Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İSİM Hindistanda “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı”nda təmsil olundu

2018-ci il mart ayının 20-dən 24-dək “Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (İTEC)” tərəfindən Hindistanın Çandigarh şəhərində “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı” mövzusunda təlim keçirildi. Təlimdə iştirak etmək məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Şəhla Mirzəzadə Hindistanın Çandigarh şəhərinə ezam olundu.

 

Təlim çərçivəsində ictimai səhiyyə idarəetməsinin əsasları, səhiyyənin elektronlaşdırılmasının əhəmiyyəti, ictimai səhiyyədə səhiyyə siyasətinin formalaşdırılması, səhiyyədə liderlik, qrup işinin və layihə idarəetməsinin əsasları, səhiyyə idarəetməsi üzrə fəaliyyət planının hazırlanması mövzusunda bir sıra təlim və qrup işləri keçirildi.

 

Qeyd edildi ki, Hindistan kimi digər İTEC ölkələri də qeyri-infeksion xəstəliklər (ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xronik obstruktiv ağciyər xəstəlikləri və şəkərli diabet), həmçinin təhlükəli HİV, vərəm və malyariya xəstəliklərinin müalicəsi və onların qarşısının alınması istiqamətində geniş işlər görür. Ona görə də, bu ölkələrdə ictimai səhiyyə problemlərini həll etmək üçün səhiyyə işçilərinin biliklərinin təkmilləşdirilməsinə böyük ehtiyac var.

 

Beş günlük təlim çərçivəsində mövcud ictimai səhiyyə problemlərinin səmərəli həlli üsulları və ictimai səhiyyədə işçi qüvvəsinin potensialını artırmaq üçün prioritet məsələlər müzakirə olundu. Proqramın sonunda iştirakçılara “V Beynəlxalq ictimai səhiyyənin idarə edilməsinin inkişafı proqramı” sertifikatı təqdim olundu və gələcək qarşılıqlı əlaqə mübadiləsi yaradıldı.

 

Təlim proqramı çərçivəsində təşkil olunmuş mədəni-maarifləndirici “Ölkə təqdimatı” gecəsində Azərbaycanın gözəlliklərini, milli-mənəvi dəyərlərini, mədəni irsini proqram iştirakçılarına çatdıran İSİM-in nümayəndəsi “Best cultural performance” və “Best selfie” mükafatlarını da qazandı.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

4/04/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..