Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri genişləndirir

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdə səfərdə olan nümayəndəsi ilə görüşüb. DST-nin ictimai səhiyyə və səhiyyə sistemləri bölməsinin direktoru Hans Kluge ilə görüşdə əsasən Azərbaycan və DST arasındakı əməkdaşlığın gücləndirilməsində Tibb Universitetinin rolu müzakirə olunub.

 

Görüş zamanı direktor Hans Kluge Azərbaycanda əhalinin sağlamlığının qorunması sahəsində görülən işləri yüksək qiymətləndirib. O, DST ilə Azərbaycanın səhiyyə sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında uzun illik əməkdaşlıq mövcud olduğunu bildirib. Qonaq qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycan təmsilçiləri mütəmadi olaraq DST-nin keçirdiyi toplantılarda iştirak edirlər. Bundan əlavə, DST-nin ölkəmizdə ofisi də əməkdaşlığın genişləndirilməsi işində yaxından iştirak edir. Eyni zamanda, DST tərəfindən Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, ictimai sağlamlıq, uşaq və ana ölümünün qarşısının alınması və bir sıra digər məsələlərlə bağlı çoxsaylı layihələr həyata keçirilir. Hans Kluge Dünya Səhiyyə Təşkilatının bu əməkdaşlığı genişləndirilməsi işinə dəstək göstərməyə hazır olduğunu bildirib.

 

Qonağı salamlayan Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ölkəmizlə DST arasında sıx əməkdaşlıqdan məmnunluğunu bildirib və DST-nin Azərbaycan üzrə ofisinin bu işdə böyük töhfəsi olduğunu deyib. G.Gəraybəyli universitetin təmsilçisi qismində DST- tərəfindən təşkil olunan bir çox layihələrdə yaxından iştirak etdiyini deyərək gələcəkdə bu əlaqələrin daha da intensivləşdirilməsinin tərəfdarı olduğunu bildirib:

 

“Azərbaycanda səhiyyə və təhsil sahəsinin inkişafı naminə xeyli işlər görülməkdədir. Bu iki sahənin toqquşma nöqtəsində yerləşən Azərbaycan Tibb Universiteti müəyyən mənada bu prosesin aparıcı qüvvəsidir desəm, yanılmaram. Tibb təhsili sahəsində ən böyük dönüş nöqtələrindən biri ATU-nun rezidentura sisteminə keçidi oldu. Hazırda ATU-da ikipilləli təhsil sistemi mövcuddur”. G.Gəraybəyli ATU-da rezidentura pilləsi, rezidentlərin mübadilə proqramı və digər yeniliklər barədə Dünya Səhiyyə Təşkilatının təmsilçilərinə məlumat verdi.

 

Daha sonra ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov çıxış edərək universitetdə tətbiq edilən yeniliklərdən danışdı. Oonun sözlərinə görə, bir sıra islahatların həyata keçirilməsi üçün universitetdə xüsusi işçi qrupu da yaradılıb. Görüşdə o da qeyd olunub ki, artıq Azərbaycan Tibb Universiteti (ATU) Ümumdünya Səhiyyə Təşkilatının (DST) Kimyəvi Risklərin Qiymətləndirilmə Şəbəkəsinin üzvüdür.

 

Görüşdə iştirak edən DST-nin Azərbaycankı nümayəndəliyinin rəhbər Kamran Qaraxanov da təmsil etdiyi qurumla ATU arasında əməkdaşlıq üçün təşəkkürünü bildirdi. Qeyd etdi ki, hər iki tərəf bu münasibətlərin daha da sıxlaşması üçün çalışacaq. Görüş zamanı toplantı iştirakçıları Azərbacyanda tibb təhsilinin inkişafı, bu sahədə yeniliklərin uğurlu icrası üçün görüləsi işlər və gələcək planlar haqqında geniş müzakirə aparıblar.

 

Qeyd edək ki, Görüşdə rektorun müşaviri Zülfüqar Musabəyov da iştirak edib

1/03/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..