Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Səhiyyədə Müasir Nailiyyətlər” mövzusunda konfrans keçirilib

Bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş “Səhiyyədə Müasir Nailiyyətlər” mövzusunda konfrans keçirilib. 

Tədbirdə əvvəlcə akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.

 

Tədbirdə qeyd edilib ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolunu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin müalicə edilməsi, unikal və mürəkkəb əməliyyatların icrası, yeni metodların tətbiqi əhalinin sağlamlığının qorunması istiqamətində əsaslı inkişafa təkan vermişdir.

Konfransın məqsədi əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsinin aparılması və sonradan bu məlumatların ictimaiyyətə çatdırılmasıdır. Bütün çıxışlar məqalə və ya tezis olaraq, kitab şəklində çap ediləcəkdir.

 

Tədbirdə çıxış edən mərkəzin baş həkimi Könül Xəlilova akademik Zərifə xanım Əliyevanın elmi nailiyyətləri, onun peşəkar həkim, fəal ictimai xadim olması barədə danışıb. Həmvətənlərinin qayğısına qalan humanist insan Zərifə xanım Əliyevanın həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə yanaşı həm də nümunəvi bir həyat yolu keçib.

 

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi mühüm töhfələrdən danışan baş həkim bildirdi ki, Zərifə xanım dəyərli elmi əsərlərin müəllifi olmaqla bərabər, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni nəsil həkimlərin yetişməsində də böyük xidmətlər göstərib. Ötən əsrin 30-40-cı illərində Azərbaycanda tüğyan edən traxoma xəstəliyi 50-ci illərdə də geniş yayılmışdı. Akademikin bütün diqqəti digər göz problemləri ilə yanaşı, həm də bu xəstəliklə mübarizəyə yönəlmişdi. O, Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzir, əhali arasında məqsədyönlü söhbətlər aparır, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirirdi. Zərifə xanım ölkəmizdə traxoma əleyhinə işlədilən mövcud dərman preparatları ilə yanaşı, güclü antibiotik sayılan sintomisindən istifadənin ilk təşəbbüskarı oldu və kompleks şəkildə tətbiq edilən bu müalicənin effektli nəticələri tezliklə özünü göstərdi. Traxomanın ləğvi istiqamətində yorulmadan aparılan intensiv elmi axtarışlar, əldə edilən nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyasının dayaq nöqtəsini təşkil etdi. O, 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü”.

 

Eyni zamanda, tədbirdə Akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru, professor Elmar Qasımov, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkim Könül Xəlilova, Oftalmologiya şöbəsinin müdiri Xəlil Hüseynov, Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrah Əhməd Məmiş, VitreoRetinal Göz cərrahı Tural Qəlbinur, Cərrah-uroloq, transplantoloq Rəşad Şolan, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasından, professor Şərif Mahalov, Azərbaycan Tibb Universiteti, Tədris-Terapevtik Klinikasının professoru Sahib Musayev və digər mütəxəssislər çıxış ediblər.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

6/04/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..