiyyəyə olan diqqət və qayğı onun prioritet məsələlərindən biri olan vərəmlə mübarizə xidmətinin gücləndirilməsində öz əksini tapır. Dövlət tərəfindən qəbul olunmuş Vərəmlə Mübarizə Proqramları vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsini, vərəmin müayinə, diaqnostika, müalicə və profilaktikası üzrə yeni müasir üsulların tətbiqini təmin edir. Bu barədə ET Ağciyər Xəstəlikləri İstitutunun direktoru Həqiqət Qədirova bildirib.

 

Vərəmlə Mübarizə Proqramı çərçivəsində son illər ərzində Səhiyyə Nazirliyi tərəfindən Bakıda və regionlarda vərəmli, o cümlədən dərmanlara davamlı vərəmli xəstələr üçün 15 müasir tipli tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuş və müasir avadanlıqla təchiz edilmişdir.

 

Təkcə 2017-ci il ərzində Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yerləşən Milli Referens Laboratoriyasında və regionlarda yerləşən 5 mikrobioloji laboratoriyalarda, eləcə də 6, 8 və 9 nömrəli xüsusiləşdirilmiş xəstəxanalarda ventilyasiya sistemləri təmir edilmiş, İnstitutun mərkəzi dərman anbarında soyuducu otaq quraşdırılmış və 3 rayonda mikrobioloji laboratoriyalar işə salınmışdır. Bundan əlavə İnstitutunun müalicə korpuslarında təmir işlərinə başlanılmış və onun su təchizatı yaxşılaşdırılmışdır.

 

Həmin dövrdə İnstitut və digər vərəməleyhinə müəssisələr müasir tələblərə cavab verən yeni cihaz və aparatlarla, o cümlədən rentgen aparatı, flüoroqraflar, molekulyar–genetik müayinələrin aparılması üçün GenXpert aparatları, audiometrlər, elektrokardioqraflar və xolterlər, biokimyəvi və qan analizatorları, test-sistemlər və reaktivlər və s. təchiz olunmuşlar.

 

Bunlarla yanaşı vərəmin erkən aşkar olunması və müalicəsi məqsədilə ambulator şəbəkə genişləndirilmiş və ilkin səhiyyə xidmətinin həkimləri bu işə qoşulmuşdular.

 

Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ildə dərc etdiyi son tövsiyyələrə əsasən vərəmin müxtəlif formalarının diaqnostika və müalicəsinə aid normativ-metodik sənədlər təzələnmişdir. Vərəmlə mübarizə işində iştirak edən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə 2017-ci il ərzində İnstitutu tərəfindən 48 təlim keçirilmiş və ümumilikdə 896 nəfər hazırlıq keçib (vərəməleyhinə xidmətin bütün həkimləri və orta tibb işçiləri, ilkin səhiyyə xidmətinin həkimləri, gigiyena-epidemiologiya mərkəzlərinin epidemioloqları və TB-menecer elektron proqramı üzrə işləyən operatorlar).

 

Bütün ölkə üzrə vərəmli xəstələrin vahid elektron qeydiyyat sistemi tətbiq olunur və xəstələrin qeydiyyatı dünya standartlarına uyğun aparılır.

 

Aparılan tədbirlərin nəticəsində ölkədə son illər ərzində xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur. Əgər 2010-cu ildə hər 100 min əhaliyə xəstələnmə göstəricisi 53 təşkil edirdisə, hazırda bu göstərici 39-a qədər azalmışdır. Eynilə də ilkin aşkar olunmuş vərəm hallarının sayı 21% azalmışdır.

 

Müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalmaqdadır: 2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil etdiyi halda, 2016-cı ildə həmin göstərici 4,6 olmuşdur.

 

Vərəmin gecikmiş və yayılmış formaların sayındada nəzərəçarpan irəliləyiş əldə edilmişdir. 2010-cu illə müqayisədə bu xəstələrin sayı 2 dəfə azalmışdır (7,6% -dən 3,4 %-ə enmişdir).

 

Dərmanlara davamlı vərəmin yayılma səviyyəsində də müsbət nəticələr əldə edilmişdir. Əgər 2007-ci ildə bu formalı ilkin xəstələr ölkəmizdə Avropa ölkələri arasında ən yüksək qeyd edilirdisə, hazırda bu göstərici həm ilkin, həm də təkrar xəstələr arasında təxminən iki dəfə azalmışdır.

 

Qeydiyyata düşən xəstələr müalicəyə cəlb olunur və pulsuz qaydada bütün vərəməleyhinə dərmanlarla təmin olunur. Dərmanlara həssas xəstələr 100% hallarda müalicəyə qoşulur və onların müalicə effektivliyi yüksəlir.

 

Son illər hospitalizasiya üzrə göstəricilərdə də yaxşılaşma müşahidə olunur. Belə ki, 2017- ci ildə stasionarda keçirilən çarpayı günlərinin sayında, 2010-cu il ilə müqayisədə, 26% azalma müşahidə olunur.

 

Vərəmlə mübarizə xidmətinin qarşısında vərəmin ölkədə azalması və gələcəkdə ləğv edilməsi kimi ciddi məsələ durur, lakin əminik ki, ölkənin sosial yönümlü siyasəti, beynəlxalq qurumlarla əməkdaşlıq və Səhiyyə Nazirliyinin hərtərəfli dəstəyi ilə bu problem uğurla həll olunacaq.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

8/01/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..