Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səbail rayonunda əhalinin profilaktik tibbi müayinə tədbirləri davam etdirilir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 12-dən başlayaraq respublika vətəndaşlarının tibbi müayinədən keçirilməsi tədbirləri regionlarla yanaşı, Bakı şəhərində də yüksək səviyyədə davam etdirilir. 

 

Tibbi müayinələrin gedişatına həsr olunmuş tədbir bu gün 1 nömrəli Şəhər Poliklinikasında keçirilib. Baş həkim Kübra Cabbarova KİV nümayəndələrinə tibbi müayinənin effektiv keçirilməsi üçün poliklinikada lazımi şəraitin yaradıldığını bildirib. Diqqətə çatdırıb ki, idarə və təşkilatlarda tibbi xidmətlərin göstərilməsi, habelə birbaşa evlərdə yataq xəstələrinin müayinə edilməsi məqsədilə həkim briqadaları yaradılıb. Bu günədək 1 nömrəli Şəhər Poliklinikasında 6783 nəfər tibbi müayinədən keçib.

 

K.Cabbarova qeyd edib ki, ultrasəs, laboratoriya, rentgen, exokardioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin ilkin mərhələdə aşkar olunmasına imkan yaradır. Müayinələr zamanı sakinlərdə əsasən arterial təzyiq, şəkərli diabet, qan xəstəlikləri, ürək-damar sistemi, nəfəs yolları və oynaq xəstəlikləri aşkar edilib. Həmin vətəndaşlara ambulator və stasionar müalicə təyin edilib, onlar dispanser qeydiyyatına götürülüblər. Mütəxəssislər onlara müalicə kursları təyin ediblər.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

13/03/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..