Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dağınıq skleroz xəstəliyi ilə əlaqədar dövlət proqramının təsdiq edilməsinə həsr edilmiş tədbir keçirilib

07.03.2018-ci il tarixində M.Mirqasımov adına Respublika Klinik xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 fevral 2018-ci il tarixli sərəncamı ilə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Respublika Klinik Xəstəxanasının Sinir xəstəlikləri şöbəsinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Nevrologiya kafedrasının əməkdaşları və digər mütəxəssislər iştirak ediblər.

 

Tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2012-ci il tarixli, 2542 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı”nın icrası ilə bağlı bir sıra işlər görülüb. 2018-ci ildə Dövlət proqramının müddəti bitdiyindən, növbəti 5 il üçün tədbirlər planı hazırlanıb Nazirlər Kabinetinə təqdim edilmişdir və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-2022-ci illər üçün tədbirlər planı təsdiq edilmişdir. Proqramda bu xəstəlikdən əziyyət çəkən insanlara dövlət dəstəyini təmin etmək məqsədi zəruri tədbirlərin icrası davam etdiriləcək.

 

Mütəxəssislər qeyd edirlər ki, dağınıq skleroz xəstəliyi bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual mövzularından biridir. Ölkəmizdə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyə tutulanların dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılması uçun bütün lazımi şərait yaradıb.

 

Dağınıq skleroz xəstəliyi nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çox ocaqlı pozulması ilə müşayiət olunan, proqressivləşən gedişli xroniki xəstəlikdir.

2013-2017-ci illər ərzində proqram çərçivəsində 1400-ə qədər xəstə müayinə olunmuşdur. Onlardan 1214 nəfərə dağınıq skleroz diaqnozu qoyulub və müvafiq preparatlarla Dövlətimiz tərəfindən tam təmin edilir. 170-dən çox xəstədə diaqnoz tamamilə inkar edilib. 500-ə qədər xəstəyə Avonex preparatı, 200-ə qədər xəstəyə Mitoksantron preparatı təyin edilmiş, ehtiyac olduqda xəstələr ümumilikdə 20 ada qədər preparatla təmin edilmişdir.

Bu illər ərzində RKX dağınıq sklerozun mərhələsini təyin etmək məqsədi ilə lazımi tibbi ləvazimatlar – tomoqrafiya plyonkaları və laborator reaktivlər ilə təmin edilmişdir.

 

Hal-hazırda proqram çərçivəsində tibb işçilərinin bu sahədə təkmilləşdirilməsi, habelə əhali arasında bu xəstəliyə dair maarifləndirmə işinin təşkili də davam edir.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasında həkimlərin periodik təkmilləşdirmə kurslarında həkim nevropatoloqlara (200-ə qədər) dağınıq skleroz xəstəliyinin diaqnostikası, müalicəsi və reabilitasiyası barədə mühazirələr, seminar və praktik məşqələlər keçirilmişdir.

 

30 aprel 2013-cü ildə, 20 iyun 2014-cü ildə Nevroloqların Milli Assosiasiyası ilə birgə Türkiyənin aparıcı mütəxəssislərinin iştirakı ilə tibb bacılarına Avonex preparatının inyeksiya metodikası ilə bağlı təlim kursu keçirilmişdir.

Həmçinin, Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının, Azərbaycan Tibb Universitetinin Nevrologiya və Tibbi genetika kafedrasının və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları ilə birgə “Dağınıq skleroz üzrə klinik protokol” hazırlanmışdır.

13-14 Dekabr 2013-cü ildə Türkdilli Dövlətlərin I Beynəlxalq Nevrologiya Kongressi çərçivəsində Dağınıq skleroz xəstəliyi haqda xüsusi bölmədə Azərbaycan, Türkiyə və Kazaxıstandan aparıcı mütəxəssislərin iştirakı ilə çıxışlar dinlənilmişdir.

Nevroloqların Milli Assosiasiyasının görüşləri zamanı Respublikanın nevroloqlarına dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi barədə mühazirələr oxunmuşdur.

Ə.Əliyev ad. AzDHTİ-nin sinir xəstəlikləri kafedrasının, ATU-nun Nevrologiya və Tibbi genetika kafedrasının əməkdaşları ilə birgə “Dağınıq sklerozun klinikası və diaqnostikası” üzrə tədris vəsaiti hazırlanmışdır və 2015-ci ildə vəsait çap edilmişdir. İSİM-nin əməkdaşları ilə həkimlər üçün 1000 tirajda plakat və əhalini maarifləndirmək üçün 2400 nüsxə bukletlər (dağınıq skleroz haqda 10 mif) çap edilib paylanılmışdır.

Nevroloqların Milli Assosiasiyasının görüşləri zamanı, ayda 1 dəfə olmaqla 20-25 nəfərdən ibarət qruplarda respublikanın nevroloqlarına dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi barədə mühazirələr oxunmuşdur.

16-17 mart 2017-ci ildə AzDHTİ-də Nevroloqların milli assosiasiyası Azərbaycan nevroloqlarının 7-ci konfransını keçirmişdir. Konfransda Dağınıq skleroz xəstəliyinə hasr edilmiş sessiyada assosiasiyanın prezidenti və proqramın rəhbəri professor R.K.Şirəliyeva kafedranın əməkdaşları ilə dövlət proqramı haqda əldə edilən nailiyyətləri həkimlərin nəzərinə çatdırmışdır. Professor R.K.Şirəliyeva və t.ü.f.d. R.R.Əliyevin iştirakı Qazaxstanın paytaxtı Almaatada keçirilən Türkdilli dövlətlərin II beynəlxalq nevrologiya kongressində dağınıq sklerozlu xəstələrin müalicəsinin nəticələri və dağınıq sklerozun diferensial diaqnostikası adlı çıxışlar edilmişdir və konqress materialları Azərbaycan Milli Nevrologiya Jurnalının xüsusi nömrəsində çap edilmişdir.

Proqram çərçivəsində xəstələrin qəbulu, müayinə və müalicəsi dövlət proqramı komissiyasının üzvləri tərəfindən RKX-da fasiləsiz aparılır və növbəti 5 il üçün də tədbirlər planının aktiv aparılması nəzərdə tutulmuşdur.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

7/03/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..