Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi səyyar müayinə keçirib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Sumqayıt Şəhər İcra Hakimiyyəti birgə humanitar aksiya keçiriblər. Tədbir çərçivəsində Sumqayıtda dövlət müəssisələrində çalışan 200-ə yaxın əməkdaş tibbi müayinədən keçib.

 

Şəhər Səhiyyə Şöbəsinin inzibati binasının qarşısında Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının həkim briqadasının həyata keçirdiyi humanitar aksiyada şəhərdə fəaliyyət göstərən dövlət müəssisələri, hüquq mühafizə orqanları, ədliyyə və məhkəmə sistemində çalışanlar iştirak edib. Səyyar klinikaya müraciət edənlərin ilkin tibbi müayinəsi müasir diaqnostik avadanlıqlar vasitəsi ilə aparılıb.

 

Bəzi xəstələr daha dərin müayinə və müalicə üçün Milli Oftalmologiya Mərkəzinə göndərilib. Milli Oftalmologiya Mərkəzinin tibbi avadanlıqlarla təchiz olunmuş səyyar Mobil Diaqnostika Kompleksində aparılan müayinə tədbirləri günün sonuna kimi davam edib. Şəhər sakinləri də oftalmoloji müayinə aksiyasından yararlanıblar.

 

Cərrah-oftalmoloq Sidiqə Əliyeva qeyd edib ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yüksək ixtisaslı peşəkar həkim briqadası səyyar müayinə tədbirlərində böyük həvəslə iştirak edir. Məqsəd əməkdaşları işdən ayırmadan onlarda olan göz patologiyaları aşkar etmək, yerində lazımi yardım göstərmək və məsləhətlər verməkdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

7/02/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..